Adı var, binası yox Göytəpə Şəhər Xəstəxanasından NARAZILIQ - REPORTAJ
    • 17-02-2021, 15:41
    • 527

Adı var, binası yox Göytəpə Şəhər Xəstəxanasından NARAZILIQ - REPORTAJ

Sağlamlıq elə bir böyük nemətdir ki, cəmiyyətin, xalqın sərvəti hesab olunur. Bu nemətdən də kimsə məhrum olmaq istəməz. Elə Göytəpə şəhərinin sakinləri kimi. Söhbət onların açıq desək, əlindən alınan tibbi xidmətlərdən, xəstəxanadan gedir.

News24.az
APA.TV-yə istinadən xəbər verir ki, 1975-ci ildə Hərbi Hava Qüvvələrinə məxsus 7,9 hektar ərazi Səhiyyə Nazirliyinin balansına keçirilib və orada 169 çarpayılıq Göytəpə Şəhər Xəstəxanası təsis edilib. O gündən bu günə xəstəxana binası dəfələrlə köçürülməyə məruz qalıb.
2007-ci ildə Xəstəxana ərazisi binası ilə birgə Sərhəd Qoşunlarına məxsus hərbi hissənin nəzdindəki məktəblə əvəz edilib və xəstəxana şəhərdəki parkın ərazisində yerləşən hərbi məktəbin binasına köçürülüb. Həmin hərbi hissənin yeni ərazisində tikinti işləri aparılması lazım olduğundan, mühəndislər cəlb edilib və layihə işlərinə baxılan zaman ora Səhiyyə Nazirliyinin balansında olduğuna görə qanunsuzluğa yol verilməyib. Bir müddət sonra isə Göytəpə Şəhər Xəstəxanası parkın ərazisindən də çıxarılıb və Göytəpə “Avtotəmir” ASC-nin binasına icarə haqqı ödənilməklə köçürülüb. Burada da səhiyyə işçiləri uzun illərdir fəaliyyət göstərib.

Rayon sakini Mirnatiq Mürsəlov deyir ki, xəstəxananın köçürülməsi ilə bağlı heç bir göstəriş verilməyib: “Bu il, 2021-ci ilin yanvar ayından qeyri-leqal olaraq, yəni qanuni şəkildə heç bir əmr verilmədiyi halda, Göytəpə Şəhər Xəstəxanası başladı köçürülməyə. Uşaq Xəstəxanasının ərazisində Göytəpə Şəhər Uşaq Xəstəxanasının da ləğv edilərək Ailə Sağlamlıq Mərkəzinin yaradılması planlaşdırıldı. İndi hal-hazırda Göytəpə Şəhər Uşaq Xəstəxanasının həkimləri də, Göytəpə Şəhər Xəstəxanasının həkimləri də çox acınacaqlı şəkildə, sıxlıq şəklində uşaq xəstəxanasının binasında yerləşir. Bəzi həkim və işçi heyəti evlərində oturmağa məcbur olublar, evdə qalıblar”.

Göytəpə Şəhər Xəstəxanasının Cərrahiyə şöbəsi bu yaxınlarda Cəlilabad Diaqnostika Mərkəzinə köçürülüb, Doğum və terapiya şöbəsinin fəaliyyəti dayandırılıb, Stasionar şöbə ləğv olunub. Burada çalışmasının 17-ci ilini tamamlayan həkim Nabat Mürsəlova deyir ki, 70 ildir xəstəxana var, amma binası yoxdur. Hər dəfə də tikintisinə söz verilib, lakin əməl olunmayıb. İndi də Göytəpə şəhərindəki xəstəxanalara ehtiyac olmadığı, birinin ləğv ediləcəyi, digərinin yerində isə Ailə Sağlamlıq Mərkəzinin tikintisinə başlanacağı bildirilir: “Bir neçə dəfə bizim xəstəxanamız köçürülmə prosesinə məruz qalıb. Hər dəfə də deyiblər ki, sizə yeni xəstəxana tikəcəyik, avadanlıqla təmin olunacaqsınız. Buna baxmayaraq, biz hələ də xəstəxananı gözləyə-gözləyə qalmışıq. Bu illərdə bizim xəstəxananın bir neçə şöbəsi dağıdıldı, bəzisi Cəlilabad Müalicə Diaqnostika Mərkəzinə, bəzisi uşaq xəstəxanasına köçürüldü. USM həkimi olaraq da mənə dedilər ki, sizin Göytəpə Şəhər Xəstəxanasında işləməyə haqqınız yoxdur, burada belə bir ixtisasa ehtiyac yoxdur, siz də Cəlilabada köçürülməlisiniz. Mən də buna etiraz əlaməti olaraq getmədim, oturmuşam burada öz xalqıma xidmət edirəm. Çünki Göytəpə şəhərinin, eləcə də ətraf kəndlərin ehtiyacı var bizə. Sancı ilə, başqa-başqa problemlərlə xəstələr gəlir, bu nə dərəcədə düzgündür?”

Göytəpə Şəhər Xəstəxanasında tibbi xidmət göstərən şöbələrin şəhərdən uzaqlaşdırılması göytəpəlilərin problemini ikiqat çoxaldıb. Camaatı narahat edən məsələni elə bu xəstəxanada dünyaya göz açmış, 62 yaşlı şəhid atası Nəbi Səlifovdan eşidək: “Cəlilabadda buradan 16 km-dir. Kəndlilər də 16 km Göytəpəyə gələcək, 16 km də gedəcək Cəlilabadda xidmətə. Mən özüm evimdə bu dəqiqə təzyiq altında yaşayan adam, ailəm də xəstə. Kimə müraciət eləməliyəm mən? O gün təzyiqim həddən artıq qalxmışdı 180-ə. Əgər burada biz o həkimi tapa bilməsəydik, Cəlilabada gedib-gələnə mən dünyamı dəyişəcəkdim”.

Mirnatiq Mürsəlov deyir ki, şəhər əhalisi, ətraf kənd sakinləri xəstəxana binasıyla yanaşı, hazırda binanın şöbələrinin köçürülməsindən əziyyət çəkir: Bir var ki, məsələn, 1-2 manat verib gəlsin, özünü çatdıra bilsin, bir də var ki, 10-15 manat xərc çəksin və üstəgəl də ki, bunun kənarda olması xəstənin, yaralının və yaxud da doğum vəziyyətində olan qadınların çatdırılmasında problem yaradır. Ona görə də bu gün Göytəpə şəhər əhalisi, ətraf kənd sakinləri xəstəxana binasıyla yanaşı, hazırda binanın şöbələrinin köçürülməsindən əziyyət çəkir”.

Məsələ ilə bağlı müraciət etdiyimiz Göytəpə Şəhər Xəstəxanasının baş həkimi Eldar İsayev müsahibə verməyəcəyini bildirərək, İcbari Tibbi Sığorta Bürosu və TƏBİB-ə müraciət etməyi məsləhət gördü.

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru Elnur Azadxanovla isə məsələ ilə bağlı bildirdi ki, Göytəpə Şəhər Xəstəxanası 2013-cü ildə avtotəmir zavodunun yararsız binasında həkimlər tərəfindən şəxsi qaydada icarə haqqı ödənilməklə xidmət göstərib. Şöbələr isə dağıdılmış, yararsız vəziyyətdə olub. İcbari tibbi sığortaya keçidlə bağlı kənd xəstəxanaları Ailə-Sağlamlıq mərkəzlərinə çevrildiyi üçün heç kim işini itirməyib, müvafiq şöbələrə transfer olunublar.