“Ana, nə yemək, nə içmək, əsas odur məqsədə çatırıq, zirvəyə qalxırıq" - 26 yaşlı şəhidin anası DANIŞIR - VİDEOREPORTAJ
    • 12-11-2020, 18:28
    • 1 383

“Ana, nə yemək, nə içmək, əsas odur məqsədə çatırıq, zirvəyə qalxırıq" - 26 yaşlı şəhidin anası DANIŞIR - VİDEOREPORTAJ

“Mən özüm də heç bilmirdim ki, belə bir qəhrəmanın anasıyam. O mənim gözümdə bir əsgər, bir övlad idi. Hərbçi yoldaşları şəhadətindən sonra onun haqqında elə qürurla, fəxrlə danışdı ki, mat-məəttəl qaldım. Qəhərdən boğuldum”. 

Bu sözləri News24.az-ın Tovuzun Alakol kəndinə ezam olunmuş əməkdaşına açıqlamasında II Qarabağ Mühraibəsində şəhid olan 26 yaşlı Cavid Hüseynovun anası Səringül Çobanova deyib. 

Bir Şəhid düşünün. Zəhmətlə böyüdülən, göz nuru, ailənin ümid işığı, Vətən sevdalısı. Məcburiyyətdən yox, öz həvəsi ilə hərbçi olmaq istəyən bir Oğul. Söhbət Xüsusi Təyinatlı gizir Hüseynov Cavid Hümbət oğlundan gedir. Hüseynov Cavidin Vətən sevgisinin tərənnümü onun hərbi həyatında qazandığı fərqlənmə mükafatları, nailiyyətləri, diplomları ilə öz əksini tapdı. Amma o, bununla yetinmədi. Şücaətini İkinci Qarabağ Döyüşlərində göstərdi. Cavidin uşaqlıq idealı Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov olub. O Mübariz ki, Birinci Qarabağ döyüşlərində xalqına qarşı törədilən vəhşiliyə, caniliyə dözməyib, təkbaşına düşmən taboruna filmləri xatırladan qisas qətliamını yaşatmışdı. 

Tovuz rayonunun Alakol kəndində böyüyüb boya-başa çatmışdı Cavid: "Oğlum 5 yaşında olanda Xocalı soyqırımına aid kadrlara baxarkən intiqam hissi baş qaldırırdı, dizini və əyləşdiyi stolu yumruqlayırdı. General Polad Həşimovun əsgəri olub. Cavidin Belarusiyada keçirilən hərbi yarışlardakı qələbəsindən sonra Polad Həşimov Cavidi yanına çağıraraq onu təltif edib, qürur duyduğunu bildirib, sonra da ona 200 manat verib. Polad Həşimov düşmən gülləsinə tuş gəldikdən sonra Cavidin qisas hissi daha da alovlanır. Müharibəyə gedəcəyi günü həsrətlə gözləyir". 

Vaxt-vədə yetişir, Cavid İkinci Qarabağ Döyüşlərində, Vətən müharibəsində komandirini döyüşdən çıxarır, onu 6 saat qoruyur, 100-dən çox ermənini məhv edir. 

Cavid anasının “yeməyinə, içməyinə fikir verirsənmi” sualına “ana, nə yemək, nə içmək, əsas odur məqsədə çatırıq, zirvəyə qalxırıq”,- deyə cavab verir. 

Cavidin cəmi 26 yaşı var idi, Vətən boyda isə ürəyi. Bütöv Azərbaycan üçün döyünürdü o ürək... "Hərbçinin pul nəyinə lazımdır ki, hərbçiyə sədaqətli dostlar və ay-ulduzlu bayrağı yetər" demişdi şəhidimiz. Cavidin özü də, bayrağı da ən uca zirvədədir bu gün! Şəhidlik zirvəsində.

"İnşallah məzarımla da fəxr edəcəksən, Anam. Şəhadət məqamı ən uca zirvədir, o zirvə arzumdur" deyərək oktyabrın 28-də Qubadlı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalaraq ən ümdə arzusunu yerinə yetirdi Cavid... O canından çox sevdiyi üç rəngli doğma bayrağına sarılıb Müqəddəs Ana Torpağının ona açdığı qucağa qovuşdu. 


Cavid kimi oğullarla qazanılıb Qələbə! Qalibiyyət bu igidlərimizin qanı və canı bahasına başa gəlib! O Vətən xoşbəxtdir ki, uğrunda göz qırpmadan canını fəda edən oğullara sahibdir! Azərbaycan həqiqətən də çox xoşbəxt ölkədir! 

Hər bir ölkəyə nəsib olmur bu sonsuz sevgi! Bu Vətənə olan sevgi hissi, doğma torpağa olan məhəbbət duyğusudur. İnsanın qəlbinə hakim kəsilən, özündən asılı olmadan yaranan bir ümmandır Vətən eşqi. 

Artıq rahat uyuya bilərsən, igid. Qarabağlı, işıqlı günlərimiz yaxındadır. 

Və əminəm ki, biz hər dəfə Qarabağda günəşə göz qırpdıqca, sizin ruhunuz isinəcək. 

Cənnətin mübarək igid əsgər!

News24.az qəhrəman igidimizin ailəsi ilə olan süjeti təqdim edir:

Ülkər Qasımova
VİDEO: Fərid Şabanov

Tovuz rayonu, Alakol kəndi