Tarix yazan tarixçi - FOTO
    • 11-02-2021, 13:48
    • 478

Tarix yazan tarixçi - FOTO

...Təbiət də bu savaşa duyuq düşmüşdü sanki. Yerdəki müharibəyə göydəki savaşla cavab verirdi. Qapqara buludlar ağ buludları qovub, göy üzünü işğal etmişdi. Çaxan ildırımın, şimşəyin işığı silahların işığına qarışmışdı. Göydən yağış, yerdən isə güllə yağırdı...

...Havaya yüksələn qatı tüstüdən, toz-torpaqdan göz-gözü görmürdü. Bombalar, mərmilər, avtomatdan açılan atəşlər səngimək bilmirdi. Elə bil göy üzü də oda bələnib alışıb yanırdı. Səs-küydən az qalırdı qulaq kar olsun...

Ətrafı bürüyən atəş səsləri, qrad, top, minaatanlardan açılan mərmilər ölüm qəhqəhəsi çəkərək havada uçur, fit verərək sağdan-soldan şığıyan güllələr torpağa, daşa, ağaca, ya da əsgər canına sancılırdı...

O gün, noyabrın 8-də Azərbaycan xalqı arxa cəbhədə Şuşanın işğaldan azad olunmasını bayram edən zaman ermənilər bu sevincin qisasını döyüş meydanında almağa çalışırdılar.

Laçın meşələrində düşmənə qarşı savaşan əsgərlərimizi bir dəqiqə belə dayanmadan mərmi atəşinə tutaraq qəhrəman oğullarımızın gözünü qorxudacaqlarını zənn edirdilər. Daha nəzərə almırdılar ki, gözlərini qan bürümüş cəsur igidlərimiz ölsələr də, amallarından dönən deyildilər.
“İrəli!”, hayqıraraq qorxmadan döyüşə atılır, düşmənə aman vermirdilər. Çünki qarşıda hələ azadlığına qovuşacaq, üçrəngli, ay-ulduzlu şanlı bayrağımızı qoynunda dalğalandıracaq torpaqlarımız vardı... İllərdir gözlədiyimiz bu müqəddəs amal uğrunda isə ölməyə də dəyərdi...
Amma savaşın bu qızğın günlərində təsəvvürlərinə də gətirə bilməzdilər ki, təxminən iki sutka sonra nəinki arxa cəbhədə, elə ön cəbhədə də hər kəs Azərbaycanın Qarabağ uğrunda gedən Vətən müharibəsində tam qələbə çalmasını bayram edəcək...
44 günlük Vətən müharibəsinin iştirakçısı, Prezident İlham Əliyevin sərəncamı ilə “Laçının azad olunmasına görə” medalı ilə təltif olunan baş leytenant Ramin Babayevin döyüş yoluna nəzər salırıq...

Həyatının 2 aylıq müharibə kəsimini xatırladıqca şahidi olduğu səhnələri, ölümləri, ağrı-acıları yenidən yaşayır sanki... Amma keçdiyi şərəfli döyüş yoluna baxıb qürur duyur həm də... Və o fəxarət dolu tarixin üzərindən illər keçsə də, yaşadıqlarını ömrünün heç bir çağında unutmayacağını deyir.
 
Ya əsir düşəcəkdik, ya da bizi güllələyəcəkdilər...
 
Babayev Ramin Kənan oğlu 1978-ci il sentyabrın 3-də Bakıda dünyaya gəlib. 1995-ci ildə 176 saylı orta məktəbi bitirib. Elə həmin il Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil olub. 1998-ci ildə leytenant rütbəsi alıb. 2001-ci ildə Naxçıvan Muxtar Respublikasında taqım komandiri olaraq həqiqi hərbi xidmət keçib. 2002-ci ildə baş leytenant rütbəsinə yüksəlib. 2003-cü ildə hərbi xidmətdən tərxis olunub.

“Ultra” texnologiya şirkətində çalışan Ramin Babayev Azərbaycanın Qarabağ uğrunda haqq savaşı başlayanda döyüşdə iştirak etmək üçün könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edib. Nəhayət, oktyabrın 24-də cəbhəyə yola düşüb. 2 gün sonra taqım komandiri olaraq Laçının Səfiyan kəndinə gəlib. Tabeliyindəki 16 əsgərlə 7 gün meşənin içində postumuzun müdafiəsini həyata keçirib. Deyir ki, o bir həftə ərzində postdan-posta atışma olsa da, irəli getmək əmri verilmədiyindən, sadəcə, olduqları mövqeyi qoruyurdular.

