İşsizlər üçün yaradılan sistem ÇÖKDÜ - SƏBƏB
    • 7-04-2020, 13:16
    • 5 726

İşsizlər üçün yaradılan sistem ÇÖKDÜ - SƏBƏB

“İşsizəm, həyat yoldaşım vəfat edib, bir uşağım var. Yeni qərara çox sevindim. Amma işsiz kimi qeydiyyata düşmək üçün www.e-sosial.az portalına daxil olmaq istədim, alınmadı. Hətta telefonda "play market" lə də cəhd etdim, yenə də cəhdim boşa çıxdı. Bilmirəm mən düzgün istifadə edə bilmirəm, yoxsa, sayt işləmir”. 

Bu, Aydan Əliyevadır. Bu məsələ ilə bağlı müraciət edən yalnız Aydan deyil, News24.az-a son iki gündə işsiz kimi qeydiyyatdan keçmək istəyən çoxlu sayda şəxsin şikayəti daxil olub. 

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov News24.az-a açıqlamasında məsələyə belə aydınlıq gətirib: “Aid oldu-olmadı hər kəs sistemə daxil olmağa çalışır. Ona görə də yüklənməyə səbəb olub. Hazırda əməkdaşlar saytın üzərində çalışırlar. Çalışırıq ki, qısa müddət ərzində bərpa edək. Yenə də deyirəm, son 2 gündə 190 manat məbləğində birdəfəlik ödəməni almaq məqsədilə işsiz kimi qeydiyyata alınmaq üçün vətəndaşlar tərəfindən elektron sistemə daxil olan müraciətlərin təhlili göstərir ki, bir çox hallarda bu müraciətlər qanunvericiliklə işsiz statusuna uyğun olmayanlar (hətta faktiki iş yeri, qazancı olanlar) tərəfindən edilir. Bu barədə  məşğulluq haqqında qanunvericiliyə əsasən, işi və qazancı olmayan, işsiz kimi qeydiyyata alınan əmək qabiliyyətli şəxs – işsiz şəxs hesab olunur”. 
Nazirlik sözçüsü onu da əlavə edib ki, sayt bərpa edildikdən sonra, insanların sistemdən istifadə etməsi üçün  maarifləndirici videoçarx da təqdim ediləcək. 

Qeyd edək ki, qanunla aşağıdakı şəxslər məşğul şəxslər hesab olunduğundan onlara işsizlik statusu verilmir: 
 Muzdla (əmək müqaviləsi ilə) işləyənlər;
 Mülki-hüquqi xarakterli (xidməti) müqavilələrlə işləyənlər;
 Sahibkarlar (VÖEN-i olanlar);
 Mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar (müvafiq dövlət aktı və çıxarışı olanlar);
 Əyani təhsil alan tələbələr
 Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edənlər və b.

Məşğulluq xidmətləri tam elektronlaşdırılıb və işsiz şəxslərin qeydiyyatı da elektron şəkildə aparılır. Eyni zamanda, hazırda pandemiya ilə əlaqədar karantin rejimi olduğundan Məşğulluq Mərkəzlərində də vətəndaş qəbulları dayandırılıb.
İşsiz şəxslərin qeydiyyatı elektron sistem - www.e-sosial.az portalındakı "e-xidmətlər" bölməsində “Vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması, qeydiyyatdan müvəqqəti çıxarılması və qeydiyyatın ləğv edilməsi” e-xidməti tərəfindən aparılır.
Birdəfəlik ödəmənin hazırda dövlətdən sosial ödəniş alanlar istisna olmaqla, ünvanlılıq prinsipi əsas götürülərək pandemiya dövründə zərərçəkən işsizlər alacaq. Yəni birdəfəlik ödəmənin işsiz olan və məhz heç bir gəliri olmayan şəxslərə verilməsi nəzərdə tutulur.  
Xüsusi karantin rejimi tətbiq edildiyi dövrdə elektron sistemdə yüklənmələrin artmaması və müraciətlərə operativ baxılması məqsədi ilə bu gün ölkənin şəhər və rayonları üzrə müraciət qrafiki açıqlanacaq və yuxarıda qeyd olunan işsiz statusuna uyğun gələn şəxslər elektron qaydada müraciətlərini edə bilərlər.
 
Afaq Mirayiq