AQTA mehmanxanalarla bağlı vətəndaşlara MÜRACİƏT ETDİ
    • 25-09-2020, 17:43
    • 525

AQTA mehmanxanalarla bağlı vətəndaşlara MÜRACİƏT ETDİ

“Mehmanxanaların daha sərt yoxlanması regionlarda həyata keçirilir. Bizim turizm destinasiyası dediyimiz, yəni, turizmin inkişaf etdiyi bütün regionlarda mehmanxanaların fəaliyyətinə Dövlət Turizm Agentliyi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, Səhiyyə Nazirliyi və Dövlət Vergi Xidməti tərəfindən nəzarət tədbirləri həyata keçirilir. Bununla bağlı qurumun nümayəndələrindən ibarət monitorinq qrupu yaradılıb”. 

News24.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “Facebook” səhifəsindəki "Təhlükəsiz Qida" adlı onlayn verilişində AQTA sədrinin müşaviri Elxan Mikayılov bildirib. Onun sözlərinə görə, son dövrlərdə əsas diqqət turizm destinasiyaları, yəni, daha çox mehmanxana, istirahət zonaları olan regionlara ayrılıb: “Bu rayon və şəhərlərin sayı 11-dir. Bunlardan yalnız biri Bakıdır, digər 10-u Azərbaycanın bütün coğrafiyasını əhatə edən rayon və şəhərlərdir. Həmin 11 rayon və şəhər üzrə monitorinq qrupları tərəfindən hər gün qrafik üzrə monitorinqlər həyata keçirilir. İctimai iaşə obyektlərinin sayı həddindən çox olduğuna görə burada daha çox selektiv, yəni seçim etməklə monitorinqlər həyata keçirilir.

Mehmanxanaların sayı isə imkan verir ki, həftədə ən azı 1 dəfə əksər mehmanxanalarda təkrar monitorinq keçirilsin. Yəni, mehmanxanalarda təkrar monitorinqlərin sayı yalnız ictimai iaşə obyekti kimi fəaliyyət göstərən obyektlərdən daha çoxdur. Bu mənada vətəndaşlara da çağırış edirik ki, mehmanxanalarda, xüsusilə regionlarda hər hansı uyğunsuzluq halları aşkarlayarlarsa, o cümlədən maskalarla bağlı məsələyə düzgün riayət edilməməsi, dezinfeksiyaedici məhlulların olmaması ilə qarşılaşarlarsa, o zaman AQTA-nın "Qaynar xətt"inə müraciət edə bilərlər. Bu müraciətlərə adekvat cavab veriləcək”.