Türkiyədən gəlmiş “Hədiyyə karvanı”nın heyəti Bakıda tanınmış iş adamı İlham Rəhimovla görüşdü - Fotolar
    • 31-05-2021, 18:56
    • 389

Türkiyədən gəlmiş “Hədiyyə karvanı”nın heyəti Bakıda tanınmış iş adamı İlham Rəhimovla görüşdü - Fotolar

Azərbaycanda səfərdə olan Türkiyənin nüfuzlu iş adamı, Uşaq Oyunları və İdman Klubları Federasiyasının başqanı Mehmet Mutlu, Türkiyə Ticarət Universiteti Öyrətim üzvü, professor Mustafa Ilıcalı və İstanbul Universiteti rektor yardımçısı, professor İlyas Topsakal Bakıdadırlar. Onlar paytaxtımızda yerləşən Şəhidlər Xiyabanını ziyarət ediblər, Qarabağ və cəmi şəhidlərimizin ruhuna dua oxuyublar. Daha sonra qonaqlar tanınmış iş adamı, professor İlham Rəhimovu ziyarət ediblər. Onlar Milli Məclisdə, millət vəkili, Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva ilə görüşüblər. 

News24.az xəbər verir ki, “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun da iştirak etdiyi görüşlərdə gündən-günə genişlənən Türkiyə-Azərbaycan əlaqələri, Qarabağ zəfəri, Türk dünyasının əməkdaşlıq perspektivlərindən bəhs olunub.

Mehmet Mutlunun təşəbbüsü ilə Türkiyədən yola çıxan, mayın 31-indən iyunun 20-dək Azərbaycanın 16 bölgəsini gəzəcək, şəhid və qazi ailələrinin uşaqlarını sevindirəcək “Hədiyyə karvanı”ndan danışılarkən bu xeyirxah addımla bağlı yüksək fikirlər ifadə olundu. M.Mutlu “adını “Hədiyyə karvanı” qoyduq, amma əslində adı sevgi karvanıdır”, söylədi. Q.Paşayeva isə “adın nə olmasının fərqi yoxdur, sizin niyyətiniz gözəldir. Uşaqların sevinməsindən gözəl nə ola bilər?”deyə, bildidi.

Q.Paşayeva M.Mutlunun xeyriyyəçi fəaliyyətini təqdir edərək, bildirdi ki, Mədəniyyət komitəsi olaraq sizin projelərinizin yanındayıq, çünki mədəniyyət adına projelərimizin artması vacibdir. “Türkiyə və Azərbaycan gerçəkdən “bir millət, iki dövlət”dir. Bu bölgədə Türkiyə və Azərbaycan nə qədər güclü olarsa, gələcək nəsillərimiz o qədər güclü olar”,- Q.Paşayeva əlavə etdi.

İstanbul Universiteti prorektoru, professor İlyas Topsakal Gəncə və İstanbul universitetlərinin qardaşlaşması ilə bağlı İstanbul Universitetinin rektorunun təşəbbüsünün olduğunu bildirdi. İlyas Topsakal Türkiyə və Azərbaycan ali təhsil ocaqları arasında əlaqələrin genişləndirilməsini zəruri saydı. Q.Paşayeva təşəbbüsü yüksək dəyərləndirdi və bu təşəbbüsün tezliklə reallaşmasından ötrü əlindən gələni edəcəyini bildirdi.

Görüşdə Qarabağda şəhid və qazi olmuş qəhrəmanların övladları ilə bağlı sevgi karvanlarının bundan sonra daha da genişləndiriləcəyi ifadə olundu. Səmimi atmosferdə keçən görüşün sonunda Q.Paşayeva görüş iştirakçılarına xatirə hədiyyələrini təqdim etdi.

Daha sonra qonaqlar Türkiyənin Azərbaycandakı səfirliyində oldular. Onları səfir Cahit Bağcı yüksək səmimiyyətlə qarşıladı. Cənab səfir Türkiyədən gələn heyətə Azərbaycan - Türkiyə qardaşlığı, görülən ortaq işlər, Qarabağın məskunlaşdırılması istiqamətində ortaq fəaliyyətlər haqqında məlumat verdi. Səmimi atmosferdə keçən söhbətdən sonra xatirə şəkilləri çəkildi.

Axşam saatlarında qonaqlar və "Yeni Müsavat" Media Qrupunun təmsilçiləri Tovuz rayonuna yola düşüblər. Məlumat verildiyi kimi, Türkiyənin iş adamı, prezident Ərdoğanın dayısı oğlu Mehmet Mutlunun "Yaşat" Fondu ilə bərabər Şəhid və Qazi ailələrinin uşaqlarını nəzərdə tutaraq həyata keçirtdiyi layihə sabah saat 12-də Tovuzda, "Asan Xidmət"in binasından start götürəcək.

Açılış törənində Türkiyədən gələn qonaqlardan başqa, Azərbaycan media təmsilçiləri, millət vəkilləri və ictimaiyyət nümayəndələri, Şəhid ailələri və Qazilər iştirak edəcəklər.