Noyabrın 1-də həmin postu başqa hərbi hissəyə təhvil verərək kəndin aşağı hissəsində iki dağın arasında düzənlikdə yerləşirlər. Noyabrın 3-də xəbər gəlir ki, hazırlaşın, sabah döyüşə girirsiniz. Beləliklə, noyabrın 4-də Laçın uğrunda ağır döyüşlər başlayır.

- Həmin gün Laçın istiqamətində hücuma keçdik. Düşmən bütün qüvvəsini bizim gəldiyimiz istiqamətə toplamışdı. Beləliklə, ağır döyüş başladı. Həmin gün şəxsi heyətlə 200 metr irəli getmişdik ki, bizi minaatanlardan atəşə tutdular. Qarşıda 11 əsgər gedirdi. Onlar təpəni burulan kimi qabaqlarına iki mərmi düşdü. Bir neçə şəhid verdik. Döyüş zamanı mühasirəyə düşdük. İgid oğlanlarımız sayəsində 2 saat döyüşdən sonra mühasirədən çıxdıq. Düşmən xeyli canlı itki verdi.

Bölük komandiri əvəzi, leytenant Anur Əliyev dedi ki, leytenant Ramaldanovun erməni postunu götürməsinə 200 metr qalıb, ona kömək lazımdı. 6 əsgəri götürüb Ramaldanova köməyə getdik. Çayın içinə düşüb irəliləməyə başladıq. Çayın daşları elə bil ülgüc idi. Ayağını hara qoyurdun, sürüşüb yıxılırdın. Dərə də çox soyuq idi. O qədər nəmişlik idi ki... Gün işığı düşmürdü deyə ağacların yarpaqları quruyub yerə tökülmüşdü, torpaq görünmürdü. Ayağını hara basırdın 20-30 santimetr dərinlikdə palçığa girirdin. Buna baxmayaraq, 300-400 metr irəlilədik. Qarşımıza iki yaralı əsgər çıxdı. Soruşdular ki, komandir, hara gedirsiz? Dedim, Ramaldanova köməyə. Dedilər, nə danışırsız, siz həmin ərazini xeyli arxada qoymusuz, qarşıda erməni postu var, səhv istiqamətdə gedirsiz. Bəlkə də onlar sizi görüb, bilərəkdən yaxına buraxırlar... Çay axan dərə çox dərin olduğu üçün yuxarını görmürdük. Nə qədər getdiyimizin fərqində olmamışıq. Həmin yaralılar da atışma zamanı düşüblər çayın içinə. Yolu tanımadıqları üçün də azıblar. Onlar qarşımıza çıxmasaydı, ya əsir düşəcəkdik, ya da bizi elə meşənin içində güllələyəcəkdilər. Vəziyyəti biləndən sonra yaralı əsgərləri götürüb çayın içiylə geridə yerləşən məntəqəyə qayıtdıq.
 
Ermənilər meyitlərimizin də altına mina düzürdülər
 
- Noyabrın 4-dən 10-a qədər Laçında çox ağır döyüşlər getdi. Bir dəfə ermənilər bir posta hücum etdilər. Həmin postu dörd əsgər və bölük komandiri Sənan Əsədov müdafiə edirdilər. Düşmən itki verərək geri çəkildi. Biz 6 gün orda qaldıq, həmin postları müdafiə etdik.
Təəssüf ki, yaralılarımızla bərabər şəhidlərimiz də oldu...

Rabitəçi Hacıyev Elmaz ağacın dibində oturmuşdu. Güllə əvvəl ayağından dəydi. Kapitan Rüstəm Babayev qışqırdı ki, Elmaz, qalxma, gəlib götürəcəyik səni. Aramızda 4 metr məsafə vardı ki, özümüzə tərəf çəkək. Qəfil hərəkət etmək olmurdu, çünki üstündə 40 kiloya qədər yük vardı. Elmaz dikəldi, çəkmənin ipini açıb ayağına bağlayanda yenə atəş açdılar, namərd düşmənin gülləsinə tuş gəldi. Onun və Araz Cəfərovun nəşini 28 gün sonra çıxara bildik. Biz həmin yerdə döyüşdük, amma ərazini götürə bilmədik deyə dayaq məntəqəsini orada qurduq. Ermənilər də aşağı düşmədi. Ona görə meyitlər qaldılar neytral ərazidə. Dekabrın 2-də həmin əraziyə qayıdıb gördük ki, meyitlər elə ordadı. Üstlərinə qar yağmışdı, heç çürüməmişdilər...

