"Referans" Klinikasında NƏLƏR BAŞ VERİR? - VİDEO
    • 1-09-2020, 17:21
    • 2 346

"Referans" Klinikasında NƏLƏR BAŞ VERİR? - VİDEO

Paytaxtın Nərimanov rayonunda yerləşən "Referans" Klinik Laboratoriya Mərkəzi ilə bağlı vətəndaşlardan şikayət var.

News24.az-a daxil olan şikayətlərə əsasən, koronavirus testi üçün müraciət edən vətəndaşların analizlərinin cavabları gecikdirilir.

Görüntülərdən də aydın olur ki, analizlərin cavabları gecikdiyi üçün sosial məsafə də pozulub. Beləliklə, vətəndaşların sağlamlığı risk altına düşür.

Həmçinin, xaricə səfər etmək üçün koronavirus testi vermək istəyən vətəndaşlar saatlarla gözləməli olurlar. Uzun növbə olmasına baxmayaraq vətəndaşlara xidmət edən şəxsin yalnız bir nəfər olduğu da şikayətdə yer alıb.  

Qeyd edək ki, məlum xəstəxanada koronavirus testinin qiyməti 100 manatdır.

Məsələ ilə bağlı News24.az-ın sorğusunu cavablayan Referans Klinik Laboratoriya Mərkəzi öz mövqeyini belə ifadə edib: "Referans Klinik Laboratoriya Mərkəzi olaraq pasiyent məmnuniyyəti və xidmət keyfiyyəti əsas prioritetimizdir. Ölkəmizdə pandemiya elan olunan gündən Referans laboratoriyasında koronavirusa qarşı qabaqlayıcı- izolyasiya tədbirləri mütəmadi həyata keçirilir. Mərkəzimizdə sanitar-epidemioloji vəziyyəti nəzarətdə saxlamaq məqsədilə uçuş öncəsi nəticəyə uyğun tibbi arayışların verilməsi, eləcə də digər pasiyentlərin laborator müayinə cavablarının çatdırılması, həm müəyyən vaxt aralıqları ilə birbaşa, operativliyi təmin etmək üçün həm elektron formada mail, "WhatsApp" platforması üzərindən, həm də ünvana çatdırılma xidməti ilə həyata keçirilir.  

Qeyd etmək istəyirəm ki, bizim operativliyimiz həmişə qorunub saxlanılır. News24.az xəbər portalındakı kadrlar bazar gününə aiddir. Bazar günü laboratoriyanın iş qrafiki 08:00-14:00-a qədər olduğu üçün, sonrakı saatlarda kadrlardan da göründüyü kimi, mühafizə əməkdaşı tərəfindən pasiyentlərə lazımi köməklik göstərilir. 

Pasiyent müraciətlərinin çoxluğunu nəzərə alaraq, uçuş öncəsi arayışların sürətli verilməsini təmin etmək və xidmət səviyyəmizi artırmaq məqsədilə laboratoriyaya yaxın Covid-19 səyyar nümunə qəbulu məntəqəmiz var ki, pasiyentlər orada sosial məsafə sıxlığı yaranmadan daha sürətli şəkildə laborator nəticələrini əldə edə bilərlər".