Elnarə Abdullayevanın fotosunun əks olunduğu ÇİLÇIRAĞIN QİYMƏTİ...
    • 2-09-2020, 13:44
    • 589

Elnarə Abdullayevanın fotosunun əks olunduğu ÇİLÇIRAĞIN QİYMƏTİ... "YENƏ İLKƏ İMZA ATDIM"

Əməkdar artist Elnarə Abdullayevanın sosial şəbəkədə etdiyi sonuncu paylaşımı müzakirələrə səbəb olub. Xanəndə evinin tavanına qaval formalı çilçıraq quraşdırıb. Çilçırağın üzərində isə Elnarə Abdullayevanın rəsmi həkk olunub. 

Xanəndə News24.az-a açıqlamasında bildirib ki, bu çilçıraq hədiyyə deyil: "Çilçırağın ideya müəllifi Eldar Kərimovdur. İnanın ki, bunu etmək heç vaxt ağlıma gəlməzdi. Amma nəticə çox xoşuma gəldi, qəşəng də alınıb. Kasıbın malı bu qədər olar (gülür). İnsanın bahalı xrustalı olmayanda, başını belə şeylərlə qatır. Qiymətini bilmirəm, amma onu deyə bilərəm ki, belə işlər qiymətsiz olur. Sənətin qiyməti olmaz. Çilçırağı qonaq otağına yerləşdirdik. Ümumiyyətlə biz ilklərə imza atmağı bacarırıq. Düzdür, ilk baxışdan adi gəldi, amma sonra bəyəndim".

Elnarə Abdullayeva onu da deyib ki, sözügedən çilçırağın kənarında 12 buta var və bu da 12 imamla təzahür olunur: "Bunun mənim üçün xüsusi dəyəri və mənası var. 12 buta, 12 bizi qoruyan imamımız da var. Onu deyə bilərəm ki, bu çilçırağın dini bağlılığı var. Üzərində dörd mövsüm də göstərilib".

Çilçıraqda Elnarə Abduallayevanın fotosunun əks olunması da sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Bəzi sosial şəbəkə istifadəçiləri "Bir bu çatmırdı" yazaraq xanəndənin addımını tənqid ediblər. E.Abdullayeva isə hesab edir ki, kim nə yazıbsa, bu onun şəxsi işidir: "Kim nə yazıbsa özü bilər. Güya bundan öncə nə var idi ki, bu da olsun? Hər kəs başa düşdüyünü deyir, yazır. Bu göstərici deyil, sənət əsəridir. Heç düşünməzdim ki, bu iş bu qədər səs-küyə səbəb olacaq. İndi birini gördünüz, amma bəlkə başqa fotomun da  həkk olunduğu əl işini paylaşdım". 

Çilçırağın qiymətinə gəlincə, E.Abdullayevaya dəfələrlə eyni sualı ünvanlandırsaq da, cavab almadıq. Nəticə olaraq belə qənaətə gəlinir ki, ya çilçıraq çox bahadır ki, bu qiyməti demir, ya da çox ucuz olduğu üçün çılçırağın ona neçəyə başa gəldiyini açıqlamaqdan çəkinir. 

Sevda Bayramova