Regionun yeni reallığı və İlham Əliyevin göstərdiyi yol - Ermənistan necə xilas ola bilər - BİZİM ŞƏRH
    • 26-02-2021, 15:04
    • 1 342

Regionun yeni reallığı və İlham Əliyevin göstərdiyi yol - Ermənistan necə xilas ola bilər - BİZİM ŞƏRH

Regionun yeni reallığı və İlham Əliyevin göstərdiyi yol – Ermənistan necə xilas ola bilər? – BİZİM ŞƏRH
 
Ermənistan bir dövlət kimi yoxa çıxmaq üzrədir. Ola bilsin adı qalacaq, amma dövlətçiliyi süquta uğrayacaq - bu, artıq dəqiqdir. Kökü olmayan ağac yıxılmağa məhkumdur. Mahiyyəti terrorçuluq düşüncəsindən qaynaqlanan erməni topasının Ermənistanı məhz tarixi Azərbaycan torpaqlarında yaratması təsdiqlənmiş həqiqətdir. 
 
Azərbaycan Prezidenti İlham Əliyevin sitatını xatırladaq: "Azərbaycan Bügünkü Ermənistan dövləti tarixi Azərbaycan torpaqlarında yaranıbdır. Bu tarixi həqiqətdir. Biz bu tarixi yaxşı bilirik. İrəvan xanlığında yaşayanların əksəriyyəti azərbaycanlılar idi. Zəngəzur mahalı Azərbaycandan zorla qopardılıb ki, böyük türk dünyasını parçalasınlar və elə də oldu. Ancaq vaxt gələcək, bu ədalətsizliklər aradan qaldırılacaqdır".

Bu ədalətsizlik artıq aradan qalxır. Ermənistan müstəqillik tarixinin ən acınacaqlı dövrünü yaşayır desək, yəqin ki, yanılmarıq. Onların belə acı aqibətlə üzləşəcəyini  Azərbaycan Prezidenti çıxışlarında dəfələrlə bəyan etmişdi. Demişdi ki, işğalçılıq siyasətindən əl çəkin, terror ideologiyasından uzaq durun. Nəticə çıxarmadılar. Bu da aqibət...

- Ermənistan dövlət olaraq bütün dayanaqlarını itirib.
 
- İdarəçilik sistemi tamamilə sıradan çıxıb.
 
Haqq uğrunda apardığımız 44 günlük Vətən müharibəsinin "Dəmir yumruğu" qonşularının ərazilərini işğal edən və terror siyasətinə sadiq qaldığını əməlləriylə dəfələrə isbatlayan Ermənistanın başına çırpılan həlledici zərbə oldu. 

Dağlıq Qarabağ və ətrafında olan rayonların - 20 faiz ərazimizin işğalçılardan təmizlənməsi məqsədilə 28 il sülh danışıqları apardıq. Bu illər ərzində Azərbaycanın ali rəhbəri səviyyəsində Petrosyana, Köçəryana, Sarkisyana, nəhayət Paşinyana, o cümlədən erməni xalqına dəfələrlə deyildi ki, sonunuz faciə ilə  bitəcək. Onsuz da işğalçılığınız başınızda çatlayıb: regionda küncə sıxışdırılmsınız - bütün iqtisadi, siyasi, mədəni layihələrdən kənarda qalmısınız. Siyasət, xüsusən regional siyasət zamanın axarında dəyişə bilir. Bu dəyişikliksə həmişə Azərbaycanın xeyrinə olacaq, diqtə edən tərəf bizik: xalqın dövlətçilk ətrafında birliyi hər gün daha sıxlaşır, ordumuz ən müasir silahlarla təchiz edilir və güclənir, iqtisadiyyat həm daxildə, həm də xaricdə üfüqi istiqamətdə şaxələnir, ölkəmizin neftindən, digər sərvətlərindən əldə olunan maliyyə insan kapitalının zənginləşməsinə sərf olunur, Prezidentin rəhbərliyi ilə yürüdülən xarici siyasət dəqiq hədəflərinə uzlaşa bilir - Qarabağın Azərbaycanın əzəli və əbədi ərazisi olduğu ən yüksək səviyyədə - bütün ölkələr və beynəlxalq təşkilatların sənədlərində təsdiqlənir.

