Cinayətdən qaçış - MÜŞFİQ ABBASOV YAZIR
    • 20-06-2020, 13:00
    • 1 435

Cinayətdən qaçış - MÜŞFİQ ABBASOV YAZIR

Son dövrlərdə insanların aqressiv, davakar və qəzəbli olmasının səbəblərini düşündükcə ağlıma sizinlə paylaşmaq istədiyim bəzi fikirlər gəldi.

Sovetlər dövründə yaşamasam da, oxuduqlarımdan və eşitdiklərimdən belə başa düşürəm ki, həmin dövrdə ağır cinayət hadisələri az olub. İkinci dünya müharibəsindən sonraki illərdə Bakıdakı cinayətkar qrupların yaranma səbəbləri yalniz aclıq, yoxsulluq idisə, sonrakı illərdə ölkə iqtisadiyyatının inkişafı cinayətkarlığın da azalmasına gətirib çıxardı. Nəticə etibarı ilə belə hesab olunurdu ki, əhalinin maddi rifahının yaxşılaşması cinayətkarlığı azaldacaq. Bu aksioma zamanla özünü təsdiq edirdi. 

Amma indi baş verənlər bizi bir az dərin düşündürməlidir. Əksər cinayətlərin törənməsinin səbəbi iqtisadi amil deyil, bu tendensiya artıq dəyişib. Adi mübahisə, anlaşılmazlıq sonda qətllə nəticələnir. Bir neçə il əvvəl Sahil parkında it gəzdirməyə görə və ya “ Hyatt Regency” otelinin idman zalında idman döşəyinin üstünə ayaqqabı ilə çıxmağa görə yaranan mübahisə zamanı törədilmiş qətllər bizi düşündürməlidir. Niyə belə aqressivik? Bunun səbəbləri nədir? Bəlkə elə səbəb gündəlik həyat tərzimizdə və davranışlarımızdakı dəyişikliklərdir? Bəlkə gecələr yatanda telefonumuzu çarpayımızdan aralı qoyaq,  səhər yeməyi yeyəndə gözümüz onda qalmasın, süfrədə onu uşaqlarımızın əlindən alaq?! Bəlkə hər gün işdən evə gələndən sonra televizora baxib divanda yuxuya getməyək? Bəlkə ən azı gündə bir dəfə valideynlərimizlə danışaq? Bəlkə böyük-kiçik yeri bilək? 
Məncə, çoxlarınız bu fikirlə razısız. Amma  buna rəğmən, heç nə dəyişmir. 

Bu məsələdə bizim ağsaqqal, ağbirçəklərimizin üzərinə böyük iş düşür. Sanki son vaxtlar yaşlılarımız da öz müdrikliyini itirib. Vaxtilə bir kəlməsi qan davasına son qoyan ağsaqqallar elə bil yoxa çıxıb. İndi babaların nəvələrindən siqaret istəməsi, sadəcə təəssüf doğurur. Ailə dəyərlərinin müasirləşməsini biz niyə bu cür dərk edirik? Müasirlik o demək deyil ki, biz böyük-kiçik yerini bilməməliyik, atamız otağa girəndə ayağa qalxmamalıyıq və ya uşaqlarımız divanda, kresloda istədiyi şəkildə oturmalıdır. “Uşaqdır” deyib keçməyək, tərbiyə edək. Yaxşı təhsil vermək hələ övladınızın şəxsiyyət olacağı demək deyil. 

Nasist düşərgələrində ən peşəkar alman həkimləri əsirlər üzərində insanlıq tarixinə ləkə olan necə təcrübələr aparıblar. Demək ki, təhsil hər şeyi həll etmir. Şəxsiyyət kimi formalaşmaq üçün mütləq tərbiyə lazımdır. Tarixdə ən qəddar cinayətkarların  yüksək təhsil alan şəxslər olduğunu unutmayın. Buna misal kimi 22 il ərzində 53 nəfəri- qadın və uşağı vəhşicəsinə qətlə yetirən, lakin cəmiyyətdə univerisitet müəllimi və yaxşı bir ailə başçısı kimi tanınan Andrey Çikatilonu göstərə bilərəm. Həbs olunduqdan sonra verdiyi ifadə göstərdi ki, uşaq yaşlarında gecələr yatağını tez-tez islatdığına görə anasının şiddətinə məruz qalması ona ağır travma yaşadıb. Bundan sonra tez-tez özünə qapanmalar sonda onu acımasız qatilə çevirib. 

Qarşıda bizi on dörd günlik sərt karantin gözləyir. Gəlin, bu günlərdə uşaqlarımıza daha yaxın olaq. Onların hər biri ilə fərdi söhbətlər edək, uşaqlıq və məktəb illərimizdən danışaq, həmin dövrlərin şəkillərini göstərib xatirələrimizi bölüşək. Ata-anamızla bağlı xatirələri, tələbəlik illərində yaşadığımız çətinlikləri, evlilik həyatımızın ilk illərini danışaq. İnanın, bu onlara çox müsbət təsir edəcək. Millətimiz və gələcəyimiz üçün əsl şəxsiyyət yetişdirək. Yoxsa, zamanla cinayət əməlləri hər birimizin evinizə ayaq açacaq və dönüşü olmayan yol başlayacaq.