Son sözü PUTİN DEYƏCƏK – Yaxın vaxtlarda rus ordusu Belarusa... – Ekspertlər GİZLİ DETALLARI AÇDI
    • 24-08-2020, 16:31
    • 1 199

Son sözü PUTİN DEYƏCƏK – Yaxın vaxtlarda rus ordusu Belarusa... – Ekspertlər GİZLİ DETALLARI AÇDI

Avqustun 23-də Minskdə “Yeni Belarus üçün yürüş” adlı aksiya keçirilib.  Müxtəlif mənbələrin verdiyi məlumatlara görə, aksiyada 150 mindən 200 minə qədər insan iştirak edib. Etirazçılar yenə də “Get! Get!” şüarları səsləndirərək, ölkədə yenidən prezident seçkilərinin keçirilməsini tələb ediblər. Belarus Prezidenti Aleksandr Lukaşenko isə vertolyotla müxalifətin etiraz aksiyası keçirdiyi əraziyə - İstiqlaliyyət Sarayının qarşısına gəlib. Görüntülərdən aydın olur ki, prezidentin əlində avtomat olub. Daha sonra Belarus prezidenti xüsusi təyinatlıların yanına gələrək onlara təşəkkür edib. “Biz onlarla bacaracağıq, uşaqlar çox sağ olun” deyə bildirib. Lukaşenkonun bu addımı insanlarda müxtəlif reaksiyalara səbəb olub. 

News24.az məsələ ilə bağlı ekspertlərin fikirlərini öyrənib. 
Politoloq, Beynəlxalq münasibətlər və təhlükəsizlik məsələləri üzrə mütəxəssis Nəzakət Məmmədova Belarusdakı prosesləri belə təhlil edib:

“Belarus hər şeydən əvvəl bir keçmiş Sovet Respublikası, slavyan ölkəsi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında Rusiyanın hərbi-siyasi müttəfiqi olan dövlətdir. Belə olan halda təbii ki, orada baş verən hadisələr Rusiyanı bilavasitə narahat etməyə bilməz. Belarusun Qərbin - NATO və Avropa İttifaqının nəzarətinə keçməsi Rusiyanın milli təhlükəsizliyinə ən böyük təhdidlərdən biridir. 

Belarus Rusiya üçün üç NATO üzvü - Polşa, Latviya və  Litvanın qarşısında qoruyucu sipər, sanitar kardondur. Napoleon da, Hitler də Rusiyaya Belarusiyadan keçərək hücum ediblər. Belarus Putinin böyük rus dünyası hesab etdiyi pravoslav - slavyan sivilizasiyasının bir parçası hesab olunur. Belarus da Ukrayna kimi Rusiyanın təsirindən çıxarsa, Rusiya həm böyük geosiyasi, eyni zamanda slavyan və pravoslav sivilizasiyası daxilində parçalanma ilə qarşılaşa bilər. Buna Qərb tərəfindən cəhdlər son dövrdə xüsusilə artıb”. 

Politoloq Belarusla Rusiyanın münasibətlərinin pisləşməsinin səbəblərini və ABŞ-ın proseslərə hansı formada daxil olduğunu belə izah edib: “Rusiyanın Belarusa satdığı xam neftin qiymətini bahalaşdırması Putinlə Lukaşenkonu kameralar qarşısında mübahisə etməyə vadar etdi. Nəticədə, bu ilin fevralında ABŞ dövlət katibi Mayk Pompeonun Minskə səfəri başladı və o, ABŞ-ın yardımını təklif etdi. Bu, Rusiyaya bir həyəcan siqnalı idi. Moskva revanş almaq üçün 6 ay sonra keçiriləcək prezident seçkilərini gözləməyə qərar verdi. Təsadüfi deyil ki, Lukaşenko ilk vaxtlarda proseslərin Moskvadan idarə olunmasını iddia edirdi. Hətta S.Tixanovskayanın evindən tapılan 1 milyon dolların da Rusiyadan göndərildiyini bəyan etmişdi. Lakin proseslər mürəkkəbləşdikcə o, Qərbi ittiham etməyə başladı və Rusiyadan kömək istədi. Rusiya bu köməyi edə bilər. Ancaq Lukaşenko Rusiya ilə ittifaq dövləti anlaşmasına razılıq verməli və digər şərtləri yerinə yetirməlidir”. 

