Azərbaycanlı həkimdən SƏRT SÖZLƏR: “Hamısı GİZLƏNİB, biz danışmağa MƏCBURUQ” – “Gətirilən peyvəndlər MƏNASIZDIR…”
    • 22-12-2020, 17:55
    • 917

Azərbaycanlı həkimdən SƏRT SÖZLƏR: “Hamısı GİZLƏNİB, biz danışmağa MƏCBURUQ” – “Gətirilən peyvəndlər MƏNASIZDIR…”

Tibb elminə bu ilin sentyabr ayından məlum olan koronavirusun mutasiya olunmuş yeni növünün son həftə ərzində sürətlə yayılması müşahidə edilib. Bunu Böyük Britaniya alimləri müəyyən ediblər. Böyük Britaniya Səhiyyə Nazirliyi "SARS-CoV-2” adlandırılan yeni növ koronavirus mutasiyasının virusun əvvəlki növündən daha tez yayıldığını və artıq Londonda çoxsaylı yoluxmanın olduğunu bildirib. 

Dekabrın 14-də Böyük Britaniyanın Səhiyyə naziri Mett Henkok bildirmişdi ki, britaniyalı alimlər koronavirusun məlum ştammlardan daha tez yayılan növünü aşkarlayıblar. Ölkənin Baş naziri Boris Conson isə deyib ki, ilkin məlumatlara görə, yeni mutasiyanın yoluxuculuğu 70% daha çoxdur. Bu səbəbdən dekabrın 20-dən ölkənin cənub-şərqində, eləcə də Londonda dördüncü səviyyə məhdudlaşdırma tətbiq edilib. Yeni mutasiya səbəbindən bir çox Avropa ölkələri Böyük Britaniya ilə avia və dəmiryolu əlaqəsini kəsməyə məcbur olublar. Məlum mutasiya həmçinin, Danimarka, Niderland, Avstraliyada, CAR və İtaliyada da qeydə alınıb.


News24.az məsələni aydınlaşdırmaq üçün ekspertlərin fikirlərini öyrənib.

Azərbaycan Həkimlər Birliyinin təmsilçisi Ədalət Rüstəm mövzu ilə bağlı düşüncələrini belə izah edib:


“Biz, Azərbaycan Həkimləri İctimai Birliyi təkliflər verdik, çıxış elədik. Əvvəldən hansı proqnozları vermişdiksə, hamısı doğru çıxdı. 7-8 ay bundan əvvəl dedik ki, bu peyvənd lazımsızdır. Çünki bu virus o qədər mutasiyaya uğrayır ki, koronavirusun mutantları ortaya çıxanda indiki viruslara görə hazırlanan peyvəndin heç bir mənası olmayacaq. Dediklərimiz indi olur. Britaniya virusunun əlamətləri artıq Azərbaycanda da var. Ola bilər, bu Britaniya virusu deyil, Cənubi Qafqaz virusu və ya Azərbaycan virusu adlandırılsın. Çox güman ki, bizim öz mutasiyaya uğramış virusumuz var. Azərbaycanda mutasiyaya uğramış virus Britaniya virusunun başqa bir variantıdır. Bizdə avqust ayının əvvəlində yoluxma sayı 60-70-ə düşmüşdü. Son vaxtlarda 4500- ə çatdı. Yavaş-yavaş aşağı düşür. Bu o deməkdir ki, mutasiya olmuş virus artıq bizdə də var və gətirilən peyvəndin də mənası yoxdur”.


Doktor Azərbaycanda infeksionistlərin mediaya açıqlama verməməsindən şikayətləndi: “Bəzən irad tuturlar ki, niyə cərrahlar, uroloqlar COVİD mövzusunda açıqlama verir. Baş virusoloq Azərbaycanda kimdir, heç kim onu tanımır. İnfeksionistlər danışmır, heç kim danışmır. Kimsə danışmalıdı axı?! 

Əvvəldən də demişdik ki, virus mutasiyaya uğrayacaq və daha aqressiv forması olacaq. Düzdür, qeyri-aqressiv formaları da olacaq. Xəstəlik törədən mutantları olacaq demişdik, oldu da. Bunların ölüm saylarını artıracağını da demişik. Yəni 7-8 ay əvvəl bunu demişdik. Bununla infeksionistlər, virusoloqlar məşğul olmalıdır. Hamısı gizləniblər, biz danışmağa məcburuq. Bu virus artıq hər birimizin evinə girib, insanlara kömək etməliyik”. 