R.Babayev deyir ki, gərək düşmənin də az-çox vicdanı olsun. Lakin ermənilər o qədər şərəfsiz, alçaq düşməndi ki, hətta neytral ərazidə qalan meyitlərimizin də altına mina düzürdülər. Nəinki insanlara, təbiətə qarşı da qəddarlıq edirdilər. Topxana meşəsini amansızlıqla yandırırdılar.
- Alışqanlı mərmi atırdılar meşəyə. Ağaclar yanmağa başlayırdı. Hər yeri tüstü bürüyürdü. Məcburən ya söndürməliydin, ya da oranı tərk etməliydin. Müşahidə məntəqəmiz o meşənin içindəydi. Bir dəfə yaxınlığımıza mərmi atdılar. 11 nəfər idik. Kitellə, buşlatla - bir sözlə, əlimizə nə keçdi yanğını söndürməyə başladıq. Söndürəndə də bildilər ki, meşədə adam var. Başladılar bizi vurmağa. O qədər güclü atışma idi ki, koordinat götürə bilmirdik. Bizim artilleriya qüvvəsi hesabına düşməni susdura bildik.
 
Demişdim, şəhid olsam, meyitimi o tərəfdə qoymayın...
 
Baş leytenant xatırlayır ki, bir neçə dəfə ölümlə üz-üzə gəldiyi məqamlar olub. Amma sanki gözəgörünməz bir əl daim onu qoruyub. Görünür, şəhidlik də İlahinin bir yazısıdır və hər kəsə qismət olmur. Elə onun da taleyinə bu müqəddəs zirvəyə ucalmaq  yazılmayıbmış...

- Noyabrın 6-da döyüş ərazisindən şəhid çıxarırdıq. Tankın yanına çatanda erməni snayperi məni vurdu. Hiss etdim ki, qəfildən sinəmə bərk nəsə dəydi. Əlimi sinəmə salıb gördüm qan gəlmir. Bildim ki, güllə dəyib, xoşbəxtlikdən, bronjiletimə girib. Sadəcə məsafə uzaq olduğu üçün öldürücü gücü olmayıb. Amma 1 həftə güllə dəyən yer - qabırğamın üstü ağrıdı. O gülləni ömürboyu yadigar saxlayacam... 

Bir dəfə də Anar ayağından yaralanmışdı. Ömərlə birlikdə onu təpənin dibindən sürüyüb ağacların dibinə gətirdik. Bizdən təxminən 60 metr aralıya minaatan mərmisi düşdü. Dalğası bizi dərədən çaya atdı. Üzüüstə yıxıldım. Dizlərim möhkəm əzildi. Elə güclü sümük ağrısı oldu ki, elə bildim qəlpə dəyib. Amma dillənmədim ki, birdən məni hospitala apararlar. Ömərlə birlikdə Anarı dartıb çəkdik aşağı. 50 metr irəli aparıb ağaca söykədik ki, otur burda, gəlib aparacağıq səni...

Döyüşlərin birində də qəlpə gicgahıma dəyib sıyırdı. Eləcə bir qədər qan axıb dayandı. İzi hələ də qalır. Minaatanın xırda qəlpəsi əlimin üstünə girmişdi, onu dırnağımla çəkib çıxardım. Bir qəlpə də yerdə çantamın içindəki üzqırxana dəyib deşmişdi. O üzqırxanı da evdə yadigar saxlayıram...
İsti-isti adam ağrını elə də hiss eləmir. Çünki o hayda olmursan. Bircə onu arzulayırdım ki, ay Allah, məni öldürürsənsə, qəfil öldür, şikəst qalmayım. Hüseynə demişdim, şəhid olsam, meyitimi o tərəfdə qoymayın, birtəhər sürüyüb gətirin.

Dedi, komandir biz ölmüşük ki, səni öldürələr. Birinci elə həmin əsgərim şəhid oldu...
Onun ölümü mənə çox pis təsir etdi... Turalın da ölümü məni yandırdı. Mingəçevirdən idi, nişanlıydı. Deyirdi komandir, sağ-salamat evə qayıdaq, toyuma dəvət edəcəm, gəıib iştirak edərsən. Heyif ki, toy deyil, yas qisməti oldu...
 
