Qazi intiharlarının PƏRDƏARXASI - ARAŞDIRMA
    • 11-01-2021, 15:04
    • 635

Qazi intiharlarının PƏRDƏARXASI - ARAŞDIRMA

Xəbər verdiyimiz kimi, 6 yanvar tarixində II Qarabağ Müharibəsinin iştirakçısı qazi Vüsal Musayev, 9 yanvar tarixində isə hərbi vəzifəli əsgər Yunis Mənsurov intihar edib.

Hərbçilərimizin intiharlarının səbəbi tam aydın olmasa da, cəmiyyətdə ajiotaj yaratdığı üçün məsələ ilə bağlı ekspert və qurumlara müraciət etdik. 


Psixoloji dəstək mütləqdir


Elmi Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov News24.az-a açıqlamasında bildirib ki, qazilərə və şəhid ailələrinə dəstək bir çox formada həyata keçirilir:


“İnsanların səhhəti ilə bağlı fizioloji, psixoloji dəstək vacibdir. Xüsusilə, müharibə iştirakçısı olan qazilər və şəhid ailələrinə maariflənmə işləri aparılmalıdır. Çünki müharibə iştirakçılarının sayı çoxdur. Nəzərə almaq lazımdır ki, bu şəxslərin hər biri psixoloji dəstəyin nə dərəcə vacib olduğu haqqında məlumatları yoxdur. Çünki ona qədər bir çox məsələlər var ki, həllini gözləyir. Xüsusən aktiv müharibədə iştirak edən hərbçilərə psixoloji yardım göstərilməlidir ki, aldıqları travma onların normal həyata adaptasiya olmasında problem yaratmasın. Buraya biz depressiyanı, yuxu pozuntusunu, ailə və ətrafla münasibətləri daxil edə bilərik. Bu psixoloji dəstək göstərildiyi təqdirdə problemlər minimallaşacaq”. 

Kadr ehtiyatı kifayət deyil

E.Rüstəmov vurğulayıb ki, psixoloji yardım fərqli bir aspektdir: “Psixoloji yardım prosesində insana həftədə beş, üç  və ya bir seans yardım təşkil edilə bilər. Seansın müddəti isə bir saatdır. Nəzərə almaq lazımdır ki, bizim bu məsələ ilə bağlı kadr ehtiyatımız kifayət qədər deyil. Bu problem spesifikdir. Birinci növbədə mütəxəssislər cəlb olunmalıdır. Bu mütəxəssislərin bir qisminə mütləq şəkildə təlimlər keçilməlidir. Bunu da qeyd etmək lazımdır ki, müharibədə iştirak edən insanların hamısı paytaxtda yaşamır. Rayonlarda və kəndlərdə yaşayanlar az deyil. Onlara əlçatan olmaq lazımdır. Əks təqdirdə onlar paytaxta gəlməlidir. İlkin mərhələdə psixoloji yardımın təşkili, mərkəzləşdirilməsi  və ehtiyac olarsa, özəl müəssisələrlə əməkdaşlıq edilməlidir. Burada seans aparmaqdan söhbət getmir. Qrup terapiyaları və təlimlər keçilməlidir. Zərurət olduğu təqdirdə ailələrinə yardım göstərilməlidir. 

Mərkəzləşmiş sistem olmalıdır

Müharibə insanları qələbəni təmin edən şəxslərdir. Onlar isə bu travmanı həmin döyüşlərdə alıblar. Hər gün dostlarını itirib, ölümlə üzbəüz qalıblar. Həmin şəxslər müharibənin alovunun içərisindən çıxıblar. Onların aldığı travmaya posttravmatik stress pozuntusu deyilir. Bu gün bəzi yerlər həmin şəxslərə dəstək olurlar. Sadəcə olaraq o müraciətlərin hamısını qəbul etmək çətindir. Mərkəzləşdirilmiş mexanizm olsa, bu problemi həll etmək olar. Pərakəndə halda isə çətinlik çox olacaq. Bu məsələdə Müdafiə Nazirliyi, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi və s. yer alıb. Burada artıq mərkəzləşdirilmiş sistem və rəsmi nümayəndə təyin olunmalıdır”. 

