9 ay balama əzab verən "antistress maqnit"in AĞIR STRESSİ  - FOTOLAR
    • 29-03-2021, 18:41
    • 2 351

9 ay balama əzab verən "antistress maqnit"in AĞIR STRESSİ - FOTOLAR

İlaxır çərşənbə günü uşaqlarım üçün süfrə hazırlayıb, ailəmiz adına bayram şamı yandırıb arzu tutdum. Şamlar hələ sönməmişdi, arzularımın başında da balalarıma sağlamlıq diləmişdim. Balaca qızım Şəms düyü sevəndi, onu çağırıb aş yedizdirmək istədim. 2 yaş 5 aylıq olan balaca balam əliylə qarnını tutub öz yaşına uyğun ağrısını anlatmağa çalışdı. İsrarıma baxmayaraq, yeməyə yaxın durmadı. Az sonra qarnını tutub yerə uzandı. Əvvəl köp ağrısı olduğunu düşünüb, bildiyim yöntəmlərlə ağrını götürməyə çalışdım. Amma Şəmsimin ağlamağı getdikcə artdı və ayaqlarını yerə vura-vura qarnını tutub "mama çıxat, çıxat" dedi. Ağrıların və uşağın ağlamağının azalmadığını görüb qaldığımız yerə ən yaxın olan "Baku Medical Plaza"ya üz tutduq. Evdən çıxmazdan qabaq uşağın qaytarmağını görüncə, onun yeni yayılmış viruslardan hansınasa yoluxduğunu düşünürdüm. Xəstəxanaya çathaçatda Şəmsin növbəti dəfə, həm də dayanmadan qaytarmasını görüncə, bunun çox ciddi fəsad olduğunu anladım. İşdə olduğum zamanlarda uşaqlarımla bağlı ürəyimə gələn qorxuların hamısı təkrar-təkrar beynimdən keçdi, bəlkə gözdən yayınıb kimyəvi nəsə içib, bəlkə dərman atıb, ya da iynə udub...
 

Beynim donmuşdu. Şəmsin səsi o qədər xırıltılı gəlirdi ki, balama hər an nəsə ola biləcəyini düşünürdüm. Ən pisini hətta... Bu, həyatımın ən dəhşətli axır çərşənbəsi idi... Ömrüm boyu unutmayacağım bir gecə yaşayırdım. Növbətçi həkim Şəmsi əvvəl UZİ-dən keçirdi. Fəsad görünmürdü. Daha sonra rentgen çəkildi. Orda bağrımı çatladacaq təsvir görüntüləndi. 12 barmaq bağırsaqda qara yad cisim kimi nəsə görünürdü. Bu dəmir parçasıdır, yoxsa sərt cismdir, anlamaq mümkünsüz idi. Həyəcandan ayaqda güclə daynsam da, həkimin suallarına aydın cavab verməyə çalışırdım. Bu, nə ola bilər axı?! Nigarançılıqdan dəli olacaqdım... Gecə yarını keçmiş olsa da, dayanmadan ağlayıan Şəmsin rentgenin fotosu klinikanın həkimi, uroloq-cərrah Aqil Abilova göndərildi. Cərrah qızımı təcili nəzarətə götürüb qida qəbulunu dayandırmağı tapşırdı. Gecəni Şəmslə klinikanın dəhlizində keçirdik, balam dayanmırdı, saxlamaq, sakitləşdirmək mümkünsüz idi. Səhərə qədər zəng etmədiyim, məni dəhşətə gətirən rentgen görüntünü göndərmədiyim yaxınım qalmadı. Şəmsi sakitləşdirə bilməməyimə, uşağın ağrıdan qıvrılmasına hönkürtü ilə ağlamaqdan başqa əlimdən heç nə gəlmirdi. Ətrafdakılar məni sakitləşdirməyə çalışırdı. Amma ürəyimə dammışdı ki, həkim qorxunc bir diaqnoz qoyacaq. Uca səslə, göz yaşıyla dayanmadan Allaha yalvarırdım. Həmin palata, həmin dəhliz mənə dünyanın ən ağır, ən böyük dəhşətini yaşatdı. Bir ömür unuda bilməyəcəyim dəhşəti... Kaş ki... Kaş ki... deyə-deyə başıma çırpırdım. Balamın bu hala düşməsinin günahkarı kimi ancaq özümü günahlandırırdım. Müqəssir mənəm! İşləyən ana! Övladlarımın arzularının həyata keçməsi, gələcəklərinin uğurlu olması üçün var gücü ilə can atan mən...