O gün hamının gözündən yaş tökülürdü...
 
- Bir hadisə isə ölümün həqiqətən də insanın alnına öncədən yazıldığına məni əmin etdi. Əgər sənin qismətində bu yaşda həyatdan köçmək yoxdursa, nə olursa-olsun ölüm səndən uzaq düşəcək. Leytenant Mehdi Əhmədov dedi ki, zirehli maşına min, irəli get. Oturdum maşının qabaq oturacağında. Birdən Mehdi qaça-qaça gəldi ki, mən ora çıxa bilməyəcəm. Qoy mən maşınla gedim, sən piyada qalx. Ürəyimdə narazı olsam da, düşdüm aşağı. Bizdən 70 metr aralanandan sonra maşını ermənilər tank əleyhinə idarə olunan raketlə vurdular. Mehdi və sürücü 3-cü dərəcəli yanıq xəsarətləri aldılar. Arxada oturan əsgərlərin bəzisi qəlpə yarası aldı, bəzisi isə tüstüdən zəhərləndi. Halbuki o maşının içində mən olacaqdım... Şükürlər olsun ki, ölüm-itim olmadı.

Taqım komandiri danışır ki, noyabrın 8-də Bakıda Şuşanın işğaldan azad olunmasının bayram kimi qeyd edilməsi erməniləri çox hiddətləndirdi. Hətta Şuşanın qisasını almağa çalışdılar. Həmin gün axşam dayanmadan bizim mövqeyə atəş açdılar. 40 dəqiqəyə yaxın bəlkə 300 mərmi atdılar. Tərəflər arasında güclü atışma getdi. Xoşbəxtlikdən biz tərəfdən şəhid olmadı, amma 7-8 əsgər yaralandı.

Baş leytenant gecə 11-in yarısına qədər hər posta snayper yerləşdirdi. Ağdamlı əsgər Rəşad noyabrın 9-u səhər saat 10-dan axşam 5-ə kimi 18 ermənini güllə ilə vurdu. Onlardan 15-i öldü, 3-ü yaralandı.
Noyabrın 10-da səhər Laçın dəhlizinə çatmağa az qalmış qələbə xəbəri gəldi.

- Döyüş müddətində çox ağır hadisələrin şahidi olduq. Bir neçə əsgər yoldaşımız gözümüzün önündə şəhid oldu. Özümüz dəfələrlə ölümlə üz-üzə qaldıq, bir dəfə də ağlamadıq... Amma noyabrın 10-u qələbəmizi qeyd edəndə hamının gözündən yaş tökülürdü. Hər kəs şəhidlərə görə ağlayırdı, ölən cəsur oğlanlarımız üçün göz yaşı axıdırdı. Elə əsgərimiz vardı noyabrın 9-da şəhid olmuşdu. Bir neçə saat da sağ qalsaydı, heç nə olmayacaqdı... Ömür vəfa etmədi ki, bu sevinci onlar da bizimlə birgə yaşasınlar...

Noyabrın 10-da ilk dəfə ocaq qaladıq. 5 gün idi çəkmələrimizin içi su, ayaqlarımız, corablarımız yaş idi. Qurulandıq. Nəhayət xörək hazırladıq, duzsuz bişirdik. Günlərdir isti xörək yemirdik. Yemək bizə gəlib çatana qədər donurdu, çörək bərkiyirdi. Bir sutka dayanmadan çay içdik. 17 gün idi ki, çay içmirdik.

Yağışda, qarda, yaş, palçıqlı torpağın üstündə yatırdıq, oradan da durub irəliləyirdik.  Meşədə çaqqal necə ulayırdısa, gözümüzə yuxu getmirdi...
 
Anamla atam harda döyüşdüyümü bilmirdilər
 
Atəşkəs elan olunandan 5 gün sonra Ramin Babayev Qubadlının Xanlıq kəndinə gəlir. 17 gün orada hərbi xidmət keçir. Dekabrın 2-dən isə Müdafiə Nazirliyinin əmri ilə Gorus-Qafan istiqamətində müdafiə və mühafizədə iştirak edir.

