Tovuz bir qaladır... - Müşfiq Abbasov yazır
    • 13-07-2020, 11:55
    • 1 336

Tovuz bir qaladır... - Müşfiq Abbasov yazır

Tovuzda baş verənləri bütün Azərbaycan xalqı diqqətlə izləyir. Həm də ona görə ki, Tovuz Azərbaycan- Ermənistan sərhəddində yerləşir. Yəni faktiki olaraq, münaqişə iki dövlət arasındakı sərhədə keçib. Bizim ermənilərlə mübahisəli ərazimiz Qarabağdır. Halbuki bütün dünya Azərbaycanın ərazi bütövlüyünü, demək həm də Qarabağın Azərbaycan torpağı olduğunu tanıyır. Tovuza gəlincə, burada heç bir mübahisəli ərazi yoxdur. Tovuza hücum erməni hakimiyyətinin rəsmən Azərbaycanla müharibəyə başlamaq və bununla da Rusiya ilə imzaladığı Kollektiv Təhlükəsizlik Müqaviləsindən yararlanmaq istəyindən irəli gəlir. 

Xatırladım ki, həmin müqavilənin şərtlərinə görə, Rusiya Ermənistan sərhədlərinə hücum zamanı ona  hərbi dəstək vermək öhdəliyi götürüb. Bu səbəbdən də hiyləgər və qorxaq erməni hakimiyyəti müharibəni məhz rəsmi dövlət sərhəddinə çəkmək və bununla da Rusiyanın gücündən istifadə etmək istəyir. 

Dünən düşmən həmin istiqamətdə hücum edərək, yüksəkliklərdən birini ələ keçirib. Qəfil və genişmiqyaslı hücum nəticəsində ön xəttdə olan hərbi manqamız bir qədər geri çəkilib və arxadan gələn qüvvələrimizin dəstəyi sayəsində qısa müddətdə toparlanaraq, düşmənə ciddi zərbə vurub. Ermənilər xeyli itki verməklə yanaşı həmin yüksəklikdən bütünlüklə qovulub çıxarılıblar. 

Müharibənin öz qanunları var. Qəfil hücum zamanı mövcud vəziyyəti dəyərləndirmək, yerində qərar qəbul etmək, yeri gələndə geri çəkilmək, strateji cəhətdən mövqe seçmək, canlı qüvvəni mümkün itkidən qorumaq və sair tələb olunur. Bu səbəbdən hansısa yüksəkliyin qəfil hücum zamanı taktiki cəhətdən tərk edilməsi və əlavə qüvvə hesabına qısa müddətə geri qaytarılması, bununla bərabər hər cığırı hərbiçilərimizə məlum olan yüksəklikdə düşmənə ciddi zərbə vurmaq taktiki cəhətdən müharibə qanunlarına aid məsələdir. Heç kəsə sirr deyil ki, Azərbaycan öz ordusunu ən müasir silahlarla təmin edib və Rusiyasız Ermənistanı darmadağın edər.

Buna görə də diqqəti Tovuzdan Qarabağ istiqamətinə yönəltmək, lazım gələrsə, Tərtər, Goranboy və Beyləqan istiqamətlərindən düşmənə hücum etmək lazımdır. Bu, Azərbaycanın öz torpaqlarında antiterror əməliyyatı olacaq, bütün dünya və beynəlxalq aləm bunu dəstəkləyəcək. Artıq o, zaman hüquqi cəhətdən Rusiya da müdaxilə edə bilməyəcək. Yuxarıda göstərdiyim müqavilənin şərtləri Qarabağda keçərli deyil. Tovuza gəldikdə isə, ora bir səddir. Çin səddi kimi düşmən qarşısında möhkəm bir qaladır. 1992-1994-cü illərdə olduğu kimi düşmən yenə də həmin səddi keçə bilməz. Tovuzun mərd oğulları qısa müddətdə əlində silah düşmənə sipər olmağa tam hazırdır. 

Unutmayaq ki, bu həm də informasiya müharibəsidir. Bu müharibədə də biz üstün olmalıyıq. Uzun müddət hərbi prokurorluqda işləmiş şəxs olaraq tam əminliklə deyiləm ki, şəhidlərimizin sayı heç bir vaxt gizlədilməyib. Milləti və dövləti üçün qanı tökülən hər bir ŞƏHİDİMİZ layiqli şəkildə minlərlə insanın iştirakı ilə fəxarətlə dəfn edilir. Allah Azərbaycanımızı qorusun!

Müşfiq Abbasov