"Fəxr edirəm ki, üç nəvəm hərbçidir" - Mənzil alan şəhid valideynlərinin təəssüratları - FOTO
    • 4-06-2021, 15:56
    • 405

"Fəxr edirəm ki, üç nəvəm hərbçidir" - Mənzil alan şəhid valideynlərinin təəssüratları - FOTO

Prezident İlham Əliyevin müvafiq Sərəncamının icrası olaraq, cari ildə şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə 3 minədək mənzil və fərdi ev verilməsi nəzərdə tutulub ki, onlardan artıq 500-ü təqdim edilib.

News24.az-ın məlumatına görə, bu fikir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Ramana qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması tədbirində bildirilib.

Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədr müavini Zaur İbrahimov Sərəncama əsasən, yaxın beş ildə bu kateqoriyadan olan 11 min vətəndaş mənzil və fərdi evlə təmin olunacağını vurğulayıb. O qeyd edib ki, bu gün təqdim edilən mənzillər də daxil olmaqla ümumilikdə indiyədək şəhid ailələrinə, müharibə əlilləri və onlara bərabər tutulan şəxslərə 9700 mənzil və fərdi ev verilib.


“Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu”nun prezidenti Rauf Zeyni və “Vətənpərvərliyin Təbliğinə Dəstək İctimai Birliyi”nin sədri Şəmistan Əlizamanlı postmüharibə dövründə şəhid ailələri və qazilərlə bağlı geniş miqyas alan sosial dəstək tədbirlərindən bəhs ediblər. Ölkədə həssas əhali qruplarına dövlət qayğısının əyani təzahürü olan bu tədbirlərin ictimaiyyət tərəfindən də rəğbətlə qarşılandığı diqqətə çatdırılıb.
Mənzillərlə təmin olunan vətəndaşlar göstərilən yüksək qayğıya və mənzillə təmin edildiklərinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Şəhid və qazi ailələri təəssüratlarını News24.az-a bölüşüb.


Şəhidimiz Əhmədov Natiqin atası Ə.Namiq övladının Hadrut döyüşlərində şəhid olduğunu bildirib: “Şuşa şəhərciyində üçotaqlı mənzillə təmin olunduq. Var olsun dövlətimiz ki, bizləri unutmadı, qayğımıza qaldı. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin”.


Qazi babası olan Məmmədov Etibar nəvələri ilə qürur duyduğunu bildirib: “Mən fəxr edirəm ki, üç nəvəm də hərbçidir: “44 günlük Vətən Müharibəsində qazandığımız qalibiyyət bizə işıq oldu. Artıq yolumuz aydınlıqdır”.


Şəhidimiz Eyyubov Nofəlin həyat yoldaşı üçotaqlı mənzillə təmin olduqlarını və nəfərləri ilə birgə həyatına davam edəcəyini dilə gətirdi: “Hörmətli prezidentimiz və xanımına təşəkkür edirəm ki, şəhid və qazi ailələrinə diqqət ayırır”. 


Şəhadət zirvəsinə ucalan igidlərimizdən biri olan xüsusi təyinatlı Novruzov Rəşadın anası İlahə Rəşad övladının Füzuli, Qubadlı, Zəngilan, Laçın və son olaraq Şuşa döyüşlərində şücaət göstərdiyini, elə Şuşada da şəhid olduğunu qeyd etdi: “Oğlumla qürur duyuram. Nə yaxşı ki, onun anasıyam”. 

Şəhidimizin anası övladına həsr etdiyi şeiri bizimlə bölüşdü: 

“Ana, mən gedirəm əsgər olam,
Səngərlərdə möhkəm olam. 
Qoruyacam millətimi, dövlətimi, 
Şəhid olacam mən Şuşada.
Bunu deyərsiniz, həm atama, həm anama.
Şəhid oldu oğlun Rəşad, 
Anam, nə olar, sən ağlama.
Məkanım cənnətdir mənim. 
Ruhum hər an köməkçidir,
Həm atama, həm anama. 
Görüşərik inşallah, ağamızın zühurunda”.

MÜXBİR: Məhərrəm Əliyev
FOTO: Fərid Şabanov