"Evdən çıxmağa icazəm yox idi" - PA-ya dəvət olunan Ərtoğrul DANIŞDI
    • 16-08-2020, 12:44
    • 2 314

"Evdən çıxmağa icazəm yox idi" - PA-ya dəvət olunan Ərtoğrul DANIŞDI

“Pandemiya dövründə işsizəm və həmin vaxtlar evdən çıxmağa icazəm yox idi. Həmin vaxt hiss etdim ki, vaxtım boşa gedir. Düşündüm ki, nə isə bir yaradıcı iş görmək lazımdır. 7 ildən çoxdur ki, dublyaj sahəsində işləyirəm. Beləcə ilk videonu səsləndirdim. Onu da bildirim ki, həmin video Operativ Qərargahla bağlı deyildi”.

Bu sözləri News24.az-a açıqlamasında Operativ Qərargahla bağlı satirik videolar hazırlayan və ötən gün Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tərəfindən fəaliyyəti yüksək qiymətləndirilərək Prezident Administrasiyasına görüşə dəvət edilən Ərtoğrul Kamalov deyib. 

Ə.Kamalov bildirib ki, Operativ Qərargahın brifinqini izləyən zaman təsadüfən bu mövzuda ilk videosunu hazırlayıb: “Bu işə düşünülmüş şəkildə başlamamışam. İnsanlar tərəfindən bəyənildiyi üçün sonradan davam etdim. Onu da deyim ki, Operativ Qərargahın bütün üzvlərini tək özüm səsləndirirəm. Sizin sayt vasitəsi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, cənab prezidentin köməkçiləri Hikmət Hacıyev və Şahmar Mövsümova təşəkkürümü bildirirəm. Bu, mənim timsalımda Azərbaycan gəncliyinə verilən qiymətdir. Dövlət göstərdi ki, sivil yolla deyilən iradlara, tənqidlərə açıqdır və hər zaman dəstəkləyir”.
                     
Ə.Kamalov qeyd edib ki, Şahmar Mövsümovla görüşü barədə hazırladığı video çox bəyənilib:“Həmin videoda Şahmar müəllimin  adından yazdığım sözlərə müsbət rəylər gəldi. Eyni zamanda da TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı haqda hazırladığım videolar da marağa səbəb oldu. Onu da qeyd edim ki, Ramin müəllimə də hörmətim var. Onların hər birinə təşəkkür edirəm ki, indiyə qədər heç bir mənfi rekasiya vermədilər. Əksinə dəstək olurlar. Buna görə də çox qürur duyuram. Heç kim deyə bilməz ki, Azərbaycanda gənclər sıxışdırılır”.
                           
Ərtoğrul Kamalov deyib ki, bu tip videoları hazırlamağa davam edəcək:“Çox istəyirəm ki, pandemiya tezliklə bitsin. Bu virus ölkəmizdən yox olub getsin, daha rahat günlərə çıxaq. Bununla da bağlı bir video hazırlayım”.

Ə.Kamalov Prezident Administrasiyana görüşə getməkdən qürür duyacağını vurğulayıb: “Hikmət müəllim və Şahmar müəllimlə görüşmək mənim üçün həqiqətən də tarixi görüş olar. Adətən bu kimi hallarda xarici dövlət adamlarını misal göstərirlər. Özümüzkiləri niyə misal göstərmirik? Onlar brifinqdə adi bir gəncin işi barədə danışıb, təşəkkür edirlər”.

Kamalov bildirib ki, görüş baş tutarsa Azərbaycan gəncliyi adından Prezident köməkçilərinə təşəkkürünü bildirəcək:“Hazırladığım videolar cəmiyyətdə olan problemlərin görüntüsü idi. Amma təbii ki, dövlət olaraq bütün bu problemlərə nəzarət var. Ona görə də bildirmək istəyirəm ki, bu problemlərin varlığını özüm kəşf etməmişəm. Dövlət bunu bilir və bu istiqamətdə işlər aparır”.

Teymur Məmmədov