Azərbaycanlı tələbələr "od püskürdü": “Bu qərar HAQSIZLIQDIR”
    • 7-06-2021, 15:12
    • 1 005

Azərbaycanlı tələbələr "od püskürdü": “Bu qərar HAQSIZLIQDIR”

Magistraturaya qəbul olmaq istəyən tələbələr ciddi narazılıqlarını bildirirlər. Redaksiyamıza daxil olan şikayətlərdə tələbələr magistratura imtahanlarında hər fənn üzrə minimal keçid ballarının ləğv olunmasını istəyirlər. Şikayətin məğzi isə bundan ibarətdir ki, əgər tələbə müvafiq ixtisas üçün lazım olan balı yığıb əvəzində isə minimal fənn üzrə bir balla kəsilirsə, bu, doğru deyil. 

Saytımıza daxil olan anonim şikayətlərdən birini təqdim edirik: “Məsələn, imtahanda qısa vaxtı nəzərə alsaq, humanitar ixtisasda oxuyan tələbənin çətin riyazi tipli sualları həll etməyə vaxtı gedir, eləcə də, iqtisadiyyat yönlü tələbə xarici dildən ona verilən test tapşırığını humanitar yöndə oxuyan tələbə kimi sürətli həll etməkdə çətinlik çəkir. Çünki xarici dil müəllimliyini oxuyan tələbə təbii ki, bu testi iqtisadiyyat və bu kimi sahədə təhsil alan tələbədən tez həll edəcək. DİM və Təhsil Nazirliyi bu kimi məsələyə göz yummamalı və fənnlər üzrə minimal keçid balını ödəməyən tələbələrin kəsilməsinə imkan verməməlidir. Çünki hər kəs öz sahəsinin mütəxəssisidir”.


Biz isə öz növbəmizdə News24.az olaraq tələbələrin şikayətini araşdırıb, ekspert rəyi öyrənməyə qərar verdik. 


Təhsil eksperti Kamran Əsədov məsələyə belə yanaşıb: “Bu il magistraturaya qəbul imtahanlarında iştirak edənlərin sayı əvvəlki illərə nisbətən daha çox idi. Ancaq buna baxmayaraq, müəyyən qədər bakalavrlar var idi ki, onlar təqdim edilən test tapşırıqlarının hamısına doğru cavab verə bilmədilər. Magistratura pilləsi əsasən, ixtisaslı kadrların seçilməsi üçün nəzərdə tutulub, ancaq təəssüf ki, Azərbaycanda artıq ikinci ildir ki, magistratura pilləsinə keçirilən imtahanlarda ixtisas bilikləri yox, imtahan iştirakçılarının məntiqi riyazi düşünmə təfəkkürü, xarici dil bilmə və informatika bilikləri yoxlanılır. İxtisas bilikləri isə yoxlanılmır. Bu test tapşırıqlarına daha çox texniki və təbiət fənnlərindən təhsil alan bakalavrlar daha yaxşı cavab verirlər. Humanitar sahədə oxuyanlar isə bu test tapşırıqlarına zəif cavab verirlər. Biz görürük ki, hazırda DİM Nazirlər Kabineti ilə razılaşdırılmaqla müəyyən proqramlar üzrə keçid ballarını 30, 40, 45 və 50 olaraq müəyyənləşdirilib. Bununla belə müəyyən bakalavrlar var ki, DİM tərəfindən fevral və may ayında keçirilən imtahanlarda iştirak ediblər, amma hər hansısa bir-iki fənndən tələb olunan minimum balı toplaya bilməyiblər. Nəzərə alsaq ki, bakalavrların müəyyən bir qismi tələb olunan ümumi keçid balını toplayıb, amma fənnlər üzrə nisbi bal məhdudiyyətini toplamayıb, bu, müəyyən qədər həmin şəxslərin təhsilin əlçatanlığına ciddi şəkildə maneə olur”.

