Tarix sizləri lənətləyəcək - Müşfiq Abbasov yazır
    • 27-07-2020, 12:51
    • 1 630

Tarix sizləri lənətləyəcək - Müşfiq Abbasov yazır

Əgər söhbət torpaqlarımızın düşməndən azad edilməsindən gedirsə, iqtidarla müxalifətin birgə olması gərəkdir. Həqiqəti demək və onunla yaşamaq lazımdır. Qəbul etməliyik ki, həm iqtidarda, həm də müxalifətdə bu dövləti və milləti sevməyənlər var. Belə bir həssas vaxtda bir-birimizə qarşı kin-küdurəti kənara atmalıyıq.

Amma biz bütovləşmək əvəzinə nə işlərlə məşğul oluruq? Düşmənə qarşı yumruq kimi birləşmək yerinə, millətə qarşı xəyanət edənlər öz sifətlərini göstərdilər. Hələ Bakıda yüz minlərin “Qarabağ yürüşü”nü sonda təxribata çevirənlər nə etdiklərini dərk etmirlər. Tovuzda düşmənlə döyüş getdiyi vaxtda Bakıda parlament binasına hücum etmək nə demək idi? Bu elə düşmən dəyirmanına su tökmək deyilmi?

Bir neçə gündür ki, xaricdə yaşayan Vidadi İsgəndərli, Sevinc Osmanqızı və digərlərinin erməni sevgisi onların artıq nəyə və kimə qulluq etdiklərini çılpaqlığı ilə hamımıza göstərdi. Adam deyir ki, mən əlimdə silah fransız ordusunda xidmət edərəm, amma Qarabağın azad edilməsində iştirak etmərəm. 

Başqa biri -  Sevinc Osmanqızı isə deyir ki, günah azərbaycanlılardadır. Bunların ya ağlı azalıb, ya da damarlarında erməni qanı axır. Adama deyərlər ki, hakimiyyəti tənqid etdin, başa düşdük, prezidenti tənqid etdin, bunu da anladıq. Bu hazırkı mətbuat azadlığı dövründə çox normaldır. Bəs, ermənini niyə müdafiə və təbliğ edirsən? Demək ki, sizin məqsədiniz tam fərqlidir. Hətta və hətta, Bayram Nurluda olan vətənpərvərlik sizdə yoxdur. Heç olmasa, o, düşmən bayrağını yandırdı, bəs siz nə etdiniz? Gücünüz ancaq hakimiyyəti söyməyə, qara yaxmağa, şər və böhtan atmağa çatır. 

Ay Vidadi İsgəndərli, mən də sənin kimi uzun müddət prokurorluqda müxtəlif vəzifələrdə işləmişəm, haqsızlığı, ədalətsizliyə məruz qalıb işdən çıxarılmışam. Uzun müddət işsiz qalmışam. Lakin bir an da olsun, dövlətimə, millətimə və torpağıma xəyanət etməmişəm, etmərəm də. Çünki dərk etmişəm ki, bu dövlət bizimdir. Hansısa məmurun yanlış, qərəzli qərarı məni dövlətimdən küsdürə və xəyanətə sürükləyə bilməz. Axı, mənim damarımda türk qanı axır. Mən də bəzən hakimiyyətdə olan bəzi məmurları, nazirləri, icra başçılarını tənqid etmişəm, onların fəaliyyətindən narazı qalmışam. Əslində bu tənqidlərin hakimiyyətə mütləq xeyri var. 

Prezident dəfələrlə çıxışlarında vətəndaşlardan həqiqəti söyləməyi xahiş edib və qeyd edib ki, o, problemlərin əksəriyyətini sosial şəbəkə və mətbuatdan öyrənir. Bu günlərdə Prezidentin köməkçisi Anar Ələkbərovun ölkəmizdə müstəqil fikrə sahib olan ictimai xadimlər və hüquqşünaslarla görüşü bu deyilənləri bir daha təsdiq edir. Hər bir vətəndaşın düşüncə və fikrindən hakimiyyət mütləq şəkildə yararlanmalıdır. 

Artıq beş ilə yaxındır ki, xaricdə hakimiyyəti söyməklə məşğul olanlar! Axı niyə indiyədək bir dəfə də olsun, erməni vəhşiliyinə qarşı öz etirazınızı bildirməmisiniz? Nə olardı ki, bir dəfə yığışıb Xocalı faciəsinə qarşı erməni səfirliklərinin qarşısında etiraz aksiyası keçirədiniz. Başa düşdük ki, siz bu hakimiyyəti istəmirsiz. Bunu anladıq və normal da qəbul etdik. Bəs düşməni təbliğ etmək nə demək? Bunun bir izahı var: demək ki, damarınızda axan qan türk qanı deyil. Buna tam əminəm. 

Bu halda öz Anti-Azərbaycan fikirlərinizlə damarlarında türk qanı axan gənclərimizi zəhərləməyin. Bəlkə də kimdənsə eşitmisiniz ki, mühacir həyatı keçirənlər xalqın taleyini düşünənlərdir. Əslində bu, belədir. Amma siz mühacir həyatı yaşamırsız. Siz düşmən vəsaiti ilə millətimizə qarşı mənəvi terror edən xainlərsiz. İnanın ki, tarix sizləri lənətləyəcək.

Müşfiq Abbasov