Bu media işçiləri MÜKAFATLANDIRILACAQ -VİDEO
    • 1-07-2020, 16:16
    • 686

Bu media işçiləri MÜKAFATLANDIRILACAQ -VİDEO

“Kütləvi İnformasiya Vasitələrinin redaksiyaları və jurnalist təşkilatları ölkədə öz fəaliyyəti ilə fərqlənən, başqalarına nümunə olan, sosial məsuliyyətini dərk edən, jurnalistika prinsiplərinə sadiq olan şəxslərin siyahısını müəyyənləşdirərək Prezident Adminstrasiyasına göndərəcəklər”. 

Bunu News24.az-a açıqlamasında Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib. Onun sözlərinə görə, hər il əməkdar jurnalist adları, tərəqqi medalı, eyni zamanda mediada texniki sahədə işləyən şəxslərə əməkdar mühəndis adı verilirdi: “Çox guman ki, bu il də fəxri adların verilməsi gözlənilir. Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında” sərəncamda üç mühüm istiqaməti vurğulamaq istərdim. Birinci məqam odur ki, Prezident İlham Əliyev Azərbaycan mediasının keçdiyi yola nəzər yetirir, ölkə jurnalistlərinin fəaliyyətini yüksək qiymətləndirir. Bu yanaşma ölkə jurnalistlərində ruh yüksəkliyi yaradır. İkinci məqam odur ki, dövlət başçısı  mediamızın inkişafının istiqamətləri, diqqət yetirməli olduğumuz məqamlar barədə tövsiyyələrini verir. Qeyd edir ki, kütləvi informasiya vasitələri də ölkəmizdə həyata keçirilən köklü islahatlardan kənarda qalmamalı, kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyi hazırkı dövrdə qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinə uyğunlaşmalı, cəmiyyətimizin obyektiv və peşəkar şəkildə məlumatlandırılması sahəsində öz səylərini daha da gücləndirməlidir”. 

M.Ələsgərli qeyd edir ki, sərəncamda xüsusi olaraq vurğulanır ki, modernləşmə, rasionallıq, obyektivlik, kreativlik, qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcı trendlərin izlənilməsi medianın inkişafını şərtləndirən başlıca amillər olmalıdır: “Bu, Azərbaycan KİV-ləri üçün mövcud dönəmdə, bir növ yol xəritəsidir, istiqamətverici mayakdır. Üçüncü məqam odur ki, Azərbaycan milli mətbuatının 145 illik yubileyinin ölkəmizdə geniş qeyd olunması ilə bağlıdır. Burada COVID-19 pandemiyası ilə bağlı şərait nəzərə alınmaqla yubiley tədbirlərinin keçirilməsi nəzərdə tutulur. Jurnalist təşkilatlarının və redaksiyaların təklifləri əsasında Azərbaycan milli mətbuatının inkişafında xüsusi xidmətləri olan jurnalistlərin mükafatlandırılması üçün təkliflər qəbul ediləcək. Dünyanın COVID-19 pandemiyası ilə çarpışdığı, yüzlərlə problemlərin gündəmdə olduğu bir vaxtda Prezident İlham Əliyevin bu sərəncamı imzalaması, onun səriştəli fəaliyyətinə, hər bir sahəni diqqətdə saxlamasına nümunədir. Mediamıza, onun missiyasına verdiyi dəyərə görə Prezident İlham Əliyevə təşəkkürümüzü bildiririk”.

Afaq Mirayiq