AzTV-nin Səsyazma Studiyası qəzalı vəziyyətdə - EKSKLÜZİV
    • 7-01-2021, 17:28
    • 536

AzTV-nin Səsyazma Studiyası qəzalı vəziyyətdə - EKSKLÜZİV

"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin Dövlət Səsyazma Studiyası ətrafında söz-söhbətlər bitmək bilmir. Deyilənlərə görə studiyanın binası hazırda təhlükə altındadır və hər an uça bilər. Sözügedən qurumda işçilər də məhz bu səbəbdən öz fəaliyyətlərini dayandırıblar. 

Bununla bağlı, Səsyazma Studiyasının direktoru, Əməkdar artist Zaur Əmiraslanov News24.az-a açıqlama verib. Z. Əmiraslanov bildirib ki, bir müddət əvvəl öz istəyi ilə ərizə yazaraq işindən ayrılıb: "Orda onsuzda iş fəaliyyəti bir o qədər də çox deyildi. Müavinlər yetərincə öz işlərini görüb, direktor vəzifəsini əvəzləyirlər. İndi orda pandemiyaya görə iş də yoxdur. Mən ora sadəcə sədrə yardımçı olmaq üçün getmişdim. Həm də dediyim kimi hazırda o işə ehtiyacım yoxdur. Heç bir problem yaşamadan, yollarımızı dost kimi ayırdıq. Həm də hərbçi olduğuma görə iki işi bir arada apara bilmirdim. İnsanları da boş-boşuna aldada bilməzdim. Bir şeyi seçməliydim, mən də hərbini seçdim. Çünki, 10 ildir bu işdəyəm. Bu, mənim üçün yaxşı təcrübə oldu. Amma onu da deyim ki, bu işdə idarəçiliyi bacarmalısan, o da mənim xarakterimdə yoxdur. Sevmirəm elə şeyləri. Bir gün kollektivin qabağına idman geyimində çıxa bilərəm, bir gün isə rəsmi. Mən də çox rəsmini sevmirəm".

Bununla yanaşı, sənətçi onu da qeyd edib ki, Səsyazma Studiyasında bina probleminin bu yaxınlarda yarandığını deyib: "Binanın problemi bu yaxınlarda yarandı. Düzdür, köhnə binadır, problemləri var, amma buna görə işçilər öz fəaliyyətlərini dayandırmadılar. Müəyyən dərəcədə işlər gedirdi, amma pandemiya, müharibədən sonra hər şey dayandı. Bu nə dərəcədə doğru ola bilər? Hər birimiz də qoyulan qaydalara riayət etməliydik. Binada əsas problemlər müdir otaqlarında idi, amma mənim bir-iki ay çalışdığım dövrümdə bununla bağlı problem yox idi".

Məsələ ilə bağlı "Azərbaycan Televiziya və Radio Verilişləri" ASC-nin mətbuat katibi Nigar Etibar ilə əlaqə saxladıq. O bildirdi ki, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Dövlət Səsyazma Studiyası hazırda təmirdədir:"Pandemiya şəraiti ilə əlaqədar olaraq bu sahənin fəaliyyətində yaranmış fasilə Səsyazma Studiyasına da təsir göstərib. Bu səbəbdən studiyanın əməkdaşları da işləmirlər. Lakin hər bir işçi aylıq əməkhaqqını alır. Sərt karantin rejimi yumşaldıqdan sonra Studiya əvvəlki qaydada işini bərpa edəcək".

Sevda Bayramova