"Özümüzü ön cəbhədəki kimi hiss edirik" - MAİS AGAYEV
    • 21-04-2020, 19:48
    • 936

"Özümüzü ön cəbhədəki kimi hiss edirik" - MAİS AGAYEV

News24.az saytının yeni layihəsi olan "Ülkər Rəşidqızı ilə karantində"nin növbəti qonağı Bakı Nəqliyyat Agentliyinin Mətbuat Xidmətinin rəhbəri Mais Ağayev olub.  

Qurum sözçüsü son zamanlar ictimai nəqliyyatla bağlı sakinləri maraqlandıran sualları cavablandırıb:
 
- Karantin dövründə gərgin iş rejimində çalışırsınız. Məsuliyyət və yükünüz daha da artıb. Çətin deyil ki?

-    Təbii ki, ölkədə xüsusi rejimli karantin dövrü elan olunandan bəri, hətta ondan öncə də  sosial izolyasiya tədbirləri həyata keçirilir. Ümumiyyətlə, epidemik vəziyyətlə bağlı addımlar atılmağa başlayandan təmsil etdiyim qurum - Bakı Nəqliyyat Agentliyi də fəaliyyətini xüsusi rejimdə qurub. Xatırlayırsınızsa, hələ 2018-ci ilin iyul ayında elektrik böhranı zamanı da şəhər nəqliyyatı belə bir sınaqdan keçmişdi. Əvvəlki illərin təcrübəsinə əsaslanaraq, agentliyin mütəxəssisləri tərəfindən dərhal mümkün sutuasiyalarda şəhər nəqliyyatı, xüsusən də ictimai nəqliyyatın fəaliyyətinin necə tənzimlənməsi ilə bağlı tədbirlər planı hazırlandı.

Əvvəlcədən həyata keçirilən tədbirlər planının nəticəsi idi ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən istər xüsusi karantin rejiminin elan olunması, istərsə də hərəkət məhdudiyyətlərinin tətbiq olunması ilə bağlı qərarlar qəbul olunan kimi onlar dərhal icra olunub. 

Bir məsələni qeyd etmək istəyirəm ki, Bakı Nəqliyyat Agentilinin fəaliyyəti təkcə gündəlik müntəzəm marşrut xəttlərinin və ekspress xəttlərin fəaliyyətin təşkil edilməklə yekunlaşmır. Biz, fevral ayının sonundan əks epidemik tədbirlərin həyata keçirməyə başlamışıq. Bu işlər bu gün də davam etdirilir. Hər gün 36 qarajdan 30 daşıyıcının istismarında olan 2100 avtobus təmizlənir, dezinfeksiya olunur. 

Əməkdaşlarımız həmin işlərə ciddi nəzarət edir. Eyni zamanda gün ərzində ətraf qəsəbələr istiqamətində fəaliyyət göstərən avtobuslara, və dayanacaq məntəqələrinə nəzarət tədbirləri həyata keçirilir.

-    Bildiyimiz qədər, karantin rejimi müddətində ictimai nəqliyyat zərərlə işləyir. Ümumiyyətlə, bu, necə tənzimlənəcək və dəyən ziyan necə qarşılancaq?

-     Təbii ki, dövlət başçısının müvafiq fərman və sərəncamlarına uyğun olaraq, koronavirus pandemiyası ilə əlaqədar zərər çəkmiş sahələrə dövlət tərəfindən dəstək göstərilir. O cümlədən, nəqliyyat sahəsində çalışan sahibkarlara dəstək göstəriləcək. Lakin mən bir vacib məsələni nəzərinizə çatdırmaq istəyirəm. Çox sevindirici haldır ki, müntəzəm sərnişindaşıma fəaliyyəti ilə məşğul olan bütün sahibkarlar BNA-nın ilk gündən onlar qarşısında qoyduğu tapşırıqlara çox çevik reaksiya verdilər. Baxmayaraq ki, sərnişin sayında 60-70 faiz azalma müşahidə olunub, istər xəttə çıxan avtobusların sayında, istər onların iş qrafikində hər hansı bir dəyişiklik olmayıb. Daşıyıcılar əvvələr gündəlik xəttə nə qədər avtobus çıxarırdılarsa, bu gün də həmin sayda avtobus çıxarırlar. Siz özünüz də fikir versəniz görərsiz ki, yalnız səhər və axşam saatlarında avtobuslarda müəyyən sıxlıqlar olur. Gündüz saatlarında isə seyrəklik müşahidə olunur. Buna baxmayaraq, avtobuslar yenə də çalışırlar. Bu gün istər sərnişindaşıma sahəsində çalışan daşıyıcıları, istərsə də Bakı Nəqliyyat Agentliyini qayğılandıran əsas məsələ üzərimizə qoyulan tapşırıqları yerinə yetirmək, cəmiyyətimiz, bu çətin durumdan çıxmağımız üçün vacib olan həyatı əhəmiyyət kəsb edən sahələrdə çalışan insanların daşınmasını operativ və rahat formada həyata keçirməkdir. 

