Məzunsuz “Son zəng”, boş otaqlar, TƏNHA MƏKTƏB: 11-CİLƏR DANIŞDI
    • 12-06-2020, 16:23
    • 1 042

Məzunsuz “Son zəng”, boş otaqlar, TƏNHA MƏKTƏB: 11-CİLƏR DANIŞDI

Bu gün 11-ci siniflər orta məktəblə həmişəlik vidalaşdılar. Bu il əvvəlki illərdən fərqli olaraq “Son zəng” online şəkildə keçirildi.

Hər il sevinc göz yaşları ilə vidalaşan məzunlar bu il məktəblə uzaqdan-uzağa ayrılmalı oldular. 
 
News24.az bu munasibətlə 11-cilərlə təəssüratlarını bölüşüb.   

Qax şəhəri 2 nömrəli məktəb liseyin 11-ci sinif şagirdi Mayis Şabanov məktəb ilinin son gününü belə təsəvvür etmədiyini bildirib: 
“Hər bir məktəblinin arzusu Son zəngi qeyd eləməkdir. 11-ci sinfin son gün həyəcanını yaşamaq insan ömründə bir dəfə olur. 11 il ərzində müəllimlər, sinif yoldaşlarımla xatirələrim olub, bunun məntiqi sonluğu da 11-ci sinfin ənənəvi qaydada qeyd olunmasıdır. Bu gün həm də bilik estafetini birinicilərə ötürmək, onlarla sağollaşmaq istərdim. Heyif ki, bunu edə bilmədik. Amma qarşıda bizi böyük sınaqlar gözləyir, ümid edək ki, qarşıda bizi gözləyən imtahanlardan alnıaçıq çıxacağıq”. 

Əlimxanova Arzu da bu il 11-ci sinfini bitirir. O, Saatlı rayonu Əlləddin Şükürov adına Varxankənd kənd tam orta məktəbinin məzunudur. O, da məktəb ilinin son günü ilə bağlı üzüldüyünü deyib: “Üzücü bir hiss oldu, pandemiyaya görə, “Son zəng”i keçirə bilmədik.  11 il oxuduğum, ikinci ailəm olan, doğma məktəblə vidalaşa bilmədim. Günün çox hissəsini bir yerdə keçirdiyim dostlarla, öz qayğısını bizdən əsirgəməyən müəllimlərlə vidalaşa bilmədim. Düzdür, qarşıda bizi imtahanlar gözləyir, universitetə qəbul olmaq məqsədimiz var. Amma yenə də içimizdə son zəng məyusluğu qalır”. 

Arzu bu il əldə etdiyi uğurlardan da söz açıb: “Mənim bir çox uğurlarım olub, Təhsil Nazirlyi də bu uğurları qiymətləndirib. Ötən il “Heydər Əliyev” təqdimatımda respublika qalibi olmuşdum. Müsabiqlərdə dəfələrlə rayon birinciliyim olub. Ən əsası da müəllimlərimizə, direktorumuz Lətif müəllimə   minnətdarlığımı bildirirəm. Bu çətin dönəmlərdə onlar bizi təhsildən kənarda qoymadılar, eyn zamanda mənim bu müsabiqələrdə, layihələrdə iştirak etməyimə köməklik etdilər”. 

“Mən “Son Zəng”in olmamasına görə üzülmürəm”- deyən Daşkəsən rayonu İmadəddin Nəsimi adına 1 saylı tam orta məktəbin məzunu Kamil Həsənzadə  məqsədlərindən danışıb: “Pandemiyaya görə son zəng keçirə bilmirik. Buna da pis olmuram, müəllimlərimiz bizi online şəkildə təbrik etdilər. Özüm də bu il məktəbi əlaçı olaraq bitirdim. İnşallah qəbul imtahanlarını da yaxşı verəcəm, mənim əsas məqsədim gələcəkdə uğur qazanmaqdır. Universitetə qəbul olmaqdır. Son zəngin olmaması məni o qədər də məyus etmir. Həmyaşıdlarıma da bunu diləyirəm ki, onlar da gələcəyə baxsınlar, bizim uğurlarımız hələ öndədir”.  

Qazax rayon Bala Çaylı kənd tam orta məktəbinin məzunu Günay Quliyeva da fikirlərini bizimlə bölüşüb: “Bizim oxuduğumuz dövr pandemiya ərəfəsinə düşdü. Əlbəttə, təəssüf edirik buna görə, amma düşünürəm ki, insanların sağlamlığı hər şeydən önəmlidir. Təshil Nazirliyinə təşəkkür etmək istəyirəm, layihələr həyata keçirdi, teledərslər təşkil etdi, təhsilsiz qalmadıq, müəllimlərimizə minnətdarlığımı bildirirəm. Dərslərimiz vaxtlı-vaxtında virtual oaraq keçdilər. İndi düşündüyüm sadəcə qarşıda olan imtahanlardır. İndi bizə müəllimlərimizin, valideynlərimizin etimadını doğrultmaq qalır”.

Afaq Mirayiq