DİM abituriyentlərə imtahan barədə BİLDİRİŞ GÖNDƏRMİR? – Əvvəlki ilin məzunlarından NARAZILIQ
    • 22-08-2020, 18:12
    • 990

DİM abituriyentlərə imtahan barədə BİLDİRİŞ GÖNDƏRMİR? – Əvvəlki ilin məzunlarından NARAZILIQ

Dövlət İmtahan Mərkəzi tərəfindən avqustun 20-də şəhər və rayonların imtahan qrafikinə uyğun olaraq I və IV ixtisas qrupları ali təhsil müəssisələrinə qəbul imtahanları keçirilib. 

Əvvəlki illərin məzunlarından redaksiyamıza daxil olan şikayətlərə əsasən, Dövlət İmtahan Mərkəzi tərəfindən 14 avqust 2020-ci il tarixində I və IV ixtisas qrupları üzrə keçirilən imtahanda iştirak üçün 40 manat rüsum ödəyib, əlaqə üçün məlumatları qeyd etsələr də, onlara imtahan barədə məlumat və ya bildiriş gəlməyib. 


Məlumat üçün bildirək ki, ilk imtahanda Azərbaycan və rus, ikinci imtahanda isə Fizika, Kimya və Riyaziyyat fənnləri yer alıb. Cari ilin məzunları təkcə ikinci imtahanın balı ilə kifayətlənməyin ədalətsiz olduğunu qeyd edirlər. 

DİM məsələ ilə bağlı News24.az-ın sorğusunu belə cavablayıb:

“Qaydalara əsasən, Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanların qrafiki mərkəzin rəsmi saytı və sosial şəbəkə hesabları vasitəsilə elan olunur. Bundan əlavə, bütün kütləvi informasiya vasitələrində də imtahanların qrafiki barədə məlumat verilir. İmtahana 5 gün qalmış isə qeydiyyatdan keçmiş abituriyentlərin yenə də Mərkəzin saytında "İmtahana buraxılış vərəqəsi" yerləşdirilir və burada imtahanın yeri və vaxtı qeyd olunur. Abituriyentlər DİM-in məlumatlarını izləməlidirlər. 

Qəbul imtahanlarının birinci mərhələsi rayon və şəhərlər üzrə mərhələ-mərhələ iyun-iyul aylarında təşkil olunub. Qeyd olunan imtahanlarda təqribən 200 mindən çox şagird (abituriyent) iştirak edib. Əlavə olaraq, mərkəz tərəfindən bu imtahanlarda üzrlü səbəbdən iştirak edə bilməyən abituriyentlərə də şərait yaradılıb və onlar növbəti imtahan günlərinin birində imtahan veriblər”.

DİM-in sözcüsü əlavə edib ki, qəbul qaydalarına görə, imtahanın birinci mərhələsində iştirak etməyənlər ikinci mərhələyə buraxılmır: “Lakin bu il müstəsna hal kimi COVID-19 infeksiyası ilə əlaqədar yaranan çətinliklər, xüsusi karantin rejimi və pandemiya şəraitinin məhdudiyyətləri nəzərə alınaraq, hər hansı əsaslı bir səbəb olmadan qəbul imtahanlarının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanı) iştirak etməyən abituriyentlərin (1000-ə yaxın) də imtahanların ikinci mərhələsinə buraxılmalarına icazə verilib və elan edilib ki, bu abituriyentlər ali təhsil müəssisələrinə qəbul olmaq üçün keçirilən müsabiqədə qəbul imtahanlarının ikinci mərhələsindən topladıqları bal əsasında iştirak edəcəklər. Əslində, qeyd olunan kateqoriyaya aid abituriyentlərin imtahanın ikinci mərhələsinə buraxılması böyük güzəştdir.

İmtahanlarda iştirakla bağlı ödənişə gəldikdə isə, ilk dəfə sənəd verən abituriyentlər hər hansı bir ödəniş etmirlər. Ödənişi əvvəlki illərdə ən azı bir dəfə bu imtahanlarda iştirak etmiş abituriyentlər edirlər. Burada isə 40 manat ödəməklə yalnız bir mərhələdə deyil, hər iki mərhələdə iştiraka icazə verilir”.

Məhərrəm Əliyev