Peşə təhsili alacaq gənclər üçün yeni perspektivlər yaradılır
    • 23-02-2021, 19:43
    • 625

Peşə təhsili alacaq gənclər üçün yeni perspektivlər yaradılır

"Ölkəmizin bir sıra regionlarında olduğu kimi, cənub bölgəsində də gənclərin məşğulluq məsələsi önəmli yerlərdən birini tutur. Belə ki, bölgələrdə yeni peşə təhsili müəssisələrinin fəaliyyətə başlaması yeniyetmə və gənclərin məşğulluğunun təmin edilməsində və yerli əmək bazarının tələbatına uyğun ixtisaslı kadrların hazırlanmasına dəstək rolunu oynayacaq". Bu fikirləri Təhsil Nazirinin müavini İdris İsayev fevralın 19-da Lənkərana  səfəri zamanı söyləyib. 
 
Bir sıra dövlət və özəl sektor nümayəndələrinin iştirakı ilə təşkil edilən görüşə qatılan nazir müavini gənclərin məşğulluğunun təmin edilməsində işəgötürənlərlə peşə təhsili müəssisələri arasında qarşılıqlı əlaqələrin yaradılmasının çox önəmli olduğunu qeyd edib. Peşə təhsilinin işəgötürənlərin ehtiyacına uyğun təşkilinin əhəmiyyətinə toxunan nazir müavini bildirib ki, təhsil müəssisələrində hazırlanan kadrların bilik və bacarıqları əmək bazarının tələblərinə cavab verməlidir. Bunun üçün müasir tələblərə cavab verən peşə və kvalifikasiya standartlarının tərtib olunması zəruridir.   
 
Təhsil nazirinin müavini görüşdə iştirak edən Lənkəranda fəaliyyət göstərən bir sıra dövlət qurumlarınin filiallarının və özəl şirkətlərin nümayəndələrinə peşə təhsili müəssisələrində təhsil alanların işə cəlb edilməsi məsələsində daha çox maraqlı olmalarını tövsiyə edib.  "İşəgötürənlər peşə təhsili müəssisələrində tədris prosesinin bütün mərhələlərində iştirak etməlidirlər. İşəgötürənlərdən istəyimiz ondan ibarətdir ki, onlar qəbul prosesində, təhsil proqramlarının hazırlanmasında, tələbələrin biliklərinin qiymətləndirilməsində, onların iş təcrübələrinin həyata keçirilməsində və işə götürülməsində fəal iştirak etsinlər. Əminəm ki, bu prosesə cəlb edilən işəgötürənlər fayda əldə edəcəklər. Bu münasibətlər işəgötürənlərin ixtisaslı kadr təminatına müsbət təsir etməklə yanaşı, onlarda əmək məhsuldarlığını yüksəldəcək və gəlirlərin artırılmasına müsbət təsir edəcəkdir. Yeni peşə təhsili müəssislərinin fəaliyyətə başlaması isə bu imkanları daha da genişləndirməklə yanaşı regionda gənclərin məşğulluğunun təmin edilməsinə dəstək olacaqdır".

Görüşdə iştirak edən özəl və dövlət sektorunun nümayəndələri hazırki əməkdaşlıqlarından söz açaraq, bununla  bağlı öz fikir və mülahizələrini paylaşıblar. Çıxış edənlər əməkdaşlığın genişləndirilməsi imkanları və bu yöndə kadr hazırlığının təşkili prosesində birgə fəaliyyət istiqamətlərinin gələcək perspektivlərindən danışıblar. 

Yüksək texniki peşə təhsilinin imkanlarına da toxunan cənab İsayev  onun peşə təhsilinin ən yüksək səviyyəsinin olduğunu, bu səviyyəni bitirən tələbələrə subbakalavr dərəcəsinin verildiyini bildirərək onun əhatə dairəsinin genişləndirilməsində yeni peşə təhsili müəssisələrinin rolunu qeyd edib: "Bununla peşə təhsili müəssisələrinin tələbələri üçün təhsillərini davam etdirmək və  ali təhsil almaq baxımdan yeni prespektivləri açılacaq. Yüksək peşə təhsili sistemində təhsil alan tələbələr subbakalavr diplomu alacaqlar. Tələbələr qəbul imtahanlarında iştirak etmədən ali məktəblərə qəbul olunmaq imkanı qazanacaqlar".