“Nazirlər Kabinetinin qərarına görə işləyə bilərik, amma icazəmiz ləğv olunub”- VƏTƏNDAŞLARDAN ETİRAZ
    • 6-07-2020, 16:39
    • 480

“Nazirlər Kabinetinin qərarına görə işləyə bilərik, amma icazəmiz ləğv olunub”- VƏTƏNDAŞLARDAN ETİRAZ

“Səhər saat 09:00-dan Vergilər Nazirliyinin “195” Çağrı Mərkəzinə yığıram, deyirlər bu istiqamətdə bütün xətlər doludur. Saat 17:00-a kimi bir dəfə də düşə bilmədik. İcazələrin ləğvi ilə bağlı yalnız ora müraciət edə bilərik. Başa düşürük, zənglər çoxdu. Amma heç olmasa arada bir düşmək şansımız olmalıdır da, bəs, vətəndaşlara kim cavab verməlidir”. 

Bu Aybəniz Əliyevadır, News24.az-a müraciət edərək ona kömək göstərilməsini xahiş edir: “Biz əsas fəaliyyət istiqaməti kimi holdinq seçmişik, amma bir neçə digər vacib fəaliyyətimizi də qeyd etmişik. Onlardan  biri media ilə bağlıdır, bizim jurnalistlər necə işləməlidirlər, necə reportajlara getməlidirlər. Bu əvvəldən nəzərə alınmalı idi axı?!”. 

Digər müraciət isə Dürdanə Məmmədovadan daxil olub. O bildirir ki, Nazirlər Kabinetinin 208 nömrəli qərarında onlayn satışa icazə verilir: “Lakin portaldan icazə almaq mümkün olmadığı üçün onlayn xidmət göstərən əməkdaşlar işləyə bilmirlər. Burada ziddiyyət var. Xahiş edirik, qısa zamanda buna yol tapılsın”.

Məsələ ilə bağlı Vergilər Nazirliyi və Nazirlər Kabinetinin mətbuat xidmətinə sorğu göndərilib. 

Afaq Mirayiq