- Erməni tərəfinə bizim sərhədləri tərk etmək üçün dekabrın 20-nə qədər vaxt vermişdilər. Amma 18-ində çıxdılar. 2 gün PUA-ların müşayiətilə həmin ərazilər minalardan təmizləndi. Hardasa 400-ə qədər mina tapıldı. Hətta bir neçə gün öncə orda iki erməni öz basdırdıqları minaya düşmüşdü. Dekabrın 21-də Qafana getdik. Dağlıq, qayalıq ərazi idi. Bir çay axırdı. Yer doluydu canavar ləpirləriylə. Qayaların başında qartallar uçurdu. Ucqar bir yer idi. Şəbəkə tutmurdu. Postumuzu qurduq, 3 gün orda qaldım. Dekabrın 25-də isə tərxis olundum.
Evə geyindiyi hərbi forma ilə gəlir. Üzərində müharibənin izləri olan şəhid qanı, palçıq, tər, çirk ilə “bəzənmiş” forma... Ürəyində qarışıq duyğular, beynində isə ömürboyu yaddaşından silinməyəcək müharibə səhnələri və döyüş xatirələri...

- Bu vaxta qədər döyüş filmlərinə sadəcə film kimi baxardıq. Amma bilmirəm, bundan sonra o filmlərə, ümumiyyətlə, baxa biləcəm, ya yox. Çünki Hollivud kinolarında gördüyümüz dəhşətli müharibə səhnələrini biz eynilə yaşadıq. Məsələn, 3 nəfər vuruşursuz, snayper yanındakı əsgəri vurur, sən sağ qalırsan. Halbuki səni də vura bilərdi... Qismət...

Mən müharibəyə könüllü müraciət edib getdim. Çantamı yığıb hazır qoymuşdum, hətta vəsiyyətimi də yazmışdım... Yoldaşıma da hər şeyi izah etmişdim, tapşırmışdım möhkəm olsun, başını dik tutsun... Yəni şəhid olmağa ürəkdən hazır idim. Bilirdim, müharibədən dönməmək də var. Amma... Mən şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Şəhidlik həqiqətən də çox uca, ali və müqəddəs məqamdı. Hamıya qismət olmur. Mənim də qismətimdə yoxmuş demək...

Qəribədir ki, müharibə insanı dəyişdirir. Sanki qəddarlaşırsan, ölüm gözündə adiləşir. Döyüş zamanı qorxu hiss etmirsən. Ölümün də gözünə dik baxırsan. İnsanın özündən asılı deyil bu. Döyüş günlərində heç kim yadıma düşmürdü. Ürəyimdə iki hiss vardı - ermənilərə bəslədiyim nifrət və Qarabağa qovuşmaq. Bu iki duyğu məni ayaqda bərk saxlayırdı.

Noyabrın 14-nə qədər anamla atam harda döyüşdüyümü bilmədilər heç. Ağcabədidə təlimdə olduğumu zənn edirdilər. Zəng vuranda sakit danışırdım. Minaatanın fitini eşidən kimi tez telefonu söndürürdüm, bilirdim ki, yaxınlara düşüb partlayacaq. Sonra bir də yığıb deyirdim, şəbəkə zəifdi, telefon yaxşı tutmur...

Doğma torpağını, vətənini qorumaq hər bir Azərbaycan vətəndaşının, hər bir oğulun şərəf  borcudur. Mən də döyüşlərdə iştirak etdim və vətənə olan borcumu yerinə yetirdim. Müharibəyə fəxrlə getdim və qürurla geri döndüm. Xalqımızın tarixinin bu cür özəl dönəmində mənim də adımın olması, torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə iştirakım həyatımın şərəfli səhifələridi.

Ali Baş Komandan İlham Əliyevə minnətdarlığımı bildirirəm ki, döyüşlərdə iştirakımı yüksək qiymətləndirdi, məni “Laçının azad olunmasına görə” medalı ilə təltif etdi. Bu mənim üçün böyük fəxr, qürurdur. Çox şükür, Qarabağı erməni silahlı  şərəfsizlərindən təmizləmək kimi xosbəxtlik mənə qismət oldu. 30 ildir həsrətlə gözlədiyimiz Qarabağımıza qovuşduq. Bu qələbədə bir damla belə payım oldusa, nə xoş mənə...
Bəli, 44 günlük müqəddəs Vətən savaşında qəhrəman oğullarımız günlərlə soyuq səngərlərdə ölümlə burun-buruna dayanaraq, canlarıyla sipər oldular ana torpağa...

Qarabağda qanlarıyla yazdılar Azərbaycanın qürurverici zəfər tarixini...
Yazdılar ki, bu şərəf salnaməsi min illərin o üzündə belə qürurla, dəyanətlə  vərəqlənsin...
 
Xəyalə MURADLI,
“Azərbaycan”