"Qələbəni şərtləndirən əsas amil Ali Baş Komandanın qətiyyəti və iradəsi idi" - Ruhi Əliyeva
    • 3-02-2021, 13:50
    • 362

"Qələbəni şərtləndirən əsas amil Ali Baş Komandanın qətiyyəti və iradəsi idi" - Ruhi Əliyeva "Azərbaycan" qəzetində

“Azərbaycan xalqı illərlə həsrətlə gözlədiyi Qarabağa qovuşdu. Qısa müddət ərzində ordumuzun müzəffər qələbə qazanmasını, torpaqlarımızın düşmən tapdağından azad olunmasını şərtləndirən amillər çox idi. İlk amil əlbəttə ki, o ərazilərin bizim əbədi və əzəli torpaqlarımız olmasıdır. Biz başqasının deyil, öz torpağımız üçün mübarizə aparırdıq. Bizi güclü edən içimizdə olan bu sevgi idi”.

News24.az
xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyasının Qadınlar Şurasının üzvü, xeyriyyəçi, “Liatris Holding”in rəhbəri Ruhi Əliyeva "Azərbaycan" qəzetinə müsahibəsində deyib.

Qələbəni şərtləndirən ikinci əsas amilin Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və iradəsi olduğunu söyləyən Ruhi Əliyeva qeyd edib ki, hər bir əsgər məhz öz Sərkərdəsindən ilham alır, cəsarətlənir və ona inanırdı: “Əgər xatırlayırsınızsa, hərbi əməliyyatların üçüncü günü Rusiyanın təşəbbüsü ilə humanitar atəşkəs elan olundu. Ölkəmizdə bir qisim insanlar çox bədbinləşdi, onlar hesab etdilər ki, haqq işimiz yarımçıq qaldı. Amma cənab Ali Baş Komandan milyonlarla insana televiziya vasitəsi ilə müraciət edərək heç bir qüvvənin ona mane ola bilməyəcəyini, nəyi nə vaxt etməyi gözəl bildiyini və Qarabağımızın azad olunması üçün sonadək iradə nümayiş etdirəcəyini bildirdi. Ali Baş Komandanın müraciətini tək Azərbaycan xalqı izləmirdi. Dünyanın bütün xalqları, liderləri və siyasətçiləri Prezidenti diqqətlə dinləyir, onun xarizması və mövqeyi alqışlanırdı. Hətta Ermənistanda da İlham Əliyevin çıxışlarına baxan erməni xalqı artıq Qarabağda işğalın başa çatacağını anlayırdı. Ali Baş Komandan siyasət meydanında da üzərinə gələn bütün siyasi hücumları məharətlə dəf edirdi”.

Azərbaycan qadınının Vətən müharibəsində böyük fədakarlıq göstərdiyini vurğulayan Ruhi Əliyeva yüzlərlə qadın tibb işçisinin könüllü olaraq ön xəttə gedərək yaralı əsgərlərimizə tibbi yardımlar göstərdiyini xatırladır: “Öz uşaqlarını evdə qoyub əsgərlərimizə tibbi kömək edən qadınları cəbhəyə ancaq bir şey apara bilərdi - Vətən sevgisi. Azərbaycan qadınının siması olan Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yaralı əsgərlərimizlə görüşü hələ də gözlərim önündədir. O, əsgərlərimiz üçün necə də göz yaşları tökürdü. Bunu sadəcə öz xalqını, əsgərini sevən qadın edə bilərdi. Bütün dünyada mərhəməti, insanlığı və xoş ideyaları ilə tanınan Mehriban xanım Azərbaycan əsgərinin yanında idi. Yüzlərlə qadınımız öz əlləri ilə hazırladığı yeməkləri, evlərində olan isti paltarları cəbhəyə göndərirdi. Azərbaycan qadınının bir şüarı vardı: Hər şey cəbhə üçün!”

Qarabağda qazanılmış qələbəyə görə döyüşçülərə,  qazilərə minnətdar olduğumuzu və onların istənilən probleminə hər bir məmurun diqqətlə yanaşmasının vacibliyini söyləyən müsahibimiz döyüşlərdə yüz minədək hərbçinin iştirak etdiyini deyir: “Əlbəttə, bu, böyük bir rəqəmdir. Prezident isə təkdir. O, təkbaşına bütün problemləri həll edə bilməz. Burada məmurlar üzərlərinə düşən vəzifələri vicdanla yerinə yetirməlidir. Dünyada baş verən bütün müharibələrdən sonra dövlətlər müəyyən iqtisadi çətinlik çəkirlər. Çünki dövlət bütün resurslarını müharibə üçün sərf edir. Onun təkrar özünə gəlməsi və yenidən əvvəlki vəziyyətinə qayıtması üçün zamana ehtiyacı olur. Biz hər birimiz bunu anlamalıyıq. Özünüz də görürsünüz ki, artıq qazi və müharibə iştirakçılarının əksəriyyətinin sosial problemləri həll edilib və yerdə qalanlar da qısa zamanda həllini tapacaq. Bundan istifadə edib ölkədə qarışıqlıq yaratmaq istəyənlər isə aciz adamlardır və onlar öz istəklərinə heç bir zaman nail ola bilməyəcəklər”.

