Türkiyədən gələn "Hədiyyə karvanı" Tovuzda - FOTOLAR
    • 1-06-2021, 15:23
    • 532

Türkiyədən gələn "Hədiyyə karvanı" Tovuzda - FOTOLAR

Türkiyə Uşaq Oyunları Federasiyasının başqanı, nüfuzlu iş adamı Mehmet Mutlu, Türkiyə Ticarət Universiteti Öyrətim üzvü, millət vəkili, professor Mustafa Ilıcalı və İstanbul Universiteti rektorunun yardımçısı, professor İlyas Topsakal Azərbaycanda səfərdədirlər.

News24.az -ın Tovuza ezam olunmuş əməkdaşlarının verdiyi məlumata görə, iş adamı Mehmet Mutlunun təşəbbüsü ilə Türkiyədən Azərbaycana gətirilən "Hədiyyə karvanı" bu gün Tovuzdan start götürüb.

Tədbiri açan Tovuz rayon icra hakimiyyətinin başçısı Məmməd Məmmədov Hədiyyə Marafonunun Azərbaycandan keçməsində xidməti olan hər kəsə -  Türkiyənin Uşaq oyunları Federasiyasına, Xarici İşlər Nazirliyinə, YAŞAT Fonduna təşəkkürlərini çatdırıb: "Bu marafonun Tovuzdan başlaması özü bir diqqət, bir qayğıdır. Buna görə belə bir xeyirxah işdə əməyi keçən hər kəsə təşəkkür edirəm. Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə qəhrəman oğullarımız qələbəyə nail olub. Bu qələbənin qazanılmasında biz tovuzluların, Tovuz qəhrəmanlarının da çox böyük əməyi olub. Bu gün torpaqlarımız üçün canından keçən şəhidlərimizə rəhmət diləyirəm. Onların ailələrinə, övladlarına can sağlığı arzu edirəm".

Daha sonra söz alan qonaqlar 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Azərbaycanda olmaları ilə bağlı təəssüratlarını bölüşüblər.

Türkiyə Uşaq Oyunları Federasiyasının başqanı, nüfuzlu iş adamı Mehmet Mutlu Türkiyə Respublikasının prezidenti Rəcəb Tayib Ərdoğanın və Türkiyə xalqının salamlarını tədbir iştirakçılarına çatdıraraq marafona qatılan uşaqları təbrik edib: "Belə bir anlamlı gündə bir arada olmaq çox gözəldir, fəqət savaş yaralarını sarmaq üçün deyil, xoşbəxtliklərimizi paylaşmaq üçün bir arada ola bilsəydik, daha gözəl olardı. Ümid edirəm, bundan sonrakı görüşlərimiz belə olacaq. Biz eyni köklərdən gələn iki millət, tək dövlətik.
Hamımız bilirik ki, Azərbaycan Ermənistanın işğalı altında olan torpaqları azad etmək üçün böyük bir mücadilə verib. Qardaşlarımız işğal altındakı torpaqları geri alıb. Bu müharibədə rəsmi qaynaqlara görə, 2881 vətən övladını şəhid verib. Onların məkanları cənnət olsun. Vətən uğrunda savaşıb canını fəada edənlər, ölmür, hər zaman yaddaşlarda yaşayırlar”.

Türkiyə və Azərbaycanda yaşayan uşaqları, şəhid balalarını bayram münasibəti ilə təbrik edən İstanbul Universitetinin rektor yardımçısı, professor İlyas Topsakal bu özəl gündə ölkəmizdə olmaqdan, xeyriyyə karvanının Azərbaycandan keçməsindən məmnunluq duyduğunu bildirib: “Dünyadakı bütün uşaqlara, türk balalarına ən gözəl gələcək təmənna edirəm. Onlar hər zaman var olsunlar, yaşasınlar, dünyamızı gözəlləşdirsinlər. Türkiyə bu marafonu ilə 30 ildir türk uşaqlarına xidmət edir. Amma bu dəfə Azərbaycan bu işdə bir körpü oldu. Bu mənada Azərbaycan hər zaman bizə lojistik dəstək verən ən önəmli ölkədir. Azərbaycan türkləri var olsun. Azərbaycan dövləti sonsuzadək yaşasın”.

Xeyriyyə marafonunun baş tutmasında dəstəyi olan hər kəsə təşəkkür edən Topsakal, Türkiyə Cümhuriyyətinin, dövlət görəvlilərinin bu xeyirxah işə böyük etimad göstərdiyini də qeyd edib: "Bu xeyirxah işin baş tutmasına yardımçı olan, zəhməti keçən hər kəsə təşəkkür edirəm. Arzu edirəm hocalar, Türk dünyasının düşünənləri, müəllimlər uşaqlarımıza zəkalı gələcək versinlər, türkü haqq etdiyi yerə gətirsinlər. Çünki dünyanı türklər yönəldəcəksə, onun hüzuru var. Əks halda dünyanın huzuru yoxdur. Bunun örnəyi çoxdur. Var olsun Türk dünyası, var olsun türklərin gələcəyi, var olsun Türkiyə, var olsun can Azərbaycan!”