Regionda bizim istəyimiz, dəstəyimiz, iştirakımız olmadan heç bir layihə gerçəkləşmir, qaz kəmərləri, neft müqavilələri, dəmir yol xəttləri mənbəyini Azərbaycandan götürür. Konkret: HAQLIYIQ VƏ GÜCLÜYÜK. Haqlı və güclü olmağı bacarmaq qələbənin özüdür! 
Açıq gerçəyi aydın ifadələrlə, əməllərlə göstərdik - Ermənistanın xalqı üçün deyil, klanları üçün hakimiyyəti zəbt edən prezidentləri, hökumətləri anlamadılar, qanmadılar. Haqsız və gücsüz Ermənistan haqlı və güclü Azərbaycanın qarşısında diz çökməliydi - bu, aksiomadır. 
Ermənistan Azərbaycana uduzdu, bununla həm də bütün dünyaya uduzdu. Azərbaycan dünyanın nüfuz mərkəzindədir. 28 illik işğala 44 gün ərzində son qoymaqla tək özümüzü yox, öncə Qafqazı, sonra dünyanı xilas etdik. 
 
Qısa izah: 
 
  • Ermənistan terrorçuluq siyasəti yürüdərək, sərhəd qonşularına haqsız olaraq ərazi iddiaları irəli sürür və xəstə təxəyyülünün məhsulu olan məkrli planından bir addım geri çəkilmir. Azərbaycan qələbəsi ilə regionu bürüyəcək real terror təhlükəsinə son qoydu.
 
  • Terrorçu dövlətin işğalı nəticəsində "haqq işləmir" anlamı beynəlxalq diplomatiyanın qənaətinə çevrilməkdəydi. Bu zərərli qənaətin tam formalaşmasına imkan vermədik. Azərbaycan haqqın bərpaçısı imici qazanaraq, sülhün alternativsiz olduğunu şəffaflığı ilə göstərdi.
 
  • Əslində xalqların günahı olmur. Ermənistan xalqını, onun hakimiyyətləri kütləyə çevirərək arxalarınca uçurma aparır. Vətən müharibəsi prosesi və nəticəsi sadə ermənilərə xilas yolunun harda olduğunu nümayiş etdirdi.
 
  • Nəhayət, Vətən müharibəsi Azərbaycan xalqının yeganə dərdinə çarə oldu. 
 
Ermənistan dövlət kimi çökür. Səbəb: yalançı və ziyanlı xəyalları puç olub. "Böyük Ermənistan" nağılının sonunda göydən alma əvəzinə, dronlar yağdı. 

Ökə bir-birinə dəyib - Bu aqibəti yaşayacaqlarını onlara dəfələrlə demişdik. 

Şovinist qüvvələr, xəstə "millətçilər" Paşinyan hökumətinə "məğlub olmusan" süngüsüylə hücuma keçiblər. Baş Qərargah olmayan ordunu mövcud hakimiyyətə qarşı qiyama qaldırır. Siyasətçilərin əlində oyuncağa çevrilən bir qrup erməni, yeni hakimiyyət qurmaq istəyi ilə küçələrə çıxıb, klanlar arası savaş dərinləşib, tərəflər  "biz olsaydıq, Azərbaycan ərazilərini işğaldan azad edə bilməzdi" iddiasıyla hakimiyyətin növbəti qəsbinə hazırlaşırlar. 
 
