Böyük qələbə və tarixi yenidən yazmaq cəhdləri
    • 28-04-2020, 20:00
    • 540

Böyük qələbə və tarixi yenidən yazmaq cəhdləri

Postsosialist və postsovet ölkələrinin bir çoxu və onların liderləri bu gün iki yol ayrıcındadırlar – Avropaya inteqrasiya yolu onlardan Böyük Vətən müharibəsi və İkinci Dünya müharibəsi irsini yenidən təftiş etməyi tələb edir. Lakin böyük döyüşün mirasına dair təftiş və əldə edilmiş böyük qələbənin məna və əhəmiyyətinə yenidən baxılması onları çoxsaylı risklər qarşısında qoyur – hansı ki, bir çox hallarda mümkün nəticələri özləri də qiymətləndirə bilmirlər.


News24.az xəbər verir ki, bu fikirlər Budapeştdəki Avropa Universitetinin professoru Aleksey Millerin yazısında öz əksini tapıb. Müəllif yazır ki, bir sıra hallarda “tarixi siyasət” yalnız qurbanların mövqeyindən həyata keçirilə bilər, çünki bu, keçmiş əzabların təkcə daxili səfərbərlik qüvvəsi kimi deyil, həm də “günahı ixrac etmək” üçün açıq şəkildə istifadə edilməsini tələb edir:Bu cür qeyri-konstruktiv yanaşma tarixin yenidən yazılması üçün böyük imkanlar yaradır. Bununla belə təcrübədən göründüyü kimi, tarixin yenidən yazılması yalnız keçmişi deyil, bu günü də təhdid edir.


Bizim gözlərimiz önündə İkinci Dünya müharibəsi və Böyük Vətən müharibəsi irsinə bu və ya digər şəkildə yenidən baxılması postsosialist və postsovet ölkələrində reallaşdırılan milli layihələri – həmin dövlətlərin siyasi və dövlət xadimləri üçün xüsusi qürur mənbəyi olan suveren milli dövlətçiliyin qurulması layihələrini təhdid edir.


Məsələn, götürək Çexiyanın müasir hakimiyyətinin mövqeyini. Bu mövqe İkinci Dünya müharibəsi tarixi irsi obyektlərindən səylə azad olmağa çalışan Praqa şəhər meriyasının simasında özünü aydın surətdə göstərir. Belə ki, koronavirus pandemiyası ilə əlaqədar tibbi karantin vəziyyətində və açıq-aşkar bəhanə gətirilərək Praqanın azad edənlərindən biri olan marşal İvan Konevin abidəsinin sökülməsi xüsusilə iyrənc görünür. Bu hadisə praqalıların xeyli hissəsinin də qınağına səbəb oldu. Axı Çexiya tarixində bir çox zərbələr yaşamış və müstəqilliyini dəfələrlə itirmiş kiçik bir dövlətdir. Bu baxımdan tarixə və qonşularla münasibətlərin qurulmasına dəqiq, tarazlı yanaşma çex dövlətinə müasir Avropa və dünya problemləri kontekstində problemlərini uğurla həll etməyə imkan yaradan vasitədir. Lakin görünən odur ki, Çexiya elitasının əhəmiyyətli hissəsi hələlik bu həqiqəti dərk etməyə gəlib çatmayıb. Məlum qalmaqallı hadisə də bunu təsdiqlədi”.

Müəllif daha sonra Ukrayna hakimiyyətinin mövqeyinə nəzər salır:

2014-cü il hadisələrindən sonra tarixin yenidən yazılması prosesinə sistematik xarakter verən, bu məqsədlə Viktor Yuşşenkonun təsis etdiyi Yaddaş İnstitutundan fəal istifadə edən Ukrayna hakimiyyətinin mövqeyi daha qəribədir. Qarşıdurma tarixi miflərini həqiqi tarixin zirvəsinə qədər daşıyan Petro Poroşenkonun prezidentliyi dövrünün ideoloji və təbliğati işlərini hamı xatırlayır. Ancaq Ukraynanın yeni rəhbərliyi də təəssüf ki, sələfinin yolunu aktiv şəkildə davam etdirir. Belə ki, Ukraynanın hazırkı prezidenti Vladimir Zelenski nasistlərin yəhudiləri və digər millətləri kütləvi şəkildə qətlə yetirdiyi Auşvits-Birkenau (Osvensim) ölüm düşərgəsinin azad edilməsinin 75 illiyini qeyd etmək üçün bu ilin əvvəlində Polşaya getdi. Zelenski Polşaya İsrailə səfərdən imtina etdikdən sonra yollanmışdı. Bu səfərdən imtina birmənalı qarşılanmamışdı. Zelenski İsraildə keçirilən Holokosta həsr olunmuş beynəlxalq foruma getməkdən imtinanı tamamilə qarışıq bəhanələrə əsaslandırmışdı. Polşaya bundan dərhal sonra baş tutan səfər zamanı Zelenski çox cəsarətlə danışdı və dərhal İkinci Dünya müharibəsi tarixinə yenidən baxmağa başladı: xüsusən də Auşvitsi SSRİ-nin deyil, ukraynalıların azad etdiyini bildirdi. Üstəlik, Ukrayna Prezidenti Sovet İttifaqını II Dünya müharibəsinin və Holokostun baş verməsində ittiham etdi”.


Yazıda bildirilir ki, nəticədə Maydan hərəkatı və ölkənin şərqindəki münaqişə ilə əlaqədar olaraq parçalanan Ukrayna cəmiyyəti yuxarıdan həyata keçirilən inspeksiya və “qəddar dekommunizasiya” metodları nəticəsində az olmayan şok yaşadığı kimi indi də II Dünya müharibəsi irsinin yenidən nəzərdən keçirilməsindən xeyli sarsıntı keçirir:Hansı ki, bu zəfər həm də Ukrayna xalqının ləyaqətidir. Ukraynalıların qələbədə iştirakını və töhfələrini təftiş etməklə təkcə ukraynalıların müxtəlif nəsilləri arasında uçurum yaradılmır, həm də faktiki olaraq hazırkı dövlətçiliyin Ukrayna SSR-in varisi olmasından imtina etməyə çalışılır. Aydındır ki, belə bir yanaşma böhran hadisələrini yaşayan Ukrayna dövlətçiliyini möhkəmləndirməyə və faktiki olaraq bölünmüş Ukrayna cəmiyyətini birləşdirməyə kömək etməyəcək – Ukraynanın bunsuz tam və münaqişəsiz inkişafı, sadəcə mümkün deyil”.


Aleksey Miller yazır ki, postsovet ölkələrinin bir çoxu Böyük Vətən müharibəsi illərində özünü nümayiş etdirən SSRİ xalqlarının internasional qardaşlığını bu və ya digər şəkildə yenidən təşfiş edirlər:Bununla da onları sabit və dayanıqlı inkişafa çəkmək, öz ölkələrini və cəmiyyətlərini modernizasiya etmək əvəzinə arxaikliyə və münaqişəyə çəkərək millətçilik əhval-ruhiyyəsini qızışdırırlar. Halbuki, böyük müharibədə ortaq iştirak təcrübəsi və ortaq qələbəyə verdikləri töhfələr postsovet ölkələri xalqlarının anlaşması və barışığı üçün etibarlı vasitə ola biləcək, dövlətçiliklərini möhkəmləndirəcək və qarşılıqlı mənfəət üçün müxtəlif sahələrdə əməkdaşlığı inkişaf etdirə biləcəkləri mübahisəsiz ortaq mirasdır”.