Bayram Kərimov:
    • 25-02-2021, 16:10
    • 571

Bayram Kərimov: "Xocalıdakı körpələrin, anaların qisasını aldıq"

"Ağrılarım hələ də həddindən artıq çoxdur. İşgəncələrin yerləri, qırıqlar məni çox incidir. Düzdür, müalicəm davam edir, amma axsaya-axsaya yeriyirəm. Sağ tərəfdə sümük boşluğu olduğuna görə, heç çəlikdən belə istifadə edə bilmirəm. Bu vəziyyətdə ailəmizə ancaq atam baxır. Mən də tez bir zamanda sağalıb çalışmaq istəyirəm"

Bu sözləri News24.az-a açıqlamasında II Vətən müharibəsi zamanı erməni əsirliyində olan Bayram Kərimov deyib.

O, bildirib ki, yaşadığı bütün ağır hadisələr, ermənilərin işgəncələri onun yaddaşında əbədi olaraq həkk olunub: "Mən heç bir işgəncəni unutmamışam, unuda bilmərəm. İnanın ki, gecələr yata bilmirəm. Qorxuram ki, o anlar yuxuma girər. Yuxuda da şəhid yoldaşlarımı görürəm. Ermənilərin işgəncələri ömürlük beynimə həkk olundu. Elə bir gün yoxdur ki, o işgəncələri xatırlamayım. Bir də görürsünüz səhərə qədər ağrıdan inildəyirəm. Ağrılarım həddindən artıq çoxdur.  Ancaq səhərə yaxın yuxuya gedirəm". 

B.Kərimov əsirlikdə olduğu dostlarla tez-tez danışdıqlarını qeyd edib.

O, 29 llik Xocalı soyqırımı haqda da danışıb: "Sabah bu qanlı faciənin 29-ci ildönümüdür. Bu tarix mənə o şərəfsizlərin qorxunc əməllərini xatırladır. Allaha çox şükürlər olsun ki, qisasımızı aldıq. Biz Xocalıdakı körpələrimizin, ana və bacılarımızın qisasını aldıq".   

Sevda Bayramova