Tərtərin icra başçısından şəhid ailəsinə CAVAB:
    • 12-01-2021, 17:43
    • 528

Tərtərin icra başçısından şəhid ailəsinə CAVAB: "Getsin DTX-a, Prokurorluğa DESİN" - VİDEO - SƏS YAZISI

Tərtər rayonunun Əskipara kəndinin sakini Abbasov Teyyub Qaraş oğlu yaşadığı problemlə bağlı saytımıza müraciət edib. 

News24.az-a daxil olan şikayətə əsasən, oktyabrın 16-da erməni silahlı qüvvələrinin “Qrad” zərbələri nəticəsində Teyyub Abbasovun yaşadığı ev dağıntılara məruz qalıb. 

Həmin evdə I Qarabağ Savaşında canından keçən və şəhidlik zirvəsinə ucalan Nuru Abbasov Qaraş oğlunun anası Şükufə Abbasova da yaşayır. Teyyub Abbasov isə şəhidin qardaşıdır. Şəhid ailəsi evin tavanının tam yararsız olduğunu qeyd edir: 


“Evin içərisində bütün əşyalarımız dağılıb. Fövqəladə Hallar Nazirliyinin nümayəndələri evin vəziyyətinə baxıblar. Tərtər rayonuna ezam olunan Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində mülki əhaliyə dəyən ziyanın müəyyənləşdirilməsi və aradan qaldırılması ilə bağlı yaradılmış Dövlət Komissiyasının Qubad adında sədri var. Soyadını öyrənə bilmədim. Bu gün İcra başçısı və komissiyanın sədri ilə görüşdüm. Mənimlə eyni aqibəti yaşayan bir neçə ailə var. İcra başçısından vəziyyətin həlli ilə maraqlandığımda evin bərpasının yazılmasına baxmayaraq əşya pulunun düşmədiyini dedi. 20 ildən çoxdur ki, buradan köçüb gedənlərin evlərinin yalnız 3-4 şüşəsi qırıldığı halda 6-7 min manat alır. Ancaq mənim evim hazırda yaşanılası halda deyil, yenə də əşya pulu ayrılmır. Bu gün bizə söz verdilər ki, sabah evə yenidən baxılacaq. Amma əvvəldən deyilib ki, əşya pulu verilməyəcək”. 


Xatırladaq ki, Prezident İlham Əliyev 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyanın ödənilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, dağıdılmış və ya qəzalı vəziyyətə düşmüş yaşayış evləri üzrə məişət əşyalarına dəymiş ziyanla bağlı hər bir ailəyə 6000 manat, şəxsi əşyalara dəymiş ziyanla bağlı hər bir ailə üzvünə 1500 manat məbləğində, digər ziyan dəymiş yaşayış evləri üzrə hər bir ailəyə isə 1000 manat məbləğində maddi yardım ödənilir.


Məsələylə bağlı News24.az-ın sualını cavablandıran Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, bu işə İcra hakimiyyəti qarışmır: “Sabah həmin kəndə gedəcəyik. Komissiya dinləyib, özü izah edəcək. İcra hakimiyyətinin işçisi, və ya icra nümayəndəsi ancaq komissiyaya siyahı təqdim edir. Əşya pulunu Nazirlər Kabineti ayırır. Biz ziyan dəyən ailələrin siyahısını tuturuq. Komissiya isə baxıb qiymətləndirir. Qiymətləndirmədə iştirak etmirik. Qiymətləndirmə Nazirlər Kabinetinin qərarı ilə Fövqəladə Hallar Nazirliyinin, Respublika Prokurorluğunun, Əmlak Məsələləri Dövlət Komitəsinin, Maliyyə Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin və Daxili İşlər Nazirliyinin nümayəndələri baxır. Vətəndaş əşya pulu ilə bağlı Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində mülki əhaliyə dəyən ziyanın müəyyənləşdirilməsi və aradan qaldırılması ilə bağlı yaradılmış Dövlət Komissiyasına müraciət etməlidir. Həmin komissiya Nazirlər Kabinetinin əmrinə əsasən, Tərtərə ezam olunub. Əşya pulunu onlar ayırır. Əşya pulu yalnız o ailələrə verilir ki, ev yerlə-yeksan olub. Evin üzərinə mərmi düşübsə, bu, dağılmaq sayılmır. Dağılmaq odur ki, ev kökündən məhv olub. Dam örtüyü uçub, bina isə yerindədirsə, bərpa prosesi həyata keçirilir. 3-4 şüşəsi qırılan evlərə əşya pulu ayrılması ilə bağlı iddiası varsa, DTX və ya Prokurluğa müraciət edə bilər". 

Qeyd edək ki, FHN-lə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı. 




Məhərrəm Əliyev