Gözlənilməz heç nə yoxdur - 44 günlük Vətən müharibəmiz ermənilərin bir əsirlik xülyalarını darmadağın edib. Hələ də anlamırlar ki, işğalçı-terrorçu ölkədə hakimiyyətdə hansı qüvvələr olsaydı belə, murdar siyasətindən əl çəkməsəydi, silahlarını ölkəmizin ərazisindən çıxarmasaydı, sülh danışıqlarına əl yelləyib, xain təxribatlarını sürdürmək yolundan çəkilməsəydi, "Dəmir yumruq" onların başını elə indiki dərəcədə əzəcək, yurdlarmızı azadlığa çıxaracaqdı. 
Qonşu ölkədə yaşanan real vəziyyəti, Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında dəqiqliyi ilə şərh edib. Oxuyaq: 
 
"Ermənistan elə bir ağır durumdadır ki, orada gedən proseslər ölkənin dövlətçilik əsaslarını böyük dərəcədə sarsıdır. Və bunun günahkarları Ermənistanın əvvəlki və indiki rəhbərləridir. Çünki 20 il ərzində Koçəryan -Sərkisyan xuntası Ermənistanı faktiki olaraq uçuruma aparırdı. Və böhranlı vəziyyətə gətirib çıxardı. Ölkə demək olar ki, bütövlükdə müstəqillik əlamətlərini itirib. Daha çox müstəmləkəyə bənzəyirdi. Bunun əsas səbəbi işğalçılıq siyasətidir. Çünki Ermənistan nə qədər çox torpaqlarımızı işğal altında saxlamaq istəyirdilərsə, o qədər də onlar asılı vəziyyətə düşürdülər. Ermənistanı biz ardıcıl olaraq bütün beynəlxalq, regional layihələrdən təcrid etmişdik. Ermənistanı iqtisadi cəhətdən sarsıtmaq, çökdürmək, təcrid etmək bizim siyasətimiz idi. Mən bunu heç vaxt gizlətmirdim. Açıq dəfələrlə deyirdim ki, biz bu siyasəti o vaxta qədər aparacağıq ki, torpaqlarımız işğal altındadır. Ermənistan öz silahlı qüvvələrini bizim torpaqlarımızdan çıxartsın, ondan sonra bölgədə işbirliyi, əməkdaşlıq da ola bilər. Və bizim siyasətimizdə dəyişiklik ola bilər. Əfsuslar olsun ki, nə əvvəlki xunta rejimi, nə də 2018-ci ildə hakimiyyətə gəlmiş hökumət bizim bu çağırışlarımıza qulaq asmadı. Əgər vaxtında qulaq assaydılar, bu gün belə rəzil duruma düşməzdilər. Ermənistanda indi tamamilə böhranlı vəziyyət hökm sürür. Mən onların daxili vəziyyətləri ilə bağlı hər hansı şərh vermək istəməzdim. Prinsip etibarı ilə biz heç vaxt başqa ölkələrin daxili işlərinə qarışmırıq. Xüsusilə indiki həssas məqamda...”

Buyurun, Ermənistan olduqca ağır durumdadır. Ölkənin bir xilas yolu var, o da Azərbaycanla insanpərvər qonşuluq siyasəti aparmaq.   Prezidentimiz deyir: "Ermənistan yeni reallıqlarla barışmalıdır və bu reallıqları biz yaratmışıq". 

Bəli, əgər erməni "siyasətçiləri"   Paşinyanı devirib, ölkəni mat vəziyyətindən çıxarmaq aldanışıyla yenidən qonşusu Azərbaycana qarşı terror siyasətini alovlandırmaq niyyəti güdəcəklərsə, son dərəcədə böyük yanlışlığa yol vermiş olacaqlar. Dünyanı gücü və nüfuzu ilə heyrətə salan titanik gücə mənsub Azərbaycan Ermənistanı... 

Daşnaq xislətlilər üç nöqtənin yerində hansı ifadənin yazılmağa layiq olduğunu yaxşı bilirlər.   

Qısası, Ermənistanın xilası bizim əlimizdədir. Prezident İlham Əliyev ermənilərin xilas yolunu, bütün konturlar üzrə bu gün də aydın şəkildə göstərdi. Revanş hissindən, yeni müharibə həvəsindən uzaq dayanmayacaqlarsa, məhv olacaq, Azərbaycan Prezidentinin heyrətamiz siyasəti nəticəsində regionda yaranmış yeni reallıqlarla barışıb, əməkdaşlığa meyillənəcəkləri halda isə, yaşayacaqlar...
 
News24.Az