Ekspert vurğulayıb ki, burada ikili yanaşma tərzi var: “Hər hansısa bir bakalavr müsabiqə şərtini ödəyib, 50 bal toplayıbsa, digər bir bakalavr isə məntiq, xarici dil, informatika fənnlərinin bir, yaxud ikisindən nisbi bal məhdudiyyətini toplaya bilməyib, 70-60 bal toplayıbsa, burada seçim çətindir. Çünki ədalətli yanaşma olmalıdır. Fikrimcə, keçid balı ilə bağlı minimum tələblər aradan qaldırılmalıdır. Bu addım rəqabəti daha da artıracaq. Düzdür, gələcəkdə bakalavrlarda müəyyən qədər rahatlıq yarada bilər. Ancaq buna baxmayaraq qəbul prosesi toplanan balla həyata keçirilir. Kimsə tarix və ya hüquqa gedirsə, ona məntiqdən, detallı bilik lazım deyil. Ümumi bilik lazım ola bilər. Həmin şəxs isə bunu öz kariyerasında mütləq ki, öyrənəcək. Zənnimcə, bu il plan yerləri tam dolmayacaq. Plan yerlərinin tam şəkidlə dolması üçün bu məsələdə bakalavrların nisbi bal məhdudiyyəti aradan qaldırılmalıdır. Nisbi bal məhdudiyyətini aradan qaldırmaqla həm təhsilin əlçatanlığını təmin edəcəyik, həm gənclərin elmə yönəlməsinə sədd olan maneələri aradan qaldıracağıq, həm də ali təhsil müəssisələrində plan yerləri dolduracağıq”. 

Təhsil eksperti Qoşqar Məhərrəmovun fikrincə, magistraturaya müraciətin forması dəyişməlidir: “Ümumiyyətlə, dünya praktikasında magistraturaya müraciətin forması uzun müddətdir ki, dəyişib. Azərbaycanda da bu yöndə dəyişikliyə ehtiyac var. Dünyanın əksər ölkələrində magistratura imtahanında ixtisasla əlaqədar olaraq bir sual soruşmurlar. Magistratura imtahanında insanların riyazi təfəkkürü və oxuduğunu anlama qabiliyyəti yoxlanılır. Bunun ardından isə müsahibə mərhələsi gəlir. Burada universitet öz tələbəsini seçir. Magistratura və ya doktorantura akademik bir mərhələ sayılır və bu mərhələdə tələbələr elmi rəhbərləri ilə tədqiqatlar aparır, məqalələr yazırlar. Bu məqamda elmi rəhbərin öz tələbəsini seçmək kimi bir azadlığı olmalıdır. Ona görə də hesab edirəm ki, Azərbaycanda da bir sistem dəyişikliyinə ehtiyac var. Bu dəyişiklik isə mütləq formada akademik azadlıqla bağlı olmalıdır. Beləliklə, həmin ixtisaslarda daha şüurlu, uyğun, layiqli namizədlər oxuyacaq”. 

Ekspert bildirib ki, məhdudiyyətləri aradan qaldırmaq lazımdır. İxtisasla əlaqədar sual soruşmağa ehtiyac yoxdur. Onsuz da bu insan öz ixtisasını bitirib. Müstəqil bir qurumun onu yoxlamasınaa ehtiyac yoxdur. Azərbaycan, ingilis dili və ya riyazi məntiqlə bağlı suallardan ümumi balı toplayan şəxs universitetlərə müraciət etməlidir. Universitetlər şəffaf bir şəkildə müsahibə edib, o insanları bəyənirsə, özünə tələbə kimi götürməlidir. Universitetlərə güvənməsək, onlardan müsbət nəticə gözləmək absurd olar. Onlara güvənməyimizin qarşısına çıxan maneələri aradan qaldırmalıyıq. Əks halda tələbələr narahatlıq və ya şikayətlərində haqlıdır”.