"Geri qayıt!" əmrinə məhəl qoymayıb düşmənin üzərinə gedən Şəhidin son sözü:
    • 12-12-2020, 19:57
    • 1 190

"Geri qayıt!" əmrinə məhəl qoymayıb düşmənin üzərinə gedən Şəhidin son sözü: "BU DÖYÜŞ..." - VİDEOREPORTAJ - FOTOLAR

Şəhidlər ölməz, Vətən bölünməz! Bəli, bu sözlərin nə qədər həqiqət olduğunu bütün Azərbaycan gördü. Sentyabrın 27-si başlayan və noyabrın 10-da qələbə ilə yekunlaşan İkinci Qarabağ müharibəsində öz canından-qanından keçən hər əsgərin adı tariximizlə yanaşı qəlbimizə də həkk olundu. Bu oğullarımızdan biri də Azərbaycan torpaqları üçün canını fəda edən 34 yaşlı gizir şəhid Ceyhun Abbasovdur.

News24.az 
şəhidimizlə bağlı hazırladığı videoreportajı təqdim edir: 

C.Abbasov əslən Tovuzludur. Onun hələ uşaq yaşlarından hərbiyə marağı böyük olub. Torpaqlarımızın azadlığı uğrunda neçə-neçə müstəsna xidmətlər göstərib. Şəhidimiz 2016-cı ildə göstərdiyi şücaətə görə Cənab Prezident İlham Əliyevin sərəncamına əsasən, hərbi xidmətlərə görə medalla təltif olunub. Bununla yanaşı o, Tovuz hadisələrində də yaxından iştirak edib. Hətta C.Abbasov mənfur düşmənin rütbəli üzvünü öldürdüyü üçün Ermənistanda üç gün matem də elan olunmuşdu. Bir sözlə, şəhidimiz hər an, hər dəqiqə bu torpaq uğrunda öz canından-qanından keçməyə hazır olub. Gizirimiz İkinci Qarabağ müharibəsinin ikinci günü ağır yaralanaraq Murov dağında şəhidlik zirvəsinə ucaldı. 


Qəhrəmanımızın əmisi Namiq Abbasov oğlundan fəxrlə ağızdolusu danışıb: "Oğlum 13 ildir hərbi xidmətdədir. Əvvəllər kəşfiyatçı olub. Daha sonra isə onu snayper qrupunun komandir vəzifəsinə təyin ediblər. Çox güclü snayper olub. Ceyhun Tovuz hadisələrində Polad Həşimovla bir yerdə olub. Daima ona böyük hörməti və sevgisi olub. Belə övladı, döyüşçünü Allah 100 adamdan birinə qismət eləmir. Mənim üçün çox ağırdır, amma dözməliyik. Çünki Ceyhunumdan geriyə onun iki övladı qaldı".

Qəhrəman şəhidimiz Ceyhun Abbasov 72 gün sonra tapıldı. Onun nəşi ilk olaraq Gəncə şəhərinə daha sonra Bakıya gətirildi. Böyük izdihamla son mənzilə yola salınan şəhidimizin əmisi yoldaşı Kəmalə Abbasova deyir ki, Ceyhun müharibəyə gedəndə sanki şəhid olacağını hiss edibmiş. Deyib ki, "Mən gedirəm, getməliyəm. Polad Həşimovdan, şəhidlərimizdən artıq deyiləm. Ola bilsin ki, qayıtmadım, çünki bu adi döyüş deyil. Uşaqlarımı sizə əmanət qoyuram". Allah heç bir valideynə övlad itkisini nəsib etməsin, çox ağır və çətin vəziyyətdir. Oğlum vətənini, xalqını, millətini çox sevərdi. Hər zaman da bu Vətən üçün nəsə etmək istəyirdi. O, bir çox döyüşlərdə iştirak edib. Sonuncu dəfə Murov dağı uğrunda gedən gərgin döyüşlər zamanı şəhidlik zirvəsinə ucaldı. İlk olaraq ayağından yaralandı. Ona dedilər ki, qayıt, amma o qayıtmadı. Ayağının sarğısı ilə döyüşə davam etdi. Daha sonra isə böyrəyindən iki güllə zərbə alıb. Vəziyyəti çətin olduğundan rabitəyə cavab verməyib, önə gedib. Sonuncu dəfə oğlumu boyun nahiyəsindən snayper gülləsi isə vurublar". (ağlayır) 


Gizirimiz Ceyhun Abbasov İkinci Fəxri Xiyabanında general Polad Həşimovun yanında dəfn olunub. 

Allah rəhmət eləsin! Nə sənin, nə də bu torpaq uğrunda qanından, canından keçənlərin qanı yerdə qalmadı! 

Sevda Bayramova
VİDEO - FOTO: Fərid Şabanov