Psixoloq qeyd edib ki, dünyadan da bir çox nümunələr var ki, müharibədən sonra bu məsələ diqqət mərkəzində olub: “Vyetnam müharibəsində posttravmatik stress pozuntusu və ya bəzi yerlərdə “Vyetnam sindromu” dedikləri hal ön plana keçdi. Vyetnam müharibəsindən sonra Amerika cəmiyyətində döyüşdə iştirak edənlər arasında intihar edənlər oldu. Bundan əlavə, zərərli vərdişlərə qurşanma və ailədaxili konfliktlər artdı. Müharibə başladığı andan etibarən biz Psixologiya Elmi-Tədqiqat İnstitutu olaraq təşəbbüs qrupu yaratdıq. Qazilərimiz gün ərzində müraciətlər edir və hər birinə ödənişsiz formada psxioloji yardımlar edirik. Ancaq nəzərə almaq lazımdır ki, 3 minə yaxın şəhid ailəsi, qazi və müharibə iştirakçıları var”. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Həşimov bildirib ki, noyabr ayından etibarən həm əyani, həm də onlayn psixoloji dəstək qrupları təkcə qazilərə deyil, müharibənin təsirlərindən əziyyət çəkən hər kəsə yardım göstərir: 


Psixoloji vəziyyətə uyğun olaraq dəstək göstərilir

“Onlarla görüşlər və seanslar təşkil edilir. Bu günə qədər 4 mindən çox ailədə olmuşuq. 600-ə yaxın onlayn dəstək xəttimizə zəng gəlib. Bizim qaynar xəttimizə zəng vuran şəxslərin psixoloji vəziyyətinə uyğun olaraq qeydiyyat aparılır, onlayn və ya digər formada görüşlər həyata keçirilir. 

Peşəkar mütəxəssislərimiz “Zoom” və ya digər platforma üzərindən həmin şəxsin özü ilə məşğul olmaya başlayır. Heyətimiz bölgələrdə bir-bir ailələrlə görüşərək, nəyə ehtiyacı olub-olmadıqlarını aydınlaşdır. Lazım gələnlərə psixoloji dəstək göstərilir. Dərmanla təmin olunma hallarında belə çalışmışıq ki, ailələrin yanında olaq. Bu seanslar tam ödənişsiz formada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Sosial Xidmətlər Agentliyinin həyata keçirdiyi bir prosesdir. Sonda məlumat üçün qeyd etmək istərdim ki, müharibədən zərər çəkmiş hər kəs - şəhidlərimizin ailə üzvləri, qazilərimiz, mülki şəxslər 050-406-75-85 nömrəsinə zəng etməklə onlayn psixoloji dəstək əldə edə bilərlər”.

Hərbi ekspert Ramil Məmmədlinin sözlərinə görə, döyüş bitdikdən sonra yaranan vəziyyət məcbur edir ki, müharibədə iştirak edən hərbi qulluçuların psixoloji durumu ilə bağlı bir sıra tədbirlər həyata keçirilsin:


Səhiyyə Nazirliyinə böyük yük düşür

“Silahlı Qüvvələrin müalicə mərkəzlərində psixoloji xidmətlərin həyata keçirilməsi və nəzarət altında olması ciddi məsələdir. Eyni ciddilikdə real addımlar atılmalıdır. Bundan əlavə, ailə üzvləri də travma alan yaxınlarını daim qorumalı və nəzarətdə saxlamalıdır. Qaziləri narahat edən çağırışlar, fikirlər, sözlər onların yanında səsləndirilməməlidir. Qalib tərəf olsan belə yenə də bu cür problemlərlə üzləşmək mümkündür. Bu, artıq cəmiyyətin və Səhiyyənin problemidir. Səhiyyə bu məsələ ilə bağlı kompleks addımlar atmalıdır". 

Qeyd edək ki, məsələ ilə bağlı Səhiyyə və Müdafiə Nazirliyi ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.

Məhərrəm Əliyev