"Hədiyyə karvanı”  cənab Ərdoğanın salamı ilə Azərbaycana yola salınıb- TÜRKİYƏLİ NAZİR
    • 2-06-2021, 14:06
    • 348

"Hədiyyə karvanı” cənab Ərdoğanın salamı ilə Azərbaycana yola salınıb- TÜRKİYƏLİ NAZİR

 Xəbər verdiyimiz kimi, Türkiyə Uşaq Oyunları Federasiyasının başqanı, nüfuzlu iş adamı Mehmet Mutlu, Türkiyə Ticarət Universiteti Öyrətim üzvü, millət vəkili, professor Mustafa Ilıcalı və İstanbul Universiteti rektor yardımçısı, professor İlyas Topsakal Azərbaycandadır. Onlar iş adamı Mehmet Mutlunun təşəbbüsü ilə Türkiyədən Azərbaycana gələn "Hədiyyə karvanı" ilə Azərbaycanın müxtəlif rayonlarına səfər edirlər.

News24.az-ın Gədəbəyə ezam olunan əməkdaşının verdiyi məlumata görə, 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı azyaşlıları sevindirən  “Hədiyyə karvanı” hazırda adıçəkilən rayondadır. Səfər zamanı Gədəbəy rayon icra başçısı İbrahim Mustafayev marafonun təşkilatçıları ilə görüşüb. Onlara gözəl, xeyirxah missiyalarında uğurlar arzulayıb.

Daha sonra Gədəbəy rayonundan olan şəhid və qazi alilələrinin övladlarına hədiyyələr paylanılıb. 

Qeyd edək ki, dünən “Hədiyyə karvanı” Ağstafa rayonundan da keçib. Rayonda olarkən qonaqlar Heydər Əliyev parkında və rayon İcra Hakimiyyətində olublar.  Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovla  qonaqlara minnətdarlığını ifadə edib: "Belə gözəl bir gündə, belə nəcib layihə ilə Sizi rayonumuzda görmək hər bir ağstafalını çox xoşbəxt etdi. Bunun bizim üçün çox böyük mənəvi dəyəri var. İki millət arasında olan qardaşlıq münasibətləri, doğma Qarabağımızın azadlığı uğrunda apardığımız haqq savaşında düşmənlərimizin süqutunda müstəsna rol oynadı və bu birlik bütün dünyaya əbədi dərs oldu”.  

Daha sonra səfərin gedişatını yaxından izləyən Türkiyənin Ailə və Sosial Xidmətlər Naziri Derya Yanık videobağlantı ilə görüşə qatılaraq iştirakçılarla söhbət edib. O, şəhid övladlarına dəstəyi, onların yanında olmağı özlərinə borc bildiklərini dilə gətirib: "Biz bir millət, iki dövlətik. Qarabağ savaşında bunun bir daha əyani şahidi olduq. Şəhidlərimiz üçün birlikdə ağladıq, qələbə üçün birlikdə sevindik.  Şəhidlərimizin, qazilərimizin övladları Azərbaycanda da olsa özümüzə əmanət bilirik. Bir oyuncaqla da olsa onlara salam verdik, yanlarında olduğumuzu göstərmək istədik. Hədiyyə karvanı bizim, cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın salamı ilə Azərbaycana yola salınıb. Azərbaycanla birik və bundan sonra da sosial, iqtisadi və siyasi əlaqələrimiz daha da güclənəcək. Bu layihənin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürümü bildirirəm".

Müxbir: Məhərrəm ƏLİYEV
Foto: Hüseyn HƏSƏNOV