II Qarabağ müharibəsi zamanı öz canından, qanından keçən bütün şəhid qardaşlarımıza Allahdan rəhmət, qazilərə isə şəfa arzulayan tədbirin daha bir iştirakçısı, Türkiyənin Gəncədəki Baş konsulu Zəki Öztürk də hədiyyə karvanının Azərbaycandan keçməsindən məmnunluğunu ifadə edib: “İndiyədək hədiyyə karvanımız Türkiyədə bir çox uşaqlarımızla görüşüb. İndi isə burda, qardaş ölkə Azərbaycanımızın balalarını sevindirmək üçün bir araya gəldik. Yolumuza Tovuzdan başladıq. Digər şəhər və rayonlara da karvanımız yollanacaq. Bu cür aksiyalar həm çox təqdirəlayiqdir, həm də qürurvericidir. Bu vəsilə ilə şəhidlərimizin, qazilərimizin də uşaqlarını sevindirmiş oluruq. Çünki onlar bizim üçün öz canlarından keçib, Qarabağımızı bizə geri qaytarıblar. Torpaq uğrunda ölən varsa, Vətəndir. Biz "bir millət, iki dövlət" olaraq hər zaman çiyin-çiyinə olmuşuq. Bu gün də qardaşlığımızı, gücümüzü Azərbaycan uşaqları üçün birləşdirdik".

Daha sonra YAŞAT Fondunun rəhbəri Elvin Hüseynov da təəssüratlarını bölüşdü: "Bilirsiniz ki, 27 sentyabrdan etibarən Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə müzəffər bir yürüşə çıxdı və bu yürüş 44 gündən sonra bizi qələbəyə qovuşdurdu. 30 ilə yaxın davam edən problemimiz ən qısa müddətdə həll olundu. Azərbaycan öz ərazi bütövlüyünə qovuşdu. Bunun əsas səbəbkarlarından biri şəhidlərimiz və qazilərimizdir. Azərbaycanın Dövlət Himnində belə bir söz var: "Ey qəhrəman övladın şanlı Vətəni!". Əgər vətənimizə şanlı deyiriksə, bunu qəhrəman övladlarımıza borcluyuq. Həmin qəhrəmanların uşaqları burdadır. Bu gün əgər Azərbaycanın üç rəngli, ay-ulduzlu bayrağı Qarabağda dalğalanırsa, bu, məhz sizin atalarınızın qəhrəmanlığı sayəsində olub. O insanlar ölümün üzərinə getdilər. Himnimizdən bir misranı da qeyd etmək istəyirəm. Orda qeyd olunub ki, "Hüququndan keçən əsgər". Məhz o qəhrəmanlarımız öz yaşam hüququndan keçib. Ona görə də demək istəyirəm ki, əziz balalarımız, məhz sizin atalarınız sayəsində biz sabahımızı bütöv Azərbaycanla açırıq, başımız dikdir. Biz sizlər üçün nə etsək də, azdır. Sizin timsalınızda bütün türk dünyasının şəhid və qazi övladlarının bayramını təbrik edirəm. Bu gün sizin gününüzdür".

"Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu da öz növbəsində “Xeyriyyə Karvanı”nın təşəbbüskarlarına öz minnətdarlığını çatdırıb: "Bu, çox böyük layihədir. Qardaş Türkiyəmizə bir daha təşəkkür edirəm. Çünki Türkiyə daim yanımızda oldu, bizi dəstəklədi. Nə yaxşı ki, Azərbaycan və Türkiyə var. Bu gün şəhid balalarımızın yaralarını sarmaq üçün bir araya gəldik. Allah bu torpaq uğrunda şəhid olmuş general Polad Həşimov başda olmaqla bütün şəhidlərimizə rəhmət etsin. Hər şeyə görə onlara borcluyuq".

“Bu günün əsas qəhrəmanları şəhadəti şərəf sayan valideynlərin övladlarıdır. Mən onları təbrik edirəm. Çünki bu torpaq, bu Vətən, bu el, gələcək genefondu qorumaq üçün onların  valideynləri canından keçməyi şərəf sayıb”.

Bu sözləri isə millət vəkili Arzu Nağıyev deyib. O, gözəl təşəbbüsü həyata keçirdiyi üçün Türkiyədən gələn müsafirlərə dərin təşəkkürlərini çatdırıb: “Tovuz eli dağ oğuzlarıdır. Eyni zamanda bu rayon Ermənistanla 69 kliometr sərhəddə yerləşir. Təsəvvür edin, 1988-ci ilin yanvar ayından bu millət qəhrəmanlıq salnaməsi yazıb. Böyük Zəfər  salnaməsində də əldə olunan qələbələr Tovuzdan başlayıb. Qaraqayadan başlayan mübarizə Qarabağda Qələbə ilə bitib. Bu qələbə Ali Baş Komandan, Müzəffər ordu və bayaq dediyim kimi, şəhadəti şərəf sayan Azərbaycan xalqının böyük qələbəsidir. Eyni zamanda bu şərəfli Qələbəni qazanma mücadiləsində bizim yanımızda Türkiyə Cümhuriyyəti olub. Cənab Rəcəb Tayib Ərdoğanla cənab İlham Əliyevin dostluğu, qardaşlığı olub. Biz bu dostluq, bu birgəlik üçün hər zaman qardaş ölkəmizə minnnətdarıq”.

Qeyd edək ki, "Hədiyyə karvanı" Azərbaycanın 16 bölgəsindən keçəcək.

Müxbir: Məhərrəm ƏLİYEV
Foto:  Hüseyn HƏSƏNOV

Bakı-Tovuz