N.Məmmədova hesab edir ki, Belarusda son sözü Putin deyəcək: “Hazırkı müxalifət lideri Tixanovskayanın əlində lazımi gücü yoxdur. Əsas güc Putində və Lukaşenkodadır. Əgər onlar Putinin şərtləri üzrə razılığa gələ bilsələr, vəziyyət tam nəzarət altına alınacaq və ölkədə sabitlik bərpa olunacaq. Lukaşenko daha loyal siyasət yeridəcək və Rusiya ilə Belarus ittifaq respublikasında birləşəcəklər. Lakin müxalifət Lukaşenkonu ölkədən qovsa, ki, bu ehtimal azdır, amma istisna olunmur, o zaman Rusiya Ukraynada olduğu kimi Belarusa açıq şəkildə ordu yeridə bilər. Yaxud öz gizli silahlılarını göndərib nəzarətə ələ keçirməyə çalışa bilər”. 

Onun sözlərinə görə, proseslərdə Avropa İttifaqı və ABŞ-ın da rolu istisna edilə bilməz: “Tixanovskayaya Latviyada sığınacaq verilməsi, Avropa İttifaqının Belarusa sanksiya tələb etmək planları Aİ və ABŞ-ın seçkilərin nəticəsini tanımayaraq, Lukaşenkonu təbrik etməməsi bunu deməyə əsas verir. Qərbin maliyyələşdirdiyi vətəndaş cəmiyyəti institutlarının qonşu Polşadan prosesləri idarə etdiyi barədə məlumatlar var. Ölkənin Rusiya və Qərb arasında həm də satış və xammal bazarı kimi bölünməsi uğrunda mübarizə gedir.

Belarusdakı istehsalın 30 faizinin indiyədək özəlləşdirilməmiş 600 müəssisədə həyata keçirilməsi Rusiya və Qərb şirkətlərini bu prosesdə iştirak etməyə təşviq edir. Rusiyanın Qazprom şirkəti 14 il əvvəl Beltransqazın səhmlərinin 50 faizini ələ keçirdi. 2009-cu ildə isə Beynəlxalq Valyuta Fondunun tələbi ilə 5 iri müəssisə özəlləşdi. Alman, italyan, avstriya, rusiya və amerikalı monopolistlər ölkəyə sərmayə yatırmaq icazəsi əldə etdilər. Hər şey Lukaşenkonun xarici transmilli şirkətlərlə razılığa gələ bilməsindən asılıdır”.


Siyasi şərhçi Asif Nərimanlı bildirib ki, Lukaşenkonun vertolyot vasitəsilə əlində avtomatla etiraz aksiyalarının keçirildiyi əraziyə gəlməsi müxalifətə bazar ertəsinə qədər verdiyi vaxtın tamamlandığını göstərir:

“Əsas məsələ odur ki, Lukaşenko etirazları seçkidən dərhal sonra niyə dağıtmadı və sərt müdaxilə üçün niyə bu qədər gözlədi? Belarusda baş verənləri anlamaq üçün prosesə əvəldən baxmaq lazımdır və fikrimcə, etirazlar əhalinin bu və ya digər narazılığından qaynaqlansa da, proseslərin dizayn edilməsini Lukaşenko ilə birlikdə Moskva həyata keçirirdi. Belarusda qalmaqal seçkidən öncə Lukaşenkonun “Vaqner” qruplaşmasının döyüşçülərini tutması və müttəfiqi olan rusların onu devirmək istədiyini açıqlaması ilə başladı. Rusiya “Vaqner”in Belarusdan başqa ölkəyə getmək üçün tranzit olaraq istifadə etdiyini deməklə bu iddianı təkzib etmədi. Belə görünürdü ki, Rusiya son illər mərkəzdənqaçma xətti tutan Lukaşenkonu devirmək yerinə müxalifəti gətirmək niyyətindədir. 

Müxalifətin əsas namizədi Svetlana Tixanovskayanın Lukaşenkonun Moskvaya qaçan əsas rəqibi Valeri Çepkalo tərəfindən dəstəklənməsi “rus izi” ehtimalını artırırdı. Lakin Putinin “Vaqner”i Belarusda mehmanxanaya göndərəcək və Lukaşenkonun əlinə verəcək qədər diletant siyasət aparacağı, yaxud Qərb sərhədində əsas qalası olaraq gördüyü Minskdə bu qədər riskli addım atacağı şübhəli idi. Moskva Lukeşnkonu devirmək istəsəydi, bu qədər açıq hərəkət etməzdi. Bu şübhələr fonunda Belarusda baş verənlərin əvvəldən Putin və Lukaşenko arasında “danışılmış döyüş” olduğu ehtimalı önə çıxır”.

