Kərpiclər arasında yaşayan Hikmət babanın HƏYAT HEKAYƏSİ:
    • 8-10-2020, 17:52
    • 1 036

Kərpiclər arasında yaşayan Hikmət babanın HƏYAT HEKAYƏSİ: "Sən demə..." - VİDEOREPORTAJ - FOTOLAR

Son bir neçə gündə kimliyindən, Azərbaycanın hansı bölgəsindən olmasından asılı olmayaraq hər kəsin ürəyi Qarabağla döyünür. Ürəklərdə, gözlərdə, fikirlərdə, kəlmələrdə yalnız Qarabağdır. Məhz bu sevgi bizi Şəki şəhərinin Baş Küngüt kəndinə çıxardı. 

Elə süjetimizin növbəti qəhrəmanı da əslən sözügedən kənddəndir.

69 yaşlı Hikmət babanın atdığı addım hər kəsi həm qürurlandırdı, həm də kövrəltdi. Hikmət baba hər ay təqaüdündən dar günü üçün qəpik-qəpik geriyə atdığı 180 manatını Silahlı Qüvvələrin Yardım Fonduna ianə edib. 
                           
Qəhrəmanımız News24.az-ın çəkiliş heyətini doqquz il ərzində öz zəhməti və əziyyəti ilə ərsəyə gətirdiyi evində qarşıladı. 


1951-ci ildə Şəki şəhərində anadan olan Hikmət babanın dörd qızı, bir oğlu və nəvələri var. O, yırtıq ayaqqabısı ilə “Asan xidmətə” getdiyi günü belə xatırlayır: “Qəpik-qəpik yığdığım pensiyam dünənki günə qismət oldu. Eşitdim ki, əsgərlərimiz üçün fond yaradılıb, mən də qərara gəldim ki, onlara gücüm çatdığı qədər dəstək olum. Sağ olsunlar, məni çox gözəl qarşıladılar. Dedilər ki, “dayı ehtiyatlı ol yıxılma”, mən də dedim ki, “ermənilər yıxılsınlar mən niyə yıxılıram?”(gülür) Orda 180 manatı köçürdüm, qəbzimi də aldım. Bu, lazımlı işdir.  Burada təəccüblü heç nə yoxdur. Borcumdur, ürəyimdən gəlib, eləmişəm. İnanın ki, ora getməyimi heç kimə demədim, bildirmədim. Yolda bir oğlan soruşdu ki, dayı hara gedirsən? Dedim xəstəxanaya (gülür). Mən ömrüm boyunca bacardığım qədəri ilə yaxşı addımlar atmağa çalışmışam. Çox şükür ki, bu da onlardan biri oldu. Allah qoysa qələbə bizim olacaq. Ordumuza yalnız irəli getməyi, əsgərlərimizə can sağlığı arzu edirəm. Əsgərlərimiz tezliklə zəfər çalaraq evlərinə qayıdacaqlar. Qarabağ bizimdir, bizim olacaq. Bu günlərdə yanıma gələn, kömək edən hər kəsə minnətdarlığımı bildirirəm". 


Hikmət babanın sözlərinə görə, o, heç vaxt Qarabağda olmayıb, amma lazım gələrsə hər an cəbhə bölgəsinə gedib vuruşmağa hazırdır. Ona cəbhəyə yollanmaq üçün bir əmr bəsdir: “Çox təəssüf ogözəl yerləri görmək heç vaxt qismət olmayıb. Bugünkü gündə özüm də ora gedib Vətən uğrunda mübarizə aparmaq istəyirəm. Gücüm də çatır buna. İndi vuruşmaq lazımdır. Çox istəyirəm ki, gedib Qarabağı görüm, gəzim. Mən getsəm buralar batar. Evi də tək qoymazlar. Ona görə də gəzib qayıdaram. Mən özüm hərbi xidməti keçmiş Leninqrad, indiki Sankt-Peterburq şəhərində keçmişəm. Bizə dəstək olan bütün ölkələrdən Allah razı olsun. Torpaqlarımızın işğaldan azad olunacağı xəbərini dörd gözlə gözləyirəm. Hər zaman həmrəy olmalıyıq". 

Kənd təsərrüfatı ilə məşğul olan həmsöhbətimiz kameramız önündə Şəki camaatından da danışıb: “Qədim Şəkimizin çox gözəl, qonaqpərvər, mərd insanları var. Allah vətənimizin hər bir insanını qorusun. Bilirsiniz, bizim nə gözəl və zəngin mətbəximiz var. Amma çox təəssüf ki, onlardan yeyə bilmirəm, ziyandır".


İndi Hikmət babanın timsalında ölkəmizdə Vətənini sevən yaşının neçə olmasından asılı olmayaraq işğal altında olan doğma torpaqlarımız uğrunda hər an mübarizəyə qoşulmağa hazır olan ağsaqqallarımız var. Biz də əminik və inanırıq ki, bu haqq savaşından üzüağ və qalib olaraq çıxacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! 

Sevda Bayramova
VİDEO/FOTO: Fərid Şabanov


Şəki şəhəri, Baş Küngüt kəndi