Meliyanın həbsi Gürcüstanı qarışdırdı - ŞƏRH
    • 18-02-2021, 17:15
    • 526

Meliyanın həbsi Gürcüstanı qarışdırdı - ŞƏRH

Gürcüstanın ana müxalifət partiyası olan Vahid Milli Hərəkatın ofisi qarşısında situasiya gərginləşməyə başlayıb. Səhər saatlarında ofisin qarşısına polis işçiləri gəlib və partiyanın liderinin həbsi ilə bağlı məhkəmə qərarını oxuyublar. Onların binaya girişinə Meliyanın tərəfdarları mane olub. Gürcüstan müxalifət partiyalarının liderləri də bütün gecəni Vahid Milli Hərəkat Partiyasının ofisində keçiriblər. Nika Meliya da ofisdə olub. 

ABŞ-ın Gürcüstandakı səfirliyi isə Meliya ilə bağlı yaranan situasiyaya görə bir neçə saat ərzində iki dəfə bəyanat verməli olub. Səfirlik hər kəsi sakitliyi qorumağa çağırıb. Meliya ilə bağlı yaranan situasiyanın seçki və məhkəmə sistemindəki uzun illər davam edən problemlərdən qaynaqlandığı bildirilib. ABŞ tərəfləri dialoqa çağırıb, amma həm də məhkəmənin qərarının icrasının hər kəs üçün vacib olduğunu bəyan edib.


News24.az məsələni şərh etməsi üçün Politoloq İlqar Vəlizadə ilə həmsöhbət olub.

Politoloq məsələnin pərdəarxası tərəflərini belə şərh edib: “Ana müxalifət partiyası - Birləşmiş Milli Hərəkatın sədri Nika Meliya 2019-cu ildəki ixtişaşların səbəbkarlarından biri idi. Həmin ildəki ixtişaşlar iqtidarı sarsıtdı və nəticə etibarilə köhnə baş nazir getdi. Yerinə isə Qaxariya gəldi. Qaxariya 2019-cu ilin hadisələrində prinsipial rol oynayıb. İxtişaşlar zamanı o daxili işlər naziri idi. Bu ixtişaşları demək olar ki, onun hesabına səngitmək mümkün oldu. Meliyanı həbs edən də Qaxariya idi. İndi yenə də Meliyanın partiyası və özü fəallaşıb. Onun Gürcüstanın daxili siyasətinə təzyiqi böyükdür”. 


İlqar Vəlizadə vurğulayıb ki, Meliyanı yenidən təzyiq altına almaq istəyirdilər: “Əsas səbəb isə bundan ibarətdir ki, 2019-cu ildə ona qarşı açılan cinayət işi hələ də qüvvədədədir. Tiflis Şəhər Məhkəməsinin qərarı ilə o, 30 min lari məbləğində girov müqabilində azadlığa buraxılıb və elektron qolbaq vasitəsilə nəzarətdə alınıb. N.Meliya ötən ilin noyabrında qolbağı çıxarıb. Bundan sonra girovun məbləği 40 min lariyə qədər artırılıb və ödənilməsi üçün 50 gün müəyyən edilib. Müddət fevralın 12-də başa çatıb. N.Meliya girovu ödəməkdən imtina edib. Onun da öz maraqları var. Bu maraqlar ondan ibarətdir ki, onun fiquru ətrafında ajiotaj çoxalsın. Nəticə etibarilə bu addım yeni etiraz dalğasının yaranmasına imkanlar yaratdı. Qaxariya isə bu işi sona çatdırmaq istəyirdi. O, heç bir güzəştə getmək fikrində deyildi. Ancaq Qaxariyanın komandasında bəzi nüfuzlu şəxslər buna etiraz etdilər. Buna görə də Qaxariya istefa verməyə məcbur oldu”.

Siyasət şöbəsi