Mən dəhlizdə, içəri keçməsinə icazə verilməyən həyat yoldaşımsa xəstəxana önündə səhəri dirigözlü açdıq. Hava işıqlaşdıqca cərrahın gəlişinə daha az saat qalırdı. Özümü inandırmağa çalışırdım ki, uşaq çox kiçik bir şey udub və elə təbii yolla da çıxacaq. Amma hissiyyatım tamam başqa şey deyirdi. Saat 11-ə 20 dəqiqə işləmiş doktor Aqil Abilov gəldi. Əvvəlcə Şəmsin qarnını müayinə elədi. İlk sualı "sizdə evdə maqnit varmı" oldu. Həmən xatırladım. Çünki 8-9 ay qabaq böyük qızımın oynadığı "antistress maqnitlər" yadıma düşdü. Xatırladım ki, rəngli, parıltılı diyircəklər məni narahat eləmişdi. Onu dərhal eyvanda gizlətmişdim. O zaman ağlıma belə gəlməzdi ki, bu rəngbərəng "antrstrees" oyuncaq mənə həyatımın ən böyük stressini yaşadacaq. Hadisəni olduğu kimi həkimə danışdım. Əgər Şəms 8-9 ay bundan əvvəl gözdən yayınıb onu udubsa, o niyə indi fəsad versin dedim. Cavab qorxunc oldu: "Bəli!"  Növbəti müayinədə balamın 9 maqnit udduğu təsdiqləndi.

Aqil doktorun dediyindən: "Son dövrlərdə uşaqlarda rast gəldiyimiz udulan yad cisim məhz bu maqnitlərdir. Təəssüf ki, maqnitlərin çox ciddi fəsadı olur və fəsadı yalnız cərrahi müdaxilə ilə aradan qaldırılır. Çünki maqnit bir neçə bağırsaqdan keçib və onları bir-birinə pərçim edib. Bu üzdən də rentgen görüntüdə onlar düz xətt kimi görünür. Maqnit udan uşaqlar olub ki, əməliyyat zamanı 30 sm deşilmiş bağırsağı kəsib götürmək məcburiyyətində qalmışıq. Bu üzdən qızınız açıq əməliyyat olunacaq. Əməliyyat 10, hətta 13 saat da davam edə bilər, çünki bu çox xırda və vaxtaparan bir prosedurdur. Eyni zamanda riskli əməliyyatdır".

Riskli… 10 saat… Eşitdiklərimdən dəliyə dönmüşdüm. Şəmsə sakitləşdirici vuruldu və əməliyyata hazırlıq üçün sistemlər köçürülməyə başladı. Bir neçə saat sonra əməliyyata alındı. Saat 17:00-da başlayan əməliyyat 23:30-da tamamlandı. Başına gələnlərin nə demək olduğunu dərk etməyən Şəmsimi göydə Allah, yerdə isə möcüzə yaradan Aqil doktor yenidən mənə qaytardı. Balamı o dəhşətli ağrılardan qurtararaq yenidən həyata dondürdü...
 
Körpə balam 9 aya yaxınmış ki, bağırsağındakı maqnitin ağrıları ilə yaşayırmış...
Əməliyyat bitəndən sonra mənə cəmi 5 dəqiqəlik onu görmək üçün icazə verdilər.  Halsız, ömrümdən-ömür alan 6 saatlıq əməliyyatın narkozunun təsirində idi balam. Səsimi eşidən kimi gözünü yavaşca açıb mənə baxdı. Elə bildim gözləri ilə "mama, mənə nə olub" deyə soruşur. Onun baxışlarının qarşısında necə də aciz idim...

"Heç nə, mənim balam, konfet bilib udduğun balaca, yumru, parıltılı maqnitlərin nəticəsidir" deyib, bu durumdan dolayı özümü qınayırdım. Bir-birimizlə baxışlarımızla danışdıq. Yanında çox əzmli və güclü görünməyə çalışırdım, amma reanimasiyadan kənarda çökmüşdüm, bütün mənəviyyatım, beynim, ürəyim tükənmişdi.

Əməliyyatdan sonra Aqiil doktor Şəmsin nazik bağırsağının deşildiyini və bağırsağın bir hissəsinin kəsilərək götürüldüyünü dedi. Ağrılı idi, amma balamın təhlükəni atlatdığını bilmək, nəfəs almasını, o balaca ürəyinin döyünməsini hiss etmək dərdimi yüngülləşdirmişdi. Görüşdən sonra üfunət iyi verən, balamı aylarla incidən, bir-birinə pərçimlənmiş və artıq paslanmış maqnitləri görüb Allaha şükür, həkimə dua edən yaxınlarımın hamısı bircə kəlmə deyirdi: "verilmiş sədəqən varmış". Məncə də. Bu, Allahın mənə böyük lütfüdür, ona verdiyi ikinci həyat hədiyyəsidir. İndi Şəmsimin doğum günü tək sentyabrın 28-i yox, həm də martın 17-dir. 

Reanimasiyada olduğu müddətdə Şəmslə görüşməyimə icazə verilmədi. Çarəsiz boyun əydiyim bu qərar mənə çox qəddar gəldi və ertəsi gün səhər tezdən balamı görmək üçün reanimasiyanın qapısına dikildim. İcazə verildi, amma cəmi 5 dəqiqəlik... 
Məni və sevdiyi, yanından ayırmadığı oyuncaqlarını görən kimi yenə gözləri ilə danışmağa başladı. Balamın nə demək istədiyini halsız baxan gözlərindən anladım: "Məni çıxart burdan, bura haradır axı?  Evimizi istəyirəm. Mama, sən hardaydın, niyə məni tək qoyub getmisiz?”