Yeni Azərbaycan Partiyasının Qadınlar Şurasının aktiv üzvlərindən olan Ruhi Əliyeva ictimai-siyasi fəallığı ilə fərqlənir. Partiyanın ideyalarına xidmət etməklə İlham Əliyevin siyasətini daim dəstəkləyən müsahibimiz vurğulayır ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin qurucusu olduğu YAP-a bu gün Azərbaycanda uşaqdan-böyüyə hər kəsin sevdiyi İlham Əliyevin liderik etməsi təşkilatın mütləq uğurunu təmin edir.

Qadınların hüquqlarının qorunması ilə bağlı çoxsaylı layihələr həyata keçirən müsahibimiz bildirir ki, Azərbaycanda qanunvericiliyin tələblərinə görə, qadın və kişi hüquqları tam bərabərdir. Dövlət də bu prinsipin prioritetliyini tam təmin edir: “Amma qəbul etməliyik ki, əksər ailələrdə bu norma pozulur. Kişilərin fiziki gücü onların ailədə üstünlüyünü təmin edir. Bəzən qadınlarımız ailədə şiddətə, zorakılığa və psixoloji təzyiqə məruz qalır. Bu kimi hallarda qadınlarımız hüquqlarını bilmir. Silsilə olaraq həyata keçirdiyimiz “Qadına şiddətə son!” layihələrinin məqsədi də qadınlara hüquqlarını başa salmaq, cəmiyyətin diqqətini bu xüsusatlara çəkmək, həmçinin kişiləri bu əməllərdən əl çəkməyə vadar etməkdir. Qadın anadır, bacıdır. Qadın insanlıq tarixinin gələcəyidir”.

İşğaldan azad edilmiş Qarabağda da layihələr həyata keçirmək niyyətində olan Ruhi Əliyeva söyləyir ki, “erməni vəhşilərinin Qarabağı necə viran qoyduğunu bütün dünya gördü. Cənab Prezident də çıxışlarında dedi ki, biz Qarabağı əvvəlkindən də gözəl etməliyik. Bununla bağlı dövlət proqramı var. Oradakı infrastruktur düzəlməli, qəsəbə və kəndlər yenidən salınmalıdır. Bununla bağlı dövlətimizin üzərinə çox böyük yük düşür. İnşallah bu məsələlər həll olub orada normal həyat başladıqdan sonra biz də qadın və uşaqlarla bağlı layihələr həyata keçirməyi düşünürük”.

Ruhi Əliyevanın rəhbərlik etdiyi “Liatris Holding”in tərkibində “News24.az” xəbər saytı da fəaliyyət göstərir. Müsahibimiz ölkəmizdə medianın mövcud durumu barədə də fikirlərini bölüşdü: “Bu gün Azərbaycanda media çoxşaxəlidir. Hazırda media sosial şəbəkələrlə qarşılıqlı və çox dayanıqlı mübarizə aparır. Media üzərində dövlət senzurası yoxdur. Kim nəyi necə görür və necə düşünürsə, o cür də yazır. İstəyim odur ki, Azərbaycanda jurnalistlər həmişə məlumatları dəqiqləşdirib yazsınlar, qərəzli və yanlış xəbərləri yayımlamasınlar. Medianı sosial şəbəkələrdən fərqləndirən də bu xüsusiyyətdir. Dəqiq və qərəzsiz olmaq, qarşı tərəfi dinləmək və onun mövqeyini işıqlandırmaq medianın vəzifəsidir. Bu prinsiplər prioritet olmalıdır. Prezident

İlham Əliyev çıxışlarında dəfələrlə bir çox məsələləri məhz mətbuatdan xəbər tutduğunu qeyd edib. Prezidentin mediaya olan bu güvənini, etibarını qətiyyən itirmək olmaz. Bu səbəbdən də rəhbərlik etdiyim saytda çalışan bütün jurnalistlərə yanlış və qərəzli məlumatları yayımlamaqdan uzaq olmalarını bildirmişəm. Azərbaycan o dövlətlərdəndir ki, burada jurnalistlərə dövlət qayğısı var. Dövlət onları evlə təmin edir, sosial problemlərinin həllində yardımçı olur. Dövlət hətta müxalif fikirli, dövlət orqanlarını, hətta siyasi elit hakimiyyəti belə tənqid edən jurnalistləri də evlə təmin edir və bu gün həmin jurnalistlər yenə də əvvəlki mövqelərindədir. Tək bu amil göstərir ki, dövlət həmin evləri və təqaüdləri heç bir şərtlə vermir. Bu qayğı ümumilikdə Azərbaycan jurnalistikasının inkişafına dəstək niyyəti daşıyır. Bu gün bəzilərinin tərif etdiyi Avropa ölkələrinin heç birində jurnalistikaya belə bir qayğı yoxdur”.

Ruhi Əliyeva gənclərimizlə bağlı arzularını da bölüşdü: “Qarabağımızı azad edib şücaət, qəhrəmanlıq göstərən bugünkü gəncliyimizdir. Demək ki, gənclərimizin Vətən sevgisinə söz ola bilməz. Bu gün Azərbaycan gəncliyi müasir dünya ilə ayaqlaşmağı bacarır. Bu gün Azərbaycan dövləti, şəxsən dövlət başçısı İlham Əliyev gənclərimiz üçün istənilən şəraiti yaradıb və hesab edirəm ki, gənclərimiz bundan maksimum yararlanmağı bacarırlar. Millətimizin və dövlətimizin gələcək istiqbali məhz bu gənclərin bilik və bacarığından asılıdır. Savadla yanaşı, vətənpərvərlik həmişə öndə olmalıdır”.