Nənənin FƏRYADI və "naməlum çoban" - SİRLİ HADİSƏ - VİDEO
    • 27-12-2020, 12:26
    • 467

Nənənin FƏRYADI və "naməlum çoban" - SİRLİ HADİSƏ - VİDEO

Dünən sosial şəbəkələrdə yayılan bir video ciddi ajiotaja səbəb olub.

News24.az xəbər verir ki, Qazax rayonunun Aslanbəyli kəndindən olan Əminova Söylü Şahaməli qızı məlum videoda 15 mal-qarasının oğurlandığını bildirib. 

O hesab edir ki, bu hadisədə yerli sakinlərdən əl izi olan şəxslər var. Ancaq ona deyilib ki, mal-qarası ermənilər tərəfindən oğurlanıb. 

Əminova Söylü iddia edir ki, 2007-ci ildə də 9 mal-qarası oğurlanıb. Bundan əlavə, o qeyd edib ki, hadisədən güc strukturlarının məlumatı var, ancaq susurlar. 

Ə.Söylünün oğlu Teymur Eminli saytımıza hadisə ilə bağlı məlumat verib:
“Hadisə dekabrın 18-də baş verib. Mal-qaranı otlağa aparmışdıq. Sürüdə 14 baş iribuynuzlu, 25 qoyun və 35 keçi var idi. Vəhşi heyvanlar parçalamasın deyə xırdabuynuzlulara nəzarət edirdik. Həmin vaxt naməlum bir çoban Daşsalahlı kəndinin Qızılqaya ferma postuna yaxın yerdə, Ermənistanla həmsərhəd ərazidə heyvan otarırdı. Bizim orada fermamız var. Mal-qaramız həmişə o ərazidə otlayıb, geri qayıdırdı. Sisli hava var idi. Neytral ərazi olduğundan Sərhəd Qoşunları mal-qaramızı çıxarmağa icazə vermədi. Səhər həmin əraziyə gedib gördük ki, 14 baş iribuynuzlu mal-qaramız itib. 2007-ci ildə də 9 baş mal-qaramız oğurlanmışdı. Ondan da bir nəticə çıxmamışdı. İndi də bütün lazımi strukturlara şikayət etmişik. Bizim mal-qaramız Ermənistan tərəfə keçsə, onların içindən ən az biri minaya düşərdi. Biz o çobandan şübhələnirik. Amma kim olduğunu bilmirik”. 

Qazax rayon polis şöbəsinin səlahiyyəti nümayəndəsi hadisə ilə bağlı Teymur Eminlinin “102” Xidmətinə məlumat verdiyini, bölmə tərəfindən ərizəsinin qəbul edildiyini vurğuladı: “Hazırda bu işlə bağlı tədqiqat bölməsində araşdırma aparılır”.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov News24.az-ın sorğusuna cavab olaraq bildirib ki, məsələ nəzarətdədir və həmin istiqamətdə araşdırmalar aparılır. 

Son olaraq Qazax Rayon İcra Hakimiyyəti məsələdən məlumatlı olmadıqlarını deyərək, bizi polis şöbəsinə yönəltdi. 

Məhərrəm Əliyev