Üzeyir Cəfərli: Yaxın saatlarda YAXŞI XƏBƏRLƏR EŞİDƏCƏYİK
    • 4-10-2020, 16:18
    • 1 697

Üzeyir Cəfərli: Yaxın saatlarda YAXŞI XƏBƏRLƏR EŞİDƏCƏYİK

"Ermənistanın tarixi reallıqla üzləşməyinə az qalıb". 

Bunu News24.az-a açıqlamasında Ermənistanın Gəncəyə hücumunu və son hadisələri təhlil edən hərbi ekspert Üzeyir Cəfərli deyib.

Ekspert qeyd edib ki, Ermənistanın hərbi-siyası rəhbərliyinin göstərişi ilə beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla döyüş əməliyyatlarının aparıldığı bölgəyə aidiyyəti olmayan Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə şəhərinin mülki əhalisinin sıx yaşadığı məntəqələri ağır artilleriyadan atəşə tutması Azərbaycana meydan oxumağa bir cəhddir: "Ancaq bunun onlar üçün heç bir faydası olmayacaq. Ümumiyyətlə, Ermənistan rəhbərliyi son illərin ən bağışlanılmaz və kobud səhvinə yol verib.

Gəncə nə 1990-cı illərdə, nə də atəşkəs dövründə belə açıq hücuma məruz qalmayıb. Biz bilirdik ki, erməni nəsə edə bilər, amma onların bu dərəcə ağılsız hərəkəti gözlənilən deyildi. Hesab edirəm ki, Azərbaycan Ermənistanı ən sərt şəkildə cəzalandıracaq. 
Bakıdan sonra əhalinin ən çox yaşadığı ikinci şəhərimiz Gəncədir. Buna görə də ermənilər Gəncə əhalisi arasında təşviş yaradıb, köç etmələrini istəyir. Belə olan halda panika yarana bilər. Ancaq təbii ki, bunlar xülyadır və belə bir şey mümkün deyil. Təxmini rəqəmlərə əsasən, Ermənistanın 3500-4000 arası itkiləri var. Bu itkilərə görə, erməni xalqı Paşinyanın yaxasından yapışacaq". 

Hərbi ekspert bildirib ki, yaxın saatlarda yaxşı xəbərlər eşidəcəyik: “Ancaq düşmənin hansısa addımlar atmaması üçün detallı formada qabaqcadan deyə bilmərik". 

O, bəzi media nümayəndələrinə tövsiyə verməyi də unutmayıb: "Bizim bölgələrdə canlı yayım edən bəzi jurnalistlər kobud səhvlərə yol verirlər. Buna görə də diqqətli olmalıdılar. Canlı bağlantılar erməni üçün əla fürsətə çevrilir. Jurnalistlər ziyan dəymiş hansısa ərazimizi göstərəndə və ya tam formada adını deyəndə, düşmənin artilleriyasına koordinatlarımızı dəqiq vurmağa kömək edirlər. Təbii ki, jurnalistlərimiz bu səhvi bilərək icra etmirlər. Ancaq yenə də bu məsələdə çox diqqətli olmalıyıq". 

Məhərrəm Əliyev