5 dəqiqəlik görüşdən sonra arxamca düz bir saat ağladı balam... O zaman anladım ki, reabilitasiya müddətində məni görməməsi çox doğru qərarmış...

5 günlük reanimasiya günıləri martın 22-də bitdi, Şəmsi palataya köçürdülər. Artıq burda onunla qala biləcəkdim. Şəmslə görüşə başqa cür hazırlaşdım, ona danışacağım söhbətləri beynimdə çək-çevir edirdim.

Etiraf edim ki, içimdə hər zaman istər böyük qızım Fərəhin, istərsə də Şəmsin nəsə udacağı qorxusu həmişə olub. Amma bunun belə şəkildə gerçəkləşəcəyi ağlıma belə gəlməzdi. Düz deyirlər ki, qorxduğun başına gələr. 

Ailəmiz növbəti dəfə və daha böyük bir sınaqdan çıxdı. Bu sınaq dönəmində anam, bacılarım, əzizlərim, dostlarım duaları, dəstəkləri ilə yanımızda oldular. Əməliyyatdan iki gün sonra xərclərin fakturasını almaq üçün xəstəxananın kassasına yaxınlaşdım. Əməliyyat xərclərini soruşanda "artıq ödəniş olunub" dedilər. Təəccüb içindəydim. Yanlışlıq olduğunu düşündüm. Amma gerçəkmiş. Heç demə, əməliyyatın ödənişi çalışdığım “Liatris Holding”in rəhbəri Ruhi xanım Əliyeva tərəfindən ödənilib. Söz tapmadım… Nə yazılsa, deyilsə də, onun elədiyi ardı-arası kəsilməyən yaxşılıqları qarşısında aciz qalacaq. Etirazıma sadəcə bir cümlə yazdı: “Şəmsin bir telinə fəda olsun. O mənim də balamdır”. 

Düşünürəm, hər ailənin, insanın ağır keçid dönəmi olur. Təki bundan sonra olmasın, nə bizdə, nə də kimdəsə. Amma bir daha anladım: Başı dara düşən, yıxılan insanın yanında olmaq böyüklük, ucalıqdır. Mən bu dəfə pis yıxıldım, Allah kimsəni belə yıxmasın. Övlad üçün yıxılmaq həyatın ən dəhşətli sarsıntısı imiş… Bu müddətdə anladım ki, çox möhkəm ailəyə, məni bir kəlməsiylə belə qınamayan həyat yoldaşına, sarsılmaz anaya, daima mənə arxa olan bacılara, istənilən vəziyyətdə sözün hər mənasında ürəyi yalnız xeyirxahlıqla döyünən mükəmməl rəhbərə, əvəzsiz dostlara sahibəm. Və ailə olmağı bacaran kollektivdə çalışmaq başqa bir zövqmüş. Bu dönəmdə əlimi tutaraq mənə təsəlli verən, hər şeyin yaxşı olacağına inandıran və ümid bəxş edən insanların hər birinə, eşidən kimi mənə zəng edən, maraqlanan, ismarıc yazanlara minnətdarlıq duyğusu ilə doluyam. Nə yazıq ki, yıxılmaqdan heç birimiz sığortalanmamışıq, amma yıxılanda da gərək ətrafında kişi kimi mərd insanlar olsun. Allahdan diləyim: Heç biriniz övladla sınanmayın. 

Antistress sözünə hazırda nifrət edirəm və yəqin bu nifrət ömrüm boyu davam edəcək. Bir valideyn olaraq övladlarımıza bu cür xətalar verə biləcək oyuncaqların satışa çıxarılmaması ilə bağlı müraciət edirəm. Biz xilas olduq, amma xilas ola bilməyən balalarımız da ola bilər. “Antistress maqnitlər” bizə həyatımızda unuda bilməyəcəyimiz stress yaşatdı. 

Palataya köçdüyümüz gün 1 yaşlı Ləman balanın səsinə çölə çıxdım, eyni fəryad idi. Öyrəndim ki, Ləman bala hansısa oyuncağın içindəki 20 qəpik boyda olan batareyka udub. Həmin batareyka qida borusunda qalaraq bir həftə uşağa ciddi ziyan verib. Ailə körpənin hərarətənin 39-dan aşağı düşmədiyini görüb, həkimə müraciət edib. Həkimlərin qoyduğu diaqnozsa "ilax olub, müalicə eləmək lazımdır" deyib, ailənin əlinə dərman resepti verib yola salıblar. Müalicəni edərkən nəticənin olmadığını görüb, son çarə olaraq elə bizim də olduğumuz klinikaya üz tutublar. Ləman balanı da Aqil doktor xilas edib. 

O ana da mənim kimi başına döyə-döyə qalmışdı... Bizim əlimiz Aqil doktora çatdı, amma əli bu cür həkimlərə çatmayan o qədər ailələr var ki... O oyuncağın adı "antisress kukla" idi... Antistressli hər bir məhsulun böyük stress gətirəcəyini düşünürəm artıq. Özünüzü və balalarınızı antistressli oyuncaqlardan və məhsullardan qoruyun. Əslində dəhşətli stressli imiş bütün antistresslər...