Uşaqlar evdə dərsdən yayınır- VALİDEYNLƏR STRESSDƏ-ÇIXIŞ YOLLARI
    • 9-04-2020, 21:06
    • 1 537

Uşaqlar evdə dərsdən yayınır- VALİDEYNLƏR STRESSDƏ-ÇIXIŞ YOLLARI

Karantin müddəti bir az da davam eləsə, yəqin dəli olacam. Iki uşağım var, biri 3-cü sinifdə oxuyur, biri də 5 yaşındadır. Qızımı evdə dərs oxumaq istəmir, bəhanə axtarır ki, yayınsın. Özüm də evdən işlədiyimə görə, bütün günümü ona sərf edə bilmirəm. 5 yaşlı oğlum da səhərdən axşama qədər televizora baxır. Bilmirəm nə edim ki, uşaqlarımı dərsə meyilləndirim”. 


Bu, Hüsniyyə Əliyevadır. News24.az-a danışan valideyn övladının təhsildən geri qalmasından narahatdır. Bu isə 3 uşaq anası Zemfira Məmmədovadır. O da övladlarının dərsdən geri qaldığını deyir: “Böyük qızım 8-ci sinifdə oxuyur. Dərsləri çox çətindir, öyrədə bilmirəm. TV-də gedən dərs vaxtına da baxmır, deyir, orda elə bil nağıl danışırlarmən başa düşmürəm. Müəlliməsi də dərsləri “Vatsap”la  göndərir, amma yenə də evdə məktəbdəki kimi oxumur. Heç olmasa, müəllim yanına göndərirdim, indi onu da edə bilmirik. Bilmirəm, bu uşağı dərs oxumağa necə məcbur edim”.  

Son vaxtlar News24.az-a bu səpkidə şikayətlərin sayı artıb. Valideynlər xüsusi karantin rejimində övladlarını dərsə cəlb etməyin yollarını axtarır. 

Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədovla danışdıq.


Məşhurları cəlb edək

Ekspert də deyilənlərlə razılaşdı: Mart ayının 3-dən etibarən ölkənin 4447 orta ümumtəhsil məktəbində təhsil alan 1.5 milyon şagird ev şəratində  bu prosesin tərkib hissəsinə çevrildi. Əvvəllər şagirdlərlə 151 min müəllim gün ərzində çalışırdısa, artıq bu valideynlərin öhdəsinə düşüb. Burda bir neçə maraqlı məqam var. Bütün ailələrdə bir uşaq yoxdur. Elə ailə var 2-3 və daha çox məktəbli var. Bu müxtəlif yaş həddində olduğu üçün valideynlər onlara eyni səviyyədə yardımçı ola bilmir. Həm proqramın ağırlığı özünü göstərir, həm də valideynlərin evdə gündəlik qayğıları buna mane olur. Tədrisin ənənəvi üsulla onlayn üsulunu keyfiyyət baxımından müqayisə etsək, ciddi fərq olduğunu görəcəyik. Əvvəllər biz şagirdlərin zəif olduğundan şikayət edirdiksə, indi ümumiyyətlə bunun çox aşağı olduğunu görə bilərik. Düzdür, mart ayının 11-dən etibarən Təhsil Nazirliyi “Teledərs” layihəsi ilə, aprel ayının 2-dən isə “Virtual məktəb” layihəsi ilə müəyyən qədər bu boşluğu doldurmağa çalışır. Amma bu yetərli deyil. Burda çatışmayan bir neçə məqam var. Biri ondan ibarətdir ki, bu resurslar şagirdlərə əlçatımlı deyil. Misal üçün “Teledərs” layihəsi bütün vaxtlarda şagirdlər üçün izlənməyə maraqlı olmur. Çünki müəllim orda sanki mühazirə deyirmiş kimi danışır. Amma orda maraqlı üsul və vasitələrdən istifadə etmək olar. Misal üçün ədəbiyyat dərsində əgər mövzu Anar, yaxud hansısa müasir yazıçıdırsa, onun özünü çağırıb əsərlərindən danışardı ki, uşaqlara maraqlı olsun. Yaxud musiqi dərsinə məşhur müğənnilərdən çağırıb oxumasına çalışmaq olardı. Eyni zamanda rəsm dərsinə məşhur rəssam, yaxud, kimya, fizika, bilogiya dərslərinə AMEA-dan akademikləri çağırmaq olardı. Akademiklər orta məktəb dərsliyi haqqında izahat versəydilər, daha cəlbedici ola bilərdi”. 

