Zəif olsaq, öləcəyik - Müşfiq Abbasov yazır
    • 25-06-2020, 17:16
    • 1 385

Zəif olsaq, öləcəyik - Müşfiq Abbasov yazır

Hərbi prokurorluqda müstəntiq işləyəndə tez-tez intihar hadisələri ilə qarşılaşırdım. Buna ən çox gənc əsgərlər arasında rast gəlinirdi. Bəzən xidmətə uyğunlaşa bilməmək, bəzən komandir heyətinin və ya digər əsgərlərin nizamnamədənkənar davranışları sonda intiharla nəticələnirdi. 

2007-ci ilin yayında Tovuzda xidmət edən bir əsgər intihar eləmişdi. Bakıdan idi. Onun ölümünə görə Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanıldı. İntiharın səbəbini araşdırdım, bəlli oldu ki, onun hərbi hissədə heç bir problemi olmayıb. İntihar baş verən gün səhər atası ilə danışıb və mübahisə ediblər. Hətta həmin an telefonu yerə vurub sındırıb. Az sonra isə avtomatı ilə ürəyinə bir güllə vurub. 
İntiharın səbəbi mənasız bir mübahisə idi. Sən demə, telefonla danışanda əsgər atasından 50 manat xərclik istəyib. Atası da onu danlayıb, pul göndərməyəcəyini deyib. Belə adi bir mübahisə intiharla nəticələnmişdi. 

Həmin hadisə mənə çox pis təsir etmişdi. Demək, adi mübahisə, xətrə dəymək, kobudluq qarşındakı insanın intiharına aparıb çıxara bilər. Buna görə çalışıram ki, insanlara həssas davranım. 

Hazırda çox çətin bir dönəmdən keçirik. Pandemiyanın fəsadları çox ağır olacaq. Bu tək maddi sıxıntı ilə bağlı olmayacaq. Onun insan psixiologiyasına mənfi təsirləri artıq göz qabağındadır. Bunu artıq hər birimiz görürük. İnsanlar son dərəcədə həssas, əsəbi və aqressiv olublar. Kimi xəstəlik qorxusundan, kimi məhdudiyyətlər və öyrəşmədiyi yaşam tərzindən bezir. Hələ bu harasıdır? İnsanlıq seçim qarşısında qalacaq. Kimlər möhkəmdirsə, dözəcək. Bu möhkəmlik fiziki güclə bağlı deyil. Psixoloji dözüm lazım gələcək. Narahatam ki, çoxlarında intihar istəyi yaranacaq, itkilər qaçılmaz olacaq. Yuxarıda haqqında bəhs etdiyim hadisə insan övladının nə qədər aciz olduğunu göstərir. 
Prezident son çıxışında vəziyyətin ciddiliyini bir daha xalqa anlatdı. İndi bizim hər birimiz fərdi mübarizə aparmalıyıq. İndiyədək özümüzdə cəmləşdirdiyimiz iradə və inam bizə gərək olacaq. Digərlərini anlamağa çalışın. Həkimləri, polisləri də anlayın. Əsəblərin pozulması bütün insanlara aiddir. Zəif olsaq, öləcəyik. Çalışaq, zəif olmayaq. Hamınıza yaşamaq üçün güclü iradə arzulayıram.

Müşfiq Abbasov