Asbest şiferlər niyə bazarlarda satılmır?
    • 13-10-2018, 11:40
    • 2 904

Asbest şiferlər niyə bazarlarda satılmır?

Hələ 1980-ci ildə məlum olub ki, asbest xəstəliklərə səbəb olur
2012-ci ildə ölkə ərazisində asbest (şifer) tikinti materialından istifadə və bu materialların satışı qadağan edildi. Səbəb kimi isə göstərildi ki, bu tikinti materialları insanlarda xərçəng xəstəliyi yarada bilər.
Azərbaycan Tibb Universitetinin (ATU) Onkoloji Klinikasının baş həkimi Nəsimi Qasımov: "Artıq çoxdan sübut olunub ki, asbest kanserogen maddədir"
 “Ancaq hələ də insanlar bu şiferlərdən alıb fərdi yaşayış evlərinin damına vururlar. Dünyada asbestin bədxassəli şiş əmələ gətirməsi artıq qəbul olunub və bizdə də hökumətin imkanı olduqca vəsait ayırır ki, binalarda şiferlər dəyişdirilir”.
Əvvəlcə məlumat üçün qeyd edək ki, Asbestin hasilatı haqında məlumatlar 4000 il əvvələ təsadüf edir. Lakin geniş şəkildə istifadəsi 19-cu əsrin sonlarında başlayıb. Bunun səbəbi asbestin unikal fiziki keyfiyyətlərinin olmasıdır: istiliyə düzümlülüyü, səs və elektrik keçirməzliyi, kimyəvi təsirə müqaviməti və ən vacibi qiymətinin yüksək olmaması.
Keçmişdə asbest ip istehsalında xammalın tərkibinə əlavə edilərək, yanmaya dayanıqlı material kimi tanınıb. Belə məlumat da var ki, Marko Polonun Asiya səyahətlərində gördüyü yanmayan paltarlar asbestdən hazırlanıb. Gərilmə müqaviməti yüksək olduğundan, istiliyi keçirməməsi və kimyəvi təsirə qarşı müqavimətli olması səbəbindən asbest bir çox sahələrdə istifadə olunub. Xüsusilə 20-ci əsrin əvvəllərində asbest liflərinin sementlə qatışdırılaraq istifadəsi bütün dünyaya yayılıb və  inşaat materialları, boru, lövhələr, elektrik alətləri, ip istehsalı, izolyasiya materialları  kimi bir çox sahələrdə istifadə edilib.
Lakin hələ 1890-cı ildə məlum olub ki, asbest xəstəliklərə səbəb olur. Xüsusən də bu materialın ağciyər xərçənginə səbəb olduğu bildirilib. Ona görə də əksər ölkələr bu materialdan istifadəni məhdudlaşdırıblar. Ancaq Kanada, Rusiya, Çin kimi ölkələrdə bu materialın istehsalı yenə də davam edir. Qardaş Türkiyədə isə bu məhsulun istehsalına qadağa qoyulub.
Bəs Azərbaycan bazarlarında vəziyyət necədir?
“Yeni Müsavat” olaraq öyrəndik ki, Bakının iri tikinti materialları bazarında şiferlərə rast gəlmək çətin məsələdir. Belə ki, hazırda dam örtüyü kimi daha çox dəmir üzlüklər və keramika üzlüklər satılır. İnsanlar da daha çox bu iki materiala maraq göstərirlər. Lakin satıcılar söylədilər ki, şifer də tapmaq mümkündür. Bu materialları insanlar daha çox anbarların və digər bu kimi yerlərin dam örtüyü üçün alırlar.
İqtisadiyyatçılar da bildirdilər ki, Azərbaycanda dam örtüyü istehsalı yoxdur. Əsasən bu materiallar xaricdən gətirilir.
Lakin bu gün də xüsusilə bölgələrimizdə insanlar evlərinin damına şifer vururlar. Buna səbəb kimi isə onlar şifer dam örtüyünün ucuz olduğunu əsas götürürlər. Mütəxəssislər bildirirlər ki, şiferlər ucuz olsa da, tez yararsız vəziyyətə düşür, rəngini dəyişir. Onu da qeyd edək ki, Avropa Birliyində asbest istifadəsi 1950-1980-ci illərə qədər sürətlə artıb. 1980-ci illərdən isə asbest istifadəsində ciddi azalma başlandı və 1999-cu il direktivi (1999/77/EC) bütün Avropa Birliyi dövlətlərində asbestin istifadəsinə və satılmasına yasaq qoyuldu.
//Yeni Müsavat