İlham Əliyevdən iranlı jurnalistə SƏRT REAKSİYA
    • 26-02-2021, 13:40
    • 637

İlham Əliyevdən iranlı jurnalistə SƏRT REAKSİYA

Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında İrandan iştirak edən jurnalistin terrorçularla bağlı sualına sərt reaksiya verib. 

News24.az-ın məlumatına görə, dövlət başçısı sualın ittiham xarakteri daşıdığını vurğulayıb: 

“Siz bunu sual formasında verə bilərsiniz. Ancaq dediyinizin arxasında durmalısınız. Müharibə zamanı hər hansı terrorçu qrupların iştirakıyıla bağlı elə hesabatlar məlumatlar, dəlil, sübut yoxdur. Bu, uydurulmuş məlumatdır. Təəssüf edirəm ki, dost ölkədən olan jurnalist belə bir sual verir. Azadolunma əməliyatında heç bir terrorçu iştirak etməyib. Bunun heç bir sübutu yoxdur. Bu sadəcə olaraq Azərbaycanı ittiham etməkdir. 
Bu, Ermənistan tərəfindən ediləndə anlaşılandır. Onlar üçün ağrılı məsələdir ki, onları Azərbaycan əsgəri məhv edib. Sizə tövsiyəm o olardı ki, spekulyasiyalarla məşğul olmayasınız.  

Siz xanım olaraq dost ölkədən gəlmisiniz. Xahiş edirəm, sualınızda məsuliyyətli olasınız”.

Daha sonra sözügedən jurnalist sualın səhv anlaşıldığını və əslində digər terrorçu qruplar (İŞİD) haqda sual ünvanladığını bildirib. 

Dövlət başçısı daha sonra İranla Azərbaycanın əməkdaşlığından və əlaqələrindən söz açıb: 

“İranla bizim çox yaxşı səviyyədə əməkdaşlığımız var və müharibədən sonra yeni imkanlar yaranıb. İran şirkətləri işğaldan azad olunmuş ərazilərimizdə yenidənqurma proseslərində iştirak etmək istəyirlər. Yüksək rütbəli Azərbaycan nümayəndə heyəti artıq İranda səfərdə olub. Müxtəlif məsələlər müzakirə edilib. Xüsusilə, Xudafərin su anbarı və orada elektrik enerjisi istehsalını edən stansiyaların inşası ilə bağlı biz artıq razılığa gəlmişik. “Xudafərin” və “Qız qalası”nın 280 meqavat gücü olacaq. Alınan imkanlar isə iki ölkə arasında bölünəcək”. 

Ölkə başçısı vurğulayıb ki, biz İranla 132 kilometrlik dövlət sərhədimizi bərpa etmişik: “Biznes, nəqliyyat və kənd təsərrüfatı sahəsində böyük imkanlar var. Nəqliyyat məsələsinə gəldikdə, Zəngəzur dəhlizi İran üçün də faydalı olacaq. Çünki bu dəhlizdən istifadə edərək, İran Ermənistanla dəmiryolu əlaqəsi əldə edəcək. Mən eşitdiyim qədərilə İran və Ermənistan arasında dəmiryolunun inşası məsələsi artıq mənasını itirir. Çünki biz Naxçıvan üzərindən Culfa vasitəsilə İranın yüklərini Ermənistana və oradan da geriyə nəql edə bilərik. Ona görə də bu imkanlar nəzərdən keçiriləcək. İranla əməkdaşlığımız bundan sonra da davam edəcək”.