Şəhid Elşad Məmmədov DƏFN EDİLDİ
    • 13-07-2020, 12:11
    • 3 109

Şəhid Elşad Məmmədov DƏFN EDİLDİ

İyulun 12-də Ermənistanın təxribatı nəticəsində Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu, baş əsgər 1996-cı il təvəllüdlü Elşad Dönməz oğlu Məmmədov dəfn olunub.

News24.az Report-a istinadən xəbər verir ki, E.Məmmədovun cənazəsi doğulduğu Tovuzun Ağdam kəndində torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin ailə üzvləri, yerli sakinlər, hüquq-mühafizə orqanlarının əməkdaşları və rayon icra hakimiyyətinin nüməyəndələri iştirak edib.

Şəhid ailəli olub, 6 aylıq oğlu var.

Qeyd edək ki, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.

Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçuları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu və baş əsgər Məmmədov Elşad Dönməz oğlu şəhid olub. Həkimlərimizin səyinə baxmayaraq ağır yaralanan hərbi qulluqçumuz əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu da şəhid olub.

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində iyulun 13-nə keçən gecə ərzində də gərginlik davam edib. Artilleriya, minaatan və tankların tətbiqi ilə gedən gecə döyüşlərində bölmələrimizin dəqiq atəşi ilə düşmənin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi məhv edilib. Döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçusu baş leytenant Mahmudov Rəşad Rəşid oğlu şəhid olub.

Hazırda əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır. Düşmənə qarşı cəza tədbirləri həyata keçirilir. Düşmən tərəfi itkiləri barədə məlumatları gizlədir.