Ekspertin fikrincə, Lukaşenko “Vaqner”dən seçki öncəsi cəmiyyətə “sabitliyin pozulması” siqnalını ötürdü və mövcud sabitliyin yeganə zaminin özü olduğunu göstərdi: “Putin də Lukaşenko ilə mübarizə aparan tərəf qismində çıxış edərək, Belarus müxalifətinin dəstəkçisi kimi çıxış etdi və Qərbin təsirini azaltdı. “Danışılmış döyüş”ün ilkin hədəfi Belarusda Rusiyanın nəzarətində olan güclü müxalifətin yaradılması idi. Lukaşenko üçün opponentlərinin Rusiya tərəfində olması Qərb təsirində olmasından daha sərfəlidir, çünki lazımi məqamlarda nələrisə qurban verərək, ruslarla anlaşmaq imkanı var. Rusiya isə nəzarətində olan müxalifətlə Belarusun hakimiyyətinin mərkəzdənqaçma addımlarına qarşı təzyiq vasitəsi və Lukaşenkonun hakimiyyətdən getməsi zərurəti yarandıqda öz təsirində olan qüvvələrin iqtidara gəlməsi, beləliklə, bütün risklərdə Qərbin bu qalasını almasının qarşısını almaq imkanı qazanmaq istəyir.

Tixanovskayanın Litvaya qaçması, etiraz dalğasının böyüməsi isə iki versiyanı önə çıxardı: ya plan hazırlandığı kimi getmədi, ya da etirazların genişlənməsinə imkanın yaradılması da rusların daha uzaq perspektivli hədəflərinə hesablanıb. Lukaşenkonun etirazlara əvvəldən “şərait” yaratması ikinci versiyanı gücləndirir. Bu, Rusiya-Belarus “birləşməsi”, yaxud “vahid dövlət“in yaradılması olduğu deyilən “dərin inteqrasiya”nın başqa formasiyada həyata keçirilməsidir. Lukaşenko əvvəldən buna qarşı çıxdı, hakimiyyətini saxlamaq hesabına buna getmək istəsəydi belə, bunu belaruslulara qəbul etdirməsi lazım idi. Xüsusilə, əhalinin Qərbə inteqrasiyaya üstünlük verməsi, Avropa həyat tərzinə daha çox maraq göstərməsi fonunda bu çətindir”. 

A.Nərimanlı vurğulayıb ki, nəyisə insanlara qəbul etdirməyin yolu mütləq əlində mövcud olanın itirilməsi təhlükəsini yaratmaqdır: “
Yəni Lukaşenko hansısa fors-major situasiya və ya zərurət olmadan belə bir ideyanı Belarus xalqına qəbul etdirə bilməzdi. Etiraz dalğasının böyüməsi, Lukaşenkonun “dövləti dağıtmaq istəyirlər” tezislərini irəli sürməsi arzulanan situasiyanın yetişdiyini deməyə əsas verir. Belə demək mümkünsə, belaruslulara əllərində olanı itirməsi təhlükəsi yaradılıb. “Vaqner” qalmaqalı, Putin-Lukaşenko qarşıdurması, rusların özlərini dəstəkçisi kimi göstərdikləri etiraz dalğası, hakimiyyətin etirazları dağıtmamaqda və genişlənməsində maraqlı görünməsi bütün proseslərin Rusiya-Belarus “birləşməsi”nə hesablandığı versiyanı gücləndirir”.

Siyasi şərhçi sonda qeyd edib ki, koronavirus pandemiyasının Qərbdə yaratdığı siyasi fikir ayrılıqları, ABŞ-da qaradərililərin üsyanı və növbəti prezident seçkiləri ərəfəsində Vaşinqtonun “qınına çəkilməsi” Rusiyaya uzaq qərb qalasında istədiyi planı həyata keçirməsi üçün fürsət yaradıb: “Burada Putinə rus ictimaiyyətinə təqdim edəcəyi “yeni qələbə”nin də lazım olduğu ayrı bir detaldır. Yaxın dövrdə Belarus hakimiyyətinin dəvəti ilə rus ordusunun Minskə girişi təəccüblü olmayacaq, artıq Lukaşenko zərurət olacağı təqdirdə rusları dəvət edəcəklərini açılayıb. Rus ordusunun gəlişindən sonra Moskvanın “dərin inteqrasiya” planının həyata keçirilməsinə başlanacaq”.

Məhərrəm Əliyev