"Bütün bayramlarımız Vüqarla getdi..." - Şəhid ailəsində OD ÇƏRŞƏNBƏSİ - VİDEO/FOTO
    • 2-03-2021, 19:49
    • 687

"Bütün bayramlarımız Vüqarla getdi..." - Şəhid ailəsində OD ÇƏRŞƏNBƏSİ - VİDEO/FOTO

“Od çərşənbəsidir. Amma bu gün tonqal qalamayacağıq. Bu ocağın istisini də, ağzımızın dadını da, çərşənbə əhvalımızı da Vüqar özü ilə apardı. Bundan sonrakı özəl günlərimizi onunla baş-başa zamanlarımızı xatırlamaqla keçirəcəyik”.
Bu kəlmələri Vətən savaşımızın qəhrəmanı şəhid Vüqar Sadıqovun gözüyaşlı xanımı deyir.
 


Həyat yoldaşının bu torpaq, bu yurd üçün canını verməsiylə qürur duyan Pünər Sadıqova ocağını ondan yadigar qalan balalarının nəfəsi ilə isidir. O balalar ki, yalnız ona deyil, bizlərə də ən böyük əmanətdir. Yaşar, Nərgiz, Zeynəb...

Bu gün Şəhid yadigarı olan bu balaların könlünü şad eləmək üçün qapılarını döydük. 

“Liatris Holding”in rəhbəri Ruhi Əliyeva və News24.az saytının əməkdaşları olaraq hər çərşənbəni bir Şəhid ailəsi ilə baş-başa keçirmək ənənəsinə sadiq qalıb mərhum qəhrəmanımız Vüqar Sadıqovun ailəsinin qonağı olduq. 


 Bizi əzizləri kimi qarşıladılar. Qapıdan girəndən  oranı tərk edənədək hər biri ayrılıqda Şəhid Vüqarla bağlı xatirələrini yada saldılar. 

Özünü ailənin böyüyü kimi aparan Yaşarın, “mən böyüyüb həkim olacam, atam belə istəyirdi” deyən Nərgizin, hər kəslə dil tapıb oyun oynayan balaca Zeynəbin hər birinin atası ilə bağlı öz xatirəsi, öz anıları var. Sözlərinin əvvəli də, sonu da ataları, onunla birgə keçən günləriydi...


“Ruhi xanım bizim bibimizdir” deyən balacaların dil boğaza qoymadan danışdıqlarından, şirin söhbətlərindən xüsusi zövq alan iş xanımı “onları övladlarımdan ayırmıram, hər birinin ürəyimdə öz yeri var” deyə təəssüratlarını bölüşdü: “Uzun illərdən sonra azadlığına qovuşduğumuz torpaqlarımızın hər qarısı üçün biz Şəhidlərimizə borcluyuq. Onlara olan borcumuzu qismən də olsa, övladlarına göstərdiyimiz məhəbbət, nəvaziş və sevgi ilə qaytara bilərik. Mənim üçün bütün Şəhid balaları dəyərlidir. Tovuz döyüşlərində qəhrəmancasına həlak olan Vüqar Sadıqovun yadigar qoyub getdiyi bu övladları da belə bir gündə ziyarət etməyi özümə borc bildim. Çox istərdim ki, qarşıdan gələn növbəti çərşənbələri, Qadınlar Gününü, Novruz bayramıni hər kəs Şəhid ailələri ilə baş-başa keçirsin, onların könlünü sevindirsin. Bu, vətəndaş olaraq hər birimizin borcudur. Mən öz payıma söz vermişəm ki, hər bayramı, hətta ad günümü də onlarla birlikdə qeyd edim. İstərdim ki, imkanı olanların hamısı bu təşəbbüsə dəstək versin. Allah şəhidlərimizə rəhmət, onların yadigarlarına isə uzun ömür və xoşbəxtlik nəsib etsin”.