Azərbaycan jurnalistlərindən SƏRT REAKSİYA:
    • 4-06-2021, 20:46
    • 525

Azərbaycan jurnalistlərindən SƏRT REAKSİYA: "Beynəlxalq təşkilatlar və dünya KOR OLUB"

Bu gün Kəlbəcər rayonunda peşə fəaliyyətini yerinə yetirərkən minaya düşərək şəhid olan media işçilərinin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.

News24.az xəbər verir ki, mərasim Şəhidlər xiyabanı ilə Azərbaycan Televiziyasının (AzTV) yaxınlığında baş tutub.


Mərasimdə mətbuat nümayəndələri, ölkənin tanınmış şəxsləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasim iştirakçıları şəhid olan media işçilərinin vəfatı ilə əlaqədar qoyulmuş xatirə guşəsinin qarşısına gül dəstələri düzüblər.

“Real” televiziyasının direktoru Mirşahin Ağayev hadisənin kədərini belə ifadə edib: “Mən Azərbaycan xalqına, vətəndaşlarımıza qardaşlarını itirmiş bir jurnalist olaraq başsağlığı verirəm. Bu situasiyada adam bilmir ki, özünü necə aparsın. Çünki mən çoxdandır ki, Qarabağ müharibəsində həmkar itirmirdim. Allah bütün şəhidlərimizə rəhmət eləsin”. 

“Xəzər TV”nin baş direktoru Murad Dadaşov qeyd edib ki, Ermənistan mübarizəni hələ də davam etdirir: “Bu hadisə dünya media ictimaiyyəti tərəfindən qiymətləndirilməlidir. Hər kəsi məlumatlandırmalıyıq”. 

Jurnalist Tural Müseyibov bildirib ki, Ermənistan ümumbəşəri insanlığa qarşı cinayət törədir: “Onlar üçün vəzifəsindən asılı olmayaraq, kimin həlak olmasının fərqi yoxdur. Məqsəd problem yaratmaq və öz xislətini göstərməkdir. Bu, onların xislətində və qanında var. İnanıram ki, dünya ictimaiyyətinin bu məsələyə kəskin reaksiyası olacaq”. 

APA TV-in direktoru Cavid İsmayıl beynəlxalq təşkilatların bu məsələyə münasibətini maraqla gözlədiyini bildirib: “Həmkarlarımızın övladları atasız qaldı. Günahsız jurnalistlər niyə terrora qurban getməlidir?...”

Radio-aparıcı Əzizə İsmayılova məsələyə sərt reaksiya verib: “Bizim başımıza nəsə gələndə, dünya niyəsə kor olur. Onlar heç nəyi görmək, eşitmək istəmirlər. Sülh şəraitində vətəndaşlarımız niyə şəhid olmalıdır? Sülhü qazandığımız halda öz ərazimizi minadan təmizləyə bilmirik. Düşmən ölkə xəritəni vermək istəmir. Digər dövlətlər, təşkilatlar Ermənistandan niyə soruşmur ki, “siz nəyə nail olmaq istəyirsiniz?”

Qeyd edək ki, iyunun 4-də saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “Kamaz” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində 3 nəfər – Sirac Abışov (Az TV telekanalının operatoru), Məhərrəm İbrahimov (Azərtac xəbər agentliyinin əməkdaşı), Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olub, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdirilib.

Müxbir: Məhərrəm Əliyev
Foto/Video: Fərid Şabanov