Ə.Rüstəm onu da əlavə edib ki, hazırda ən tanınmış şirkətin peyvəndi olsa belə, artıq önəm daşımır: “Elm deyir ki, “Sinovac”, “Pfizer” də gətirilsə, əhəmiyyəti olmayacaq. Bu da Beynəlxalq Əczaçılıq şirkətlərinin, bir növ mafiyanın oyunlarıdır. O peyvəndləri sataraq milyardlar qazanacaqlar. Təkcə 1 milyon doza Azərbaycana satılsa, gömrük, nəqliyyat xərclərini çıxsaq, 35 milyon avro edəcək. Bu peyvəndi üzə çıxarmaqda məqsəd də milyardları qazanmaqdır”.

Azərbaycan Tibb Universitetinin ağciyər xəstəlikləri kafedrasının müdiri, dosent Rafiq Bayramovun fikrincə, mutasiyanın hansı formada özünü büruzə verəcəyini zaman göstərəcək: 


“Belə məsələlərdə səbrli və təmkinli olmaq lazımdır. Bu cür informasiyalar sürətlə yayılır, insanlarda ajiotaj və ciddi psixi pozuntular yaradır. Koronavirus infeksiyasının insanlara vurduğu ən böyük zərbə psixolojidir. COVID-19 gərginliyi sönməmiş B1.1.7 mutasiyası haqqında məlumat yayıldığı andan etibarən insanlarda gərginlik yenidən artıb. Məlum mutasiya nə dərəcə öz təsdiqini tapacaq, elmi əsaslandırılacaq, bu, müəmmalıdır. Hazırkı dönəmdə biz sadəcə karantin qaydalarına əməl etməliyik. Bu infeksiya ilə mübarizədə daha həmrək olmağımız önəmlidir. Psixi gərginlik nəticəsində immunosuppressiya olur. Bu isə öz növbəsində xəstələnənlərin sayının artmasına kömək olur. Bəlkə də bu baş verməsəydi, infeksiya insanlara bu qədər zərbə vurmayacaqdı”.


Kafedra müdiri qeyd edib ki, koronovirus mutasiyaları çoxdur: “B1.1.7 mutasiyası haqqında yayılan məlumat ötən 3-4 gün ərzində ortaya çıxıb. Bundan bir müddət əvvəl Böyük Britaniya alimlərinin bir tədqiqatı diqqəti cəlb etmişdi. Belə bir məqalə yazmışdılar ki, yay aylarından indiyə qədər koronavirusun 500-dən çox mutasiyası öyrənilib. Yəni B1.1.7 mutasiyası onun sadəcə biridir. Zənnimcə, bu mutasiyalar tam formada elmi əsaslandırılmayıb”. 

O vurğulayıb ki, respirator virus infeksiyalarında peyvəndlərin nə dərəcə effektli olub-olmayacağını əvvəlcədən demək çox çətindir: “Effektiv və əlavə təsirləri az olan peyvəndlərin tətbiqə hazır olmasına qədər xeyli müddət lazımdır. COVID-19-un mutasiyaları haqqında yayılan şaiyələr tapılan peyvəndin effektivliyini şübhə altına alır”. 


Rafiq Bayramov bildirib ki, insanlarımız depressiyaya və sinir gərginliyinə qapılmamalıdır: “Ruh düşkünlüyündən və depressiyadan uzaq olmalıyıq. Vətəndaşlarımız normal qidalanmalı, idmanla məşğul olmalı və zərərli vərdişləri blok etməlidir. Çünki bu virus infeksiyalarına yoluxanların hamısı xəstələnmir. Xəstələnənlərin hamısı isə eyni ağırlıqda, eyni dərəcədə bu xəstəliyi keçirmir. Biz bu virusla yaşamağa məcburuq. Görünən budur ki, uzun illər qonağımız olacaq. Gələcəkdə kəskin respirator infeksiyalarının içərisində kollektiv immunitet yaranandan sonra bu virus indiki qədər təhlükəli olmayacaq. Əhalinin böyük hissəsi bu virusa yoluxub, immunitet formalaşandan sonra artıq xəstələnmə, yoluxma və ölüm halları da hazırkı dönəm kimi özünü büruzə verməyəcək”. 

Məhərrəm Əliyev