Valideynlərin məktəb qorxusu: "Övladımı göndərməyəcəm" - SƏBƏBLƏR - ŞƏRH
    • 30-01-2021, 17:51
    • 587

Valideynlərin məktəb qorxusu: "Övladımı göndərməyəcəm" - SƏBƏBLƏR - ŞƏRH

Son zamanlar valideynlər arasında ciddi narazılıqlar yaranıb. Fevralın 1-dən orta məktəblərin 1-4 sinifləri üzrə əyani təhsil qismən bərpası onlar arasında xoş qarşılanmayıb. İri şəhərlərdə tədris həftədə 3, digər rayonlarda isə həftədə 4 və 5 dəfə olmaqla bərpa olunacaq. Bizə daxil olan şikayətlərə nəzərən deyə bilərik ki, valideynlərin bir çoxu uşaqların immun sisteminin aşağı düşməsini, fevral ayının soyuq olmasını, məktəblərin istilik sisteminin tam qane etməyəcəyini əsas gətirərək, övladlarını məktəbə göndərməyəcəklərini qeyd edirlər. 

News24.az olaraq məsələni araşdırmaq qərarına gəldik.

Övladı 1-ci sinifdə təhsil alan Əzizə İsmətova narazılığını bildirən valideynlərdən biridir: “Qış mövsümünün ən soyuq ayı fevral hesab olunur. Övladım təxminən 3 ay müddətində evdən onlayn dərsə qoşulub. Nəticə etibarilə immun sistemi aşağı düşüb. 1 fevralda dərsə onu dərsə göndərməyi düşünmürəm. Mənimlə eyni mövqedə olan valideynlər çoxdur. 1 fevralda valideynlərin böyük qismi övladını dərsə göndərməyəcəksə, dərsləri niyə açırlar? Tədrisi mart ayından etibarən bərpa etsəydilər, məntiqli addım olardı”. 


Adının qeyd olunmasını istəməyən 1-ci sinif müəlliməsi qərarın obyektiv olmadığını vurğulayıb: “Bu qərarı verməzdən əvvəl müəllimlərlə məsləhətləşə bilərdilər. Pandemiyaya qədərki dövrdə belə fevral ayı xəstəliklərin çoxaldığı ay hesab olunurdu. Uşaqların xəstələnməsi müəllimlər üçün də təhlükəlidir. Aylarla evdə onlayn dərsə qoşulan uşaqların soyuq ayda tədrisə qayıtması absurd addımdır”.

Təhsil eksperti Kamran Əsədov valideynlərinin narahatlıqlarının anlaşılan olduğunu amma bəzi nüansların diqqətə alınmasının vacibliyindən söz açdı: “Biz Bakı şəhərində 317 məktəbin 220-də monitorinq apardıq. Monitorinq apardığımız məktəblər Bakının ətrafında yerləşirdi. Məktəblər sentyabr, oktyabr və noyabr ayları ilə müqayisədə yeni tədris ilinə tam hazırdılar. İstilik sistemi isə tamamilə qurulub. Həmçinin, tədris ocaqlarının hamısında dezinfeksiya aparatları quraşdırılıb. Şagirdlər məktəbə daxil olmazdan öncə hərarətləri ölçülür. Sentyabr, oktyabr və noyabr aylarında şagirdlərin məsafəli gözləmə yerləri – işarələr yox idi, ancaq indi var. 


Xəstəliklərə gəldikdə, onlar hər zaman olub. Valideynlər virusdan qorunmaq üçün lazım olan tədbirləri uşaqları üçün təmin etsə, narahatlıq üçün heç bir əsas yoxdur. Keçən illə müqayisədə görürük ki, hazırda uşaqlar arasında infeksion xəstəliklərin sayı azdır. Bu, ondan qaynaqlanır ki, artıq onlar öz səhhətlərinə fikir verirlər".

Ekspertin fikrincə, ciddi narahatlığa əsas yoxdur: "Çünki Təhsil Nazirliyi hər bir məktəbə nümayəndə göndərib. Bütün problemlərin həll olması üçün zəruri addımlar atılıb. Ən vacib məqam tədrisin bərpasıdır. Şagirdlərin dərs prosesində iştirak etməməsi daha ciddi fəsadlara gətirib çıxara bilər. Onlarda neqativ fonda fiziki və psixoloji təsirlər meydana gəlir. Hesab edirəm ki, tədrisin 1 fevralda başlamasında hər hansı bir problem yoxdur". 


Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov sorğumuzu belə cavablandırıb: “Təhsil Nazirliyinin rəhbərliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi olaraq bu məsələləri diqqətə almışıq ki, həll olunsun. Məktəblər tam qızdırılacaq. Narahatlığa ehtiyac yoxdur. Səbrsizliklə yeni tədris ilinin ənənəvi bərpasını gözləyirik. Bunun üçün lazım olan hər şey həyata keçirilir”. 

Məhərrəm Əliyev