Səhiyyə Nazirliyindən COVİD-19-la bağlı YENİLİK
    • 6-07-2020, 17:41
    • 638

Səhiyyə Nazirliyindən COVİD-19-la bağlı YENİLİK

Bu gün Bakı Baş Səhiyyə İdarəsinin rəisi Nelli Veysova onlayn müsahibəsində bildirdi ki, Səhiyyə Nazirliyi tərəfindən ölkədə yayılmış COVİD-19 virusunun qarşısını almaq üçün əhaliyə göstərilən təcili tibbi yardım və stasionar müalicə xidmətlərinə dəstək vermək məqsədilə ilkin səhiyyə xidmətlərinin gücləndirilməsi haqqında verilmiş tapşırığa əsaslanaraq bir sıra tədbirlər görülüb.

Səhiyyə Nazirliyindən News24.az-a bildirilib ki, ilkin səhiyyə xidmətlərinin gücləndirilməsi istiqamətində atılan addımlardan biri Səhiyyə Nazirliyi nəzdində 29 iyun 2020-ci il tarixindən etibarən fəaliyyətinə başlayan işçi qrupunun yaradılmasıdır. Bu qrupun fəaliyyəti bilavasitə Azərbaycan Respublikası Səhiyyə naziri Oqtay Şirəliyev tərəfindən idarə edilir. İşçi qrupunu Bakı Baş Səhiyyə İdarəsinin və İctimai Səhiyyə və İslahatlar Mərkəzinin rəhbər heyəti və aparıcı mütəxəssisləri təmsil edir.

Hazırda Bakı şəhərində rayonlar üzrə uşaq və böyüklər üçün şəhər poliklinikaları, birləşmiş şəhər xəstəxanaları və sağlamlıq mərkəzlərindən ibarət 87 tibb müəssisisəsi fəaliyyət göstərir. İşçi qrupu rəhbərliyinin qərarı ilə Bakı Baş Səhiyyə İdarəsinin tabeçiliyində olan ərazi bölgüsü əsasında həmin 87 tibb müəssisəsini əhatə edən COVİD-19-la mübarizə məqsədi ilə 39 ərazi tibb məntəqəsi yaradıldı. Yaradılmış tibb məntəqələrinin əsas öhdəliyi COVİD-19 virusuna yoluxmuş simptomsuz və yüngül keçirən xəstələrin ev şəraitində müayinə və müalicəsini təmin etməkdir. Səhiyyə Nazirliyi nəzdində yaradılmış işçi qrupunun vəzifələrinə həmin ərazi tibb məntəqələrinin işinin düzgün təşkili, işçi heyətinin təlimatlandırılması, iş prosesinin idarəedilməsi, koordinasıyası, monitorinqi və keyfiyyətə nəzarət aiddir.

Baş Səhiyyə İdarəsinin rəisi Nelli Veysova müsahibə zamanı bildirdi ki, ölkədə yoluxma sayının azaldılması məqsədilə çoxsaylı tədbirlər görülür və ictimaiyyət Səhiyyə Nazirliyi tərəfindən atılan bütün addımlar barədə mütamadi olaraq məlumatlandırılacaq. Bununla yanaşı Nelli Veysova bilavasitə şəhər sakinlərinə müraciət etdi: “Ölkəmiz çətin günlər yaşayır və bu vəziyyətdən çıxış yolu tapmaq hər bir Azərbaycanlının vətəndaş borcudur. Xalqımızdan güclü və məsuliyyətli olmağını gözləyirik. Biz də tibb heyəti olaraq əlimizdən gələn peşə və vətəndaş borcumuzu icra etməyə hazırıq.”
Baş Səhiyyə İdarəsinin rəisi bildirdi ki, son həftə ərzində COVİD-19 virusunun müayinə və müalicəsi məqsədilə şəhər sakinlərinin poliklinikalara axınının çoxalması virusun yayılmasına səbəb ola bilər və bu səbəbdən COVİD-19 virusuna yoluxma şübhəsi olan vətəndaşlara xahiş ilə müraciət etdi ki, poliklinikalara getməkdən çəkinsinlər və ilkin məsləhət və müayinə üçün telefon zəngi vasitəsilə sahə poliklinikaları ilə əlaqə saxlasınlar. Sahə poliklinikarının əlaqə nömrələrinin siyahısı Səhiyyə Nazirliyinin saytında yerləşdirilib.