-    Xüsusi ekspress xəttləri tələbatı ödəyirmi?

-     Yeddi ekspress xətii fəaliyyət göstərir. Təəssüf ki, sərnişin sayında hər ötən gün artım müşahidə edirik. 

-    Bu nə ilə əlaqədardır? Vətəndaş məsluliyyətsizliyi, yoxsa bunun başqa bir səbəbi var?

-    Səhər saatlarında Koroğlu Nəqliyyat Mübadilə mərkəzində insanlar arasında keçirdiyim sorğudan bəlli oldu ki, əksəriyyət SMS-lə, yəni icazə ilə çölə çıxıb. Bu səbəbdən də vətəndaşlarımızı bir qədər anlayışlı və diqqətli olmağa çağırıram. SMS-lə icazə alanda xəstəxanaya getmək istisna olmaqla, digər hallarda vacib deyilsə, gündüz saatlarında çölə çıxsınlar. İşə gedənlərlə bağlı vəziyyət isə aydındır. Yaxşı olar ki, SMS məsələsindən sui-istifadə etməsinlər və çətinlik yaratmasınlar. Minlərlə sürücü bu gün istənilən çətinliyə baxmayaraq, özlərinin, ailələrinin həyatlarını riskə atırlar, yoluxmanı gözə alırlar. Onların bir məqsədi var, o da dövlətin həyata keçirdiyi mübarizə tədbirlərinə dəstək olmaq. 
Artıq 20 gündür ki, metronun fəaliyyəti dayandırılıb və yeganə ictimai nəqliyyat marşrut və 7 ekspress xəttləridir. Aprel ayının 1-i ümumilikdə 614 min 142 sərnişin daşınıb.  Sonrakı günlərdə bu rəqəmlər 500, 400 və 1000 arasında dəyişib. 

-    Bu əsasən, hansı ərazilərə daha çox gediş-gəliş müşahidə olunur?

-    Səhər saatlarında əsasən, Qara Qarayev prospekti boyunca bütün metro stansiyaları - Həzi Aslanov stansiyasından başlamış, Əhmədli, Xalqlar Dostluğu, Neftçilər, Qara Qarayev, Koroğlu istiqamətində, daha sonra Nizami metrostansiyası, Elmlər Akademiyası və  İnşaatçılar səmtində sıxlıq müşahidə olunur. Axşamlar isə tam əksinə, Axundov bağı istiqamətində axın olur. Ötən həftənin cümə günü - aprelin 17-də ən çox sərnişin sayı qeydə alınıb. Bu rəqən 511 min 604 nəfərdir. Aprelin 18-də isə 440 min 168 nəfər qeydə alınıb. Bazar günü bu rəqəm 308 min 555 -ə olub. Bu həftə sonu üçün çox böyük rəqəmdir. Parklar, əyləncə və mərkəzlərinin bağlı olmasına baxmayaraq, sərnişin axınında ciddi artım müşahidə olunur. Ümumilikdə 1-19 aprel tarixləri arasında 8 milyon 350 mindən artıq sərnişin danınması həyata keçirilib. 

-    Maraqlıdır, belə vəziyyətlərdə xarici ölkələrdə ictimai nəqliyyatın işi necə tənzimlənir? 

-    BNA İctimai Nəqliyyat Assosiasiyanın üzvüdür. Həmin təşkilata üzv olan və şəhərlərində karantin, yaxud fövqəladə rejimlər tətbiq olunan ölkələr arasında ictimai nəqliyyatla bağlı ən yümşaq tədbirlər bizdə həyata keçirlib. Çünki bizim üçün ən vacib olan həyat əhəmiyyətli sahələrdə çalışan insanların daşınmasını təmin etməkdir. Bizim vətəndaşlarımız da məsələyə məhz bu cür yanaşsalar, çətinliklərimiz  olmaz. Bir daha qeyd edirəm, nəzərə alsalar ki, belə çətin günlərdə bu gün minlərlə insan öz həyatını riskə atıb bu işdə çalışır, əmək sərf edirsə, demək burda məqsəd adi günlərdə olduğu kimi rahat şəkildə avtobusa minək və istifadı etmək deyil. Burada əsas məsələ bizim üçün çalışan, cəmiyyətin ayaqda durması üçün vacib olan insanların daşınmasını təmin etməkdir. 

-  Siz işə necə gedib-gəlirsiniz? Şəxsi avtomobilinizlə?

-    Qəribə səslənsə də, deyim ki, təəssüf, avtomobil idarə edə bilmirəm. Buna görə mən də ictimai nəqliyyatdan istifadə edirəm. Ən çox istifadə etdiyim marşrut xətti də Günəşli qəsəbəsinə gedən 50, 64 və 24 nömrəli avtobuslardır. 

-    Bir ara "Baku bus"larda qoyulan dezinfeksiya edici məhlullardan səliqəsiz istifadə olunmasından və israf edilməsindən şikayətlənmişdiniz. İndi vəziyyət necədir? 

