Deputat Azərbaycanda karantin rejiminin sərtləşməsindən DANIŞDI
    • 8-06-2020, 11:18
    • 470

Deputat Azərbaycanda karantin rejiminin sərtləşməsindən DANIŞDI

“Hökumətin pandemiyanın ilk günlərindən qəbul etdiyi qərarlar və karantin rejiminin tətbiqi nəticəsində vəziyyəti nəzarət altında saxlamaq mümkün olmuşdur. Məhz  bu səbəbdən karantin rejimindən mərhələli çıxış planı hazırlandı və həyata keçirilməyə başlanıldı. Lakin vətəndaşların əksəriyyətinin son zamanlar karantin rejiminə əməl etməməsinə görə, yoluxanlar və sağalanların sayı arasında ciddi fərq yarandığı səbəbindən Nazirlər Kabineti yanında Operativ Qərargah Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin yenidən sərtləşdirilməsi ilə bağlı qərar qəbul etdi.”

Milli Məclisin deputatı İmamverdi İsmayılov News24.az-a açıqlamasında karantin rejiminin yenidən sərtləşdirilməsini şərh edib.

İmamverdi İsmayılov qeyd edib ki, ilk gündən Prezident İlham Əliyevin rəhbərliyi ilə koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində çox mühüm addımlar atılıb, qətiyyətli tədbirlər görülüb və hazırda da bu istiqamətdə işlər davam etdirilir. Bu dövr ərzində qəbul olunmuş qərarlar, həyata keçirilən tədbirlər bir daha göstərdi ki,  xalqımızın sağlamlığının qorunması və eyni zamanda rifahının yaxşılaşdırılması hər zaman dövlətin, ölkə rəhbərinin diqqət mərkəzində olmuşdur.

Milli Məclisin deputatı vurğulayıb ki, cənab Prezident dünyanı bürüyən bu böyük bəladan daha tez xilas olmağımız, ölkəmizin bu sınaqdan daha az itki ilə çıxması üçün pandemiya dövründə mütəmadi olaraq vətəndaşlarımıza müraciət etmişdir: “Eyni zamanda, Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da xalqımıza səmimi şəkildə geniş və əhatəli müraciət ünvanlamışdır. Sözsüz ki, bu müraciətlər, davamlı olaraq atılan addımlar, qəbul olunmuş qərarlar xalqımızın sağlamlığının qorunmasına xidmət edir. Hesab edirəm ki, cənab Prezident İlham Əliyevin bu günlərdə Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edərkən maskadan istifadə etməsi hər bir Azərbaycan vətəndaşı üçün nümunə olmalıdır. Eyni zamanda bu addım hər bir vətəndaşımıza bir mesajdır ki, hər kəs qəbul olunmuş qərarlara ciddi şəkildə əməl etməli, hörmətlə yanaşmalı və hər birimiz həmrəylik nümayiş etdirərək bu bəladan birgə xilas olmalıyıq.”

İ.İsmayılov bildirib ki, həftə sonları tam qapanma ilə bağlı qəbul olunmuş qərar da vətəndaşların sağlamlığını qorumaq məqsədini daşıyır: “Hesab edirəm ki, hər bir vətəndaşımız bu qərara əməl etməli, səbirli və təmkinli davranmalıdır. Ölkəmizdə kifayət qədər ərzaq ehtiyatı mövcuddur, həmçinin dövlətimiz tərəfindən qoruyucu vasitələrin, dezinfeksiyaedici məhsulların istehsalı sahəsində də mühüm addımlar atılıb. Bütün bu addımlar vətəndaşlarımızın narahat olmamasına xidmət edir. İnanıram ki, vətəndaşlarımızın həmrəyliyi, qoruyucu vasitələrdən istifadə etməsi, sosial izolyasiya qaydalarına və qəbul olunmuş digər qaydalara ciddi şəkildə əməl etməsi nəticəsində biz bu vəziyyətdən tez bir şəkildə və daha az itki ilə çıxacağıq.”