Hesabatlılığın olmaması şagirdlərdə səhlənkarlıq yaradır

Təhsil eksperti onu da vurğulayıb ki, ikinci məsələ şagirdlərin biliyinin hesabat yönümlü olmamasıdır: “Tutaq ki, müəllimənin verdiyi bir həftəlik dərs ümumi müəllimin tələbidir. Yaxşı olardı ki, Təhsil Nazirliyi hər bir şagirddən bu və ya digər formada gündəlik dərs prosesində əldə etdiyi bilik və bacarıqlarla bağlı hesabat istəsin. Bu necə ola bilər: Məsələn, şikayət ola bilər ki, heç də bütün valideynlərin planşeti, noutbuku yoxdur. Bu yalançı bəhanədir. Necə olur, “ASAN Xidmət” çölə çıxmaq üçün 8103 nömrəsini icad elədi və hətta qısa müddət ərində bir milyondan çox insan bundan istifadə elədi, deməli, mümkündür. Tutalım, nazirlik hər hansı bir teledərs keçirsə, dərsdən sonra verilmiş informasiya ilə bağlı ekranda ya da monitorda suallar olsun, şagirdlər ora a,b,c,d yazmaqla öz məktəbinin adını daxil edir, SMS- lə cavab verə bilər. Bu zaman uşaqlarda məsuliyyət hissi olacaq. Bu prosesdə hesabatlılığın və nəticəyönümlülüyün olmaması şagirdlərdə səhlənkarlıq yaradır. Biz məşhur insanları cəlb etməklə, eyni zamanda hesabatlönümlü olaraq şagirdlərdə maraq oyada bilərik. Hər gün 1 -11 ci siniflərə ayrıca 20 dəqiqə vaxt ayırmaqla suallar və cavablar verilməlidir ki, bütün ölkədəki şagirdlər prosesin iştirakçısı olsunlar. Bu gün evində TV olmayan aillərə çox azdır. Mobil telefon olmayan ailələr də çox azdır.  Yəni uşaqlar dərsin yarısını ekrandan, yarısını da məcbur olub kitabdan axtaracaqlar”. 

Uşaqların qrafiki dəyişməməlidir- Psixoloq


News24.az 1 saylı psixiatriya xəstəxanasının psixoloqu İlahə Dadaşova ilə danışaraq valideynlərə bir sıra məsləhətlər alıb. Psixoloqun sözlərinə görə, evdə olduqları üçün bu müddəti uşaqlar tətil kimi qavrayırlar: 


Birinci növbədə bu qavramanı aradan qaldırmaq lazımdır. Danışaraq onların üzərinə o məsuliyyəti qoymaq lazımdır. Tətil olsa da, olmasa da uşaqların qrafiki dəyişməməlidir. Həmişə valideynlərə bildiririk ki, əgər uşaqların dərsə qayıdanda əziyyət çəkməyini və ya evdə olanda əziyyət çəkməyini istəmirsizsə, məktəbə gedəndə səhər yuxudan neçədə durudusa, eyni saatda oyanmalıdırlar. Istirahət saatları da neçədə idisə, hansı saatda yemək yeyirdisə, eyni qrafiklə davam etmək lazımdır. Bu zaman uşaqlar tətil abu-havasına girmirlər. “Biz tətildəyik, gecə saat ikidə yata bilərik” formasında olmaz. Dərsə gedəndə yatma saatı neçədə idisə, bu gün də o saatda yatmalıdır. Istər-istəməz tətil abu havasından çıxdıqları zaman, dərs saatına da onları cəlb etmək asan olacaq. Düzdür, məktəbdəki kimi, 45 dəqiqə tam otuzdura bilmərik, ev şəraitidir, arada fasilələrlə etmək olar. Zehni yorğunluğu fiziki yorğunluqla çıxara bilməliyik. Və ya əksinə. Balansı eyni tutmağa çalışmaq lazımdır. Uşağı bir saat otuzdura bilmərik, onda zehni yorğunluq yaranacaq. Təbii ki, uşaq dərsdən bezəcək. Uşağın fərdi xüsusiyyətini də nəzərə almaq lazımdır. Valideynlər bunu bilir, elə uşaq var yarım saatdan sonra, eləsi də var ki bir saatdan sonra yorulur. Valideyn uşağını tanıyaraq vaxt bölgüsünü də ona  uyğun  aparmalıdır”. 

İ.Dadaşovanın sözlərinə görə, bu zaman uşağa ya fiizki iş buyurmaq, ya da onun üçün oyunlar keçirmək olar. Bundan sonra yenidən dərsə qayıtmaq olar. Bu qrafiki tutaraq uşaqları dərsə cəlb edə bilərsiz. Elə uşaqlar var ki, məktəbdə də dərsə maraq göstərməyiblər, indi evdən də sıxılır. Bunun üçün ailə saatları olmalıdır. Bu dəqiqə çox ailələrdə atalar, analar evdədi. Uşaqlarla oyun saatları təşkil etsinlər. Birlikdə də dərsə otursunlar. Bu uşaqlarda daha çox motivasiya yaradır. 

Bizə onlayn şəkildə valideynlər müraciət edirlər ki, oxumağa həvəsi olmayan uşaqlarla indi daha çətindir. Belə uşalqarla hər şeyi birgə etmək lazımdır, demək lazımdır ki, gəl, bir yerdə dərsləri də oxuyaq. Evdə olduqlarına görə, valideynlər uşaqları sərbəst buraxıblar. Yenə də qrafik məsələsinə gəlirik. Uşaq gün ərzində o qədər istədiyini edir, valideyn də deyəndə ki dərsini oxu, təbii ki tabe olmaq istəmir. Nə olsun ki, evdədirlər, onlara tam sərbəstlik vermək olmaz”. 


Afaq Mirayiq