“Şəhid adının əbədiləşdirilməsi üçün heç bir şərt qoyulmamalıdır” – ŞƏRH
    • 23-04-2021, 16:11
    • 416

“Şəhid adının əbədiləşdirilməsi üçün heç bir şərt qoyulmamalıdır” – ŞƏRH

"Qanunvericilikdə şəhid adının əbədiləşdirilməsi ilə bağlı tələblərə yenidən baxılmalıdır”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Əli Məsimli deyib. O bildirib ki, şəhid ailələrini ən çox narahat edən məsələ övladının adının əbədiləşdirilməsi ilə bağlıdır: “Elə kənd var ki, onun sadəcə, bir şəhidi var. Ancaq həmin şəhidin adı nə məktəbə, nə də küçələrə verilə bilir. Çünki qanunvericilikdə qoyulan tələblərlə bunu etmək olmur”.

Bundan əlavə, tanınmış jurnalist, şəhid oğlu Zaur Əhməd sosial media hesabında bu məsələyə toxunub: “Nazirlər Kabinetindən bir şəhid atasına rəsmi cavab verilib ki, oğlunun ən az iki medalı olmasa, onun adını əbədiləşdirilməsinə, hansısa küçəyə, məktəbə verilməsinə icazə verə bilmərik. Maraqlandım. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 3.1.2. bəndində belə bir məqam var: "Azərbaycanın Milli Qəhrəmanı olan, habelə vətən uğrunda döyüşlərə görə azı iki ordenlə təltif olunan şəhid adlarını küçələrə, meydanlara verirlər, təşkilatlara, müəssisələrə, hərbi və mülki gəmilərə verilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti qarşısında vəsatət qaldırırlar".

Jurnalist bu qərarın dəyişilməsinin tərəfdarı olduğunu bildirib.

Hərbi ekspert Ramil Məmmədli məsələni News24.az-a şərh edib: “Millətini, dövlətini, ölkəsini sevən, ona sadiq olan hər bir Azərbaycan vətəndaşı üçün bu, çox vacib məsələdir. Hesab edirəm ki, təltif məsələsi şəhid adının qarşısında önəmli deyil. Əsas məsələ həmin şəxsin hərbi əməliyyatlarda iştirak etməsi, vətən uğrunda canından keçməsidir. Hər bir insan üçün ən şirin məfhum onun canıdır. Canını, övladlarını, ailəsini düşünmədən torpağımız uğrunda şəhid olan şəxslərin adı heç bir şərt qoyulmadan əbədiləşdirilməlidir. Xüsusi təltifə, mükafata ehtiyac yoxdur. Parlament bu məsələyə yenidən baxmalı, qanunvericilik təhlil edilib, gözdən keçirilməlidir. Azərbaycan dövləti hər bir şəhidinin adının əbidləşdirilməsində maraqlıdır. Bu baxımdan şəhid adının əbədiləşdirilməsi məsələsi öz həllini tapmalıdır”.

Məhərrəm ƏLİYEV