-    Marşrut avtobuslarında kiçik dezinfektorların qoyulması hər hansı bir qanunveriliyicin tələbi deyildi. Bu dezinfektorlar BNA-nın təşəbbüsüylə qoyulub. Dayşıyıcılar tərəfindən dərhal bu məsələyə reaksiya verildi və bütün avtobuslarda qablar quraşdırıldı. Həm də heç bir sərnişinə 1 dəfə istifadə etməklə bağlı qadağa qoyulmayıb. Boşalan qablar isə son dayanacaqda təkrar doldurulur. Amma təəssüf ki, qablar əksər hallarda bilərəkdən sındırılır. Bununla bağlı görüntüləri də yayımlamışdıq. Hətta gün ərzində 50-dən artıq avtobusda həmin qablar yararsız hala salınmışdı. 

-    Karantin rejimində sürücülərin iş rejimi necə həyata keçirilir?

-    Sürücülərin işə gəlməsində hər hansı bir dəyişiklik yoxdur. Yalnız onların sağlamlığı ilə bağlı məsələyə çox diqqət olunur.  Əgər sürücünün hər hansı bir narahatlığı varsa, işə çıxmasına icazə verilmir. BNA-ya tabe qurumlarda da müəyyən növbəlilik təmin olunub. Elə şöbələr var ki, bütün əməkdaşların işə gəlməsi vacib deyil. Maraqlı məqamdır ki, sürücülər bu günlərdə daha həvəslə işləyirlər. Yəqin ki, bu da onlarla keçirdiyimiz maarifləndirmə söhbətlərinin nəticələridir. Onlar özlərini ön cəbhədə mübarizə aparan insanlar kimi hiss edirlər. Epidemiya bir düşməndir. Bu gün biz dövlət, cəmiyyət və millət olaraq bununla mübarizə aparırıq. Ona görə bu gün hər kəs, istər nəqliyyat sistemində çalışan xadimə, istərsə də sürücü vəzifəsindən və mövqeyindən asılı olmayaraq, bu mübarizədə qatqısının olmasını istəyir. 

-    BNA dövlət qurumudur. Bəs, özəl daşıyıcı şirkətlər üçün dövlət dəstəyi olacaqmı?

-   Hazırda bu məsələ müzakirə olunur. Dövlət tərəfindən hansı sahələrdəki sahibkarlara dəstək həyata keçirilməlidir, bununla bağlı dövlətin müvafiq qurumları ilə birgə BNA tərəfindən iş aparılır. Düşünürəm ki, bu məsələ ilə bağlı hər hansı problem olmayacaq. Bu gün sahibkarları bu məsələ qayğılandırmır. Düzdür, post karantin dövründəki fəaliyyətin tənzimlənməsi üçün o dəstək olduqca vacibdir. Amma, onlar bu gün üçün bilirlər ki, üzərlərində məsuliyyət var. Hər kəs çalışır ki, bu məsuliyyəti doğru, dürüst yerinə yetirsin. 

-    Karantin rejimindən sonrakı iş prinsipi necə olacaq?

-     Karantin rejimindən sonra işimizə qaldığımız yerdən davam edəcəyik. Əsas məsələ - ictimai nəqliyyatın karantin rejimindən sonrakı fəaliyyət planları artıq hazırdır. Əgər hər hansı bir fors-major hal ortaya çıxmasa, düşünürəm ki, ictimai nəqliyyat əvvəlki rejiminə qaytarılacaq. Sevindirici haldır ki, yay mövsümündə şəhərdə sərnişin axını elə də çox olmur. Bu özü də əlavə fürsət verəcək ki, növbəti tədris ili başlayana qədər ictimai nəqliyyatda karantin səbəbindən ortaya çıxacaq hər hansı bir çatışmazlıgı vaxtında aradan qaldıraq. Karantin rejimi bitdikdən sonra biz yarım qalan məsələlərimizi həll edəcəyik. Bunlar  “Bakı kart” sisteminin  inteqrasiyası, yeni gətirilən avtobusların xəttə buraxılması, marşrut xəttləri üzrə avtobusların yenilənməsi, müsabiqələrin keçirilməsidir. 

-    Təmsil etdiyiniz Agentlik fəaliyyətə başlayandan ən çox tənqid olunan qurumlardan biridir. 24 saat işləməsinə baxmayaraq, tənqid olunursuz, buna münasibətiniz necədir?

-     Əslində sağlam tənqid müsbət təsir bağışlayır. Çünki bu inkişafa təkan verir. Amma, incidən məqam qeyri-sağlam tənqidlər də olur. Bir faktı deyim, bir qədər əvvəl sosial şəbəkədə bir şəkil yayılmışdı. "28 May" ərazisində səhər saatlarında avtobusun önündə yığışan insanların görünütüsünü çəkib “Bakı Nəqliyyat Agentliyi qaydalara əməl etmir və karantin rejimində insanları incidir” yazmışdılar.  Biz həmin videogörüntüləri araşdırdıq. Bəlli oldu ki, yetəri qədər avtobus var, sadəcə, avtobusa insanlar sosial məsafəni qorumaqla buraxılıb.