Əsgərə hər qidanı göndərmək doğrudurmu? - POLKOVNİK DANIŞDI
    • 7-10-2020, 18:20
    • 749

Əsgərə hər qidanı göndərmək doğrudurmu? - POLKOVNİK DANIŞDI

2020-ci ilin sentyabrın 27-də Ermənistan silahlı qüvvələri beynəlxalq hüquq normalarını yenidən kobud surətdə pozaraq müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə etməklə bir neçə istiqamətdən Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutub. Nəticədə mülki şəxslər və hərbçilər arasında ölən, eləcə də yaralananlar olub. Hücumların qarşısının alınması məqsədi ilə Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başlayıb. 

Döyüşlər başladığı gündən etibarən Azərbaycan xalqı öz əsgərinə, ordusuna əlindən gələni etmək üçün növbəyə durub. Cəmiyyətdə müşahidə edilən hal budur ki, hər kəs bacardığı qədər nəsə etmək istəyir. Azərbaycan xalqı nə qədər səmimi olsa da, məsələnin ziyanlı tərəfləri də var. Xüsusilə, pərakəndə formada göndərilən qidaların əsgərlərin orqanizminə hansı formada təsir etdiyini, bunun düzgün olub-olmadığını, ümumiyyətlə, yardımların hansı formada edilməsinin daha məqsədəuyğun olduğunu ehtiyatda olan polkovnik Şair Ramaldanov saytımıza danışıb. 


Şair Ramaldanov News24.az-a açıqlamasında bildirib ki, Azərbaycan Ordusu lazımi qədər qida ehtiyatları ilə təmin olunur və bu məsələdə diqqətli olmalıyıq:

"1992-93-cü illərdə Azərbaycan Ordusunda yemək və digər təminatlar zəif idi. Ancaq müasir Azərbaycan Ordusu layiqincə təmin olunur və bütün ehtiyacları ödənir. Xalqımız tərəfindən edilən bütün yardımlar səmimidir. Bunlara qida, geyim və bir sıra yardımları nümunə deyə bilərik. Xüsusilə, qida yardımını qeyd etməliyəm. Ancaq bildirməliyəm ki, döyüş ərəfəsində qida təminatı gücləndirilir. Çatışmazlıq yox dərəcəsindədir. Buna baxmayaraq insan axınını saxlamaq olmur. Müdafiə Nazirliyi tərəfindən fəaliyyət göstərən qaynar xətt mövcuddur. O qaynar xəttə müraciət etdikdə yardımın hansı formada göndərilməsi, məhsulun növü və bir çox suallar cavablandırılır. Valideynlər hansı yardımları etmək istədiklərini Müdafiə Nazirliyinin qaynar xəttinə bildirərək öyrənə bilərlər ki, nə olar, nə olmaz. Əlavə qidaları saxlamağa Müdafiə Nazirliyinin imkanı yoxdur. Çünki bütün anbarlar döyüş aparan əsgərlərin və heyətin ərzaqları ilə doludur. Bu məhsulların müəyyən bir istifadə müddəti olur. Bundan əlavə, xalqın səmimi dəstəyindən və Orduya sevgisindən məqsədyönlü formada hansısa məhsulları hərbi hissələrə keçirmək istəyənlər də mövcuddur". 

Ş.Ramaldanov qeyd edib ki, əsgərə qida yardımı edərkən ciddi təhlükəni də nəzərə almaq lazımdır: "Azərbaycan Ordusunda əsgərlərə verilən qidalar müəyyən sertifikata malikdir və lazımi yoxlamadan keçir. Orduya gedən məhsulun sanitar cəhətdən təhlükəsizlik məsələlərinə istehsalçı tərəf cavabdehlik daşıyır. Həmçinin, Milli Ordumuza hər qida daxil olmur. Burada ilk növbədə əsgərlərin sağlamlığı nəzərə alınır və ona uyğun qidalar seçilir. Əsgərlərin qida rasionu elmi cəhətdən müəyyən yoxlamalar, hesablamalar aparıldıqdan sonra təyin olunur. Qərarlar isə həm qida, həm rasion, həm də hansı mənbələrdən alınması istiqamətində danışıqlar aparıldıqdan sonra qəbul olunur. Müdafiə Nazirliyinin Ehtiyat Fondunun bank hesabları var. Yardım etmək istəyən şəxslər həmin banklara müraciət edərək müəyyən ödənişlər edib, qəbzlərini ala bilərlər. Müdafiə Nazirliyi isə ehtiyat fondundan lazım olan qidalara və ya ləvazimatlara pul xərcləyə bilər. Ən sivil və doğru yardımın yolu budur". 

Məhərrəm Əliyev