"Şəhid balamı tək böyütmüşəm, atasının onun üstündə haqqı yoxdur" - VİDEOREPORTAJ - FOTOLAR
    • 27-01-2021, 16:09
    • 1 979

"Şəhid balamı tək böyütmüşəm, atasının onun üstündə haqqı yoxdur" - VİDEOREPORTAJ - FOTOLAR

Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün 44 günlük Vətən müharibəsində canlarından keçərək şəhid olanlar hər kəsin qəlbində əbədi olaraq yaşayacaqlar. 

Elə Azərbaycan Dövlət İqtisad Universitetini bitirərək hərbi xidmətə yollanan və müharibə zamanı döyüşlərə qatılaraq şəhid olan 22 yaşlı Namətov Naib Firqət oğlu kimi. 

Naib 1998-ci il, fevralın 11-də Rusiyanın Bryansk şəhərində dünyaya gəlib. 22 yaşlı şəhidin anası Ellada Məcnunova ilə söhbətimiz zamanı bəlli oldu ki, o, övladını 2 yaşından tək böyüdüb: “Naibi atasız, babasız, nənəsiz, bibisiz böyütmüşəm. Onun 2 yaşı olanda atası ilə rəsmi şəkildə ayrılmışıq. Uşaq mənə verilib və aliment də kəsdirməmişəm. Biz Naiblə həmişə kirayələrdə yaşamışıq. Kirayə pulunu ödəyə bilmədiyimiz günlər olub. Elə vaxtlar da olub ki, yeməyə çörək belə tapmamışıq. Mən onu uşaq kimi tərbiyə etməmişəm. Əksinə, onunla həmyaşıd, böyük, yetişkin insan kimi danışırdım. Ona heç vaxt uşaqsan, sən danışma deməzdim. Çünki o danışığını, oturuşunu, duruşunu bilən idi”.

E.Məcnunova övladının məktəb illərindən də söz açıb: “11 il məktəbdə oxudu və cəmi bir dəfə valideyn iclasına gedə bildim. İclasda bütün uşaqların eyiblərini valideynlərə dedilər, amma Naibə çatanda müəlliməsi bildirdi ki, sinifdə həndəsə fənnini onun qədər yalnız oğlum bilir. Naib bildiyi elm qədər çalışmırdı. Buna da səbəbi var idi. Deyirdi ki, ana, mən elmli olsam da sən məni universitetdə oxuda bilməzsən axı. Ona cavab verirdim ki, mən səni oxuda bilməsəm də Allah sənə kömək olacaq. Allahın izni ilə balam İqtisad Universitetinin menecment fakültəsini qazandı”.

Ellada Məcnunova bildirib ki, Naib universitetdəki təhsili ilə yanaşı, axşamlar həm də işləyib: “Buna baxmayaraq onun heç bir kəsiri olmayıb. Ödənişini edirdi. Mənim ona köməyim ancaq ana dəstəyi olub. Maddi çatışmazlığı olanda borc tapırdım. Sonra da o işləyib qaytarırdı”.

Şəhid anası övladı ilə son görüşündən danışarkən göz yaşlarına boğulub: “Ayın 1-i hərbi xidmətə yollandı. 40 gündən sonra andiçmə mərasimi idi. Naib mənə zəng vurub dedi ki, görüşə icazə veriləməyəcək. Bir neçə saat sonra yenidən oğlumdan zəng gəldi. Dedi ki, atası görüş üçün icazə alıb. Naibin atası 4 il müharibədə döyüşüb. Veterandır. İmtiyazları var. Komandirdən görüş ala bilib. Görüşə getdim. Balamı qucaqlayıb, iylədim. O da mənim balamı son görüşüm oldu. Onu ilk və son dəfə əsgər geyimində orda gördüm”.

Ellada Məcnunova övladının şəhid olma xəbərini almasından da danışıb: “Oktyabrın 3-ü idi. Səhər saatlarında Naibin atası mənə zəng vurdu. Oğlumun ağır yaralandığını dedi. Dedim yox! Şəhid olub, amma demirsən. Həmin vaxt xahiş etdilər ki, Naibin nəşini nənə-baba həyətindən götürsünlər. Dedim mənim üçün fərqi yoxdur, amma balam mənim doğulduğum, onun 2 yaşına qədər yaşadığı kənddə dəfn edilsin. Çünki məni də onun yanında dəfn edəcəklər. Yoldaşımla ayrılan gündən bizi qeydiyyatdan çıxarmışdılar. Naib və mən atamın üzərinə qeydiyyat olunduq”.

E.Məcnunova özü də daxil olmaqla şəhid analarının üzləşdiyi böyük problemi açıqlayıb: “Mənim üzləşdiyim vəziyyətə düşən çox adam var. Analar var ki, övladlarını mənim kimi tək böyüdüblər, amma ayrılan zaman həyat yoldaşını atalıqdan məhrum etməyiblər. Bu zaman ata vərəsə sayılır. Yəni, bu gün şəhid övlada dövlət tərəfindən nə verilirsə aylıq təqaüd, avtomobil, ev, 11 manat sığorta pulu ata ilə ana arasında bölünəcək. Bir halda bölünmür ki, ata vərəsəlikdən imtina edir. Övladına baxmadığını böynuna alır. Amma bu qədər imtiyazların qarşısında bunları etiraf etmək çətindir. Şəhid atası kimi müraciət edir. Deyir ki, çatışmazlıqları var. Evi yoxdur və s. Allah köməyi olsun. Haqqıdırsa kömək edilsin. Mənim nəsə deməyə heç səlahiyyətim də çatmır. Amma o uşağa baxmayıb. Naibi mən böyütmüşəm. Mən narahat deyiləm ki, dövlət məndən nə isə alıb, ona verəcək. Mən haqsızlıqdan narahatam. Axı bu gün şəhid atasıyam deyib nə isə istəmək ayıbdır. O ayıb məni sındırır. Naib bu dünyadakı və o dünyadakı əməlləri ilə də üzümü ağ elədi. Mənim üçün cənnəti qazandı”. 

Ellada Məcnunova sonda şəhid analarına səslənib: “Çox üzülməyin. Ah-vay etməyin. Ağlamayın. Çünki övlad ananın sənət əsəridir. Əgər bu gözəllikdə, kişilikdə övlad dünyaya gətirib böyütmüşüksə, çox fəryad etməyin. Bu zaman onların haqqını azaltmış oluruq. Allah yanında onları utandırırq”. 

Teymur Məmmədov
Foto/